Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Hüquqşünas: 'Siyavuş Novruzovun çıxışı çox yerindədir'


YAP icra katibinin müavini Siyavuş Novruzov

“Hal-hazırda vətəndaş cəmiyyəti institutları, partiyalar adları ilə mövcuddur sadəcə. Hər hansı fəaliyyət yoxdur. İndi hətta bunu da çox görürlərsə, bu o deməkdir ki, çoxpartiyalı sistem görüntüdə mövcud olsa belə, ondan imtina etmək istəyirlər. İkincisi də, ‘vətəndaş cəmiyyəti institutları lazım deyil’ qənaəti yaranır”.

Hüquqşünas Ələsgər Məmmədli Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun iyunun 13-də parlamentdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Buna da bax:​ 'Bu qərar Rusiya-Azərbaycan münasibətlərinə artıq xələl gətirdi...'

Deputatın fikrincə, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır. O, hətta “qanunlarda bəzi məsələlər sərtləşdirilməlidir” deyə bildirib. Xəbəri APA informasiya agentliyi yayıb.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosu-na müsahibəsində bu deyilənlərlə bağlı fikirlərini bölüşüb:

– Birincisi, “partiyaların və QHT-lərin maliyyələşməsinə yenidən baxılmalıdır” fikri düzgündür. Çünki doğrudan da, həmin qanunlar funksiyaların icrası üçün heç bir şərait yaratmır. Vətəndaş cəmiyyəti institutlarının normal işləməsi, siyasi partiyaların da vətəndaş cəmiyyəti institutları kimi mövcud olması, fəaliyyət göstərə bilməsi üçün o qanunlara yenidən baxılmalıdır. Bu zaman Avropa Konvensiyasının 11-ci maddəsi, yəni assosiasiya azadlığı, birləşmə azadlığı əsas götürülməlidir. Bu baxımdan, Siyavuş Novruzovun çıxışı çox yerindədir, o qanunlar işə yaramır. Amma məsələyə hansı aspektdən yanaşılması var. Sözügedən qanunlara yenidən baxılması, onlarda yeni məhdudlaşdırmalar aparılması ölmüş birinin yenidən öldürülməsi deməkdir.

Buna da bax:​ Deputat: 'Rusiyanın mənafeyinə zidd heç nə etməmişik'

– Yəni siz, hüquqşünas olaraq, QHT-lər və partiyalar haqda qanunların onsuz da yetərincə məhdudlaşdırıldığını hesab edirsiniz?

– Hal-hazırda vətəndaş cəmiyyəti institutları, partiyalar adları ilə mövcuddur sadəcə. Hər hansı fəaliyyət yoxdur. İndi hətta bunu da çox görürlərsə, bu o deməkdir ki, çoxpartiyalı sistem görüntüdə mövcud olsa belə, ondan imtina etmək istəyirlər. İkincisi də, ‘vətəndaş cəmiyyəti institutları lazım deyil’ qənaəti yaranır. Bu baxımdan, həmin çıxışdakı fikirləri hüquqi yanaşma hesab etmirəm, həmçinin də demokratik cəmiyyət üçün zəruri yanaşma saymıram. Təbii ki, Siyavuş Novruzov parlamentdə səsləndirdiyi fikirlərə görə məsuliyyət daşımadığını yaxşı bilir və buna görə də hər şey deyə bilir. Amma doğrudan da, söhbət cəmiyyətdəki problemi çözməkdən, problemləri yaradan səbəbləri aradan qaldırmaqdan gedirsə, bu, ancaq və ancaq vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini qurmaq üçün uyğun hüquqi mühitin formalaşması və o cümlədən, partiyalarla bağlı siyasi fəaliyyət sferasının genişləndirilməsi yoluyla mümkündür. Bu yol açılmadığı müddətcə Azərbaycanda problemlərin həllini tapacağını düşünə bilmərik.

– Ələsgər bəy, o zaman bu, siyasi çıxışdır, yoxsa hələ də sözügedən qanunların məhdudlaşdırılması üçün imkan var və parlament buna yaxın zamanda qayıda bilər?

– Düşünürəm ki, siyasi çıxışdır. Çünki parlamentdə çıxış edərkən deputatlar bəzən hökumətə daha yaxın görünmək məqsədilə və ya hansısa qrupun mənafeyinə uyğun marginal çıxışlar edirlər. Bu çıxış da marginal çıxışdır. Düşünmürəm ki, realist çıxışdır. Bu, marginal çıxışdır, hakimiyyətin hansısa mənfi addımlarına bəraət qazandırmaq cəhdlərindən başqa bir şey deyil.

Buna da bax:​ Rektor: ‘Siyavuş Novruzovun ironiyasını başa düşürəm’

– Yeri gəlmişkən, bu, son həbslərlə bağlı ola bilərmi? Çünki Siyavuş Novruzov çıxışında AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə də toxunub, deyib ki, partiyalardan birinin sədr müavini 41 dəfə bir ölkəyə səfər edib, “oradan pul çıxarıb gətirməsi, təbii ki, sağlam məqsədə xidmət etmir”.

– Birincisi, Azərbaycan qanunvericiliyinə və Konstitusiyaya görə, insanların neçə dəfə xaricə gedib gəlməsini və ya ölkədən gündə, günaşırı və ya hər həftə çıxmasını məhdudlaşdıran norma yoxdur. Bunu hüquq pozuntusu kimi təsbit etmək özü, ümumiyyətlə, hüquq anlayışından uzaq olmaqdır. İnsanın qonşu ölkədə qohumluq əlaqələri ola bilər, bəzən müalicəyə, bəzən sırf alış-veriş üçün gedə bilər, Azərbaycanda daha ucuz olsun deyə, günorta yeməyini sərhədi keçib o üzdə yeyənlər var. Ona görə bu səfərləri siyasi məqsədlərlə əlaqələndirmək özü gülüncüdür. İkincisi də, xaricdə kiminsə bank hesabının olması da qanunazidd deyil. Həmin ölkənin qanunlarına uyğun şəkildə bank hesabı açmaqda anormal heç nə yoxdur. Bu cür yanaşma özü qanundan uzaq olmaqdır, bu deyilən arqumentlərin heç biri kimisə günahlandırmağa əsas vermir. Təkrar edirəm, xaricdə hər kəsin hesabı ola bilər. İstənilən hökumət üzvünün adını yazsaq, xaricdə hesabını çıxara bilərik, ofşorlarda olan hesablar da və s. Bu baxımdan, düşünmürəm ki, vətəndaş cəmiyyəti fəalları və ya siyasi partiya təmsilçilərinin xarici ölkəyə getməsi və ya onlayn ödəmə üçün banka 50 dollar qoyub hesab açması hüquq pozuntusudur. Belə şey yoxdur. Bunu gündəmə gətirməklə siyasi təfəkkürlərinin və hüquq anlayışlarının dairəsini göstərmiş olurlar.

Buna da bax: 'Gürcüstan mafiya dövlətinə çevrilib...' [video]

Bugünlərdə baş prokuror Zakir Qaralov da “həm QHT-lər, həm də siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər” demişdi. “Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericiliyi təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də, digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər” söyləmişdi.

O bildirib ki, bu halların qarşısı alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG