Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:25

'Öndərin simasına kölgənin düşməsi də qanunsuzdur'


Şimali Koreyanın banisi Kim Il-sung və mərhum lider Kim Jong-il-in Pxenyanda heykəlləri
Şimali Koreyanın banisi Kim Il-sung və mərhum lider Kim Jong-il-in Pxenyanda heykəlləri

2016-cı ilin yanvarında Şimali Koreyaya səfər edən 21 yaşlı amerikalı tələbə Otto Warmbier guya qaldığı otel otağında üzərində ölkənin keçmiş lideri Kim Jong-il-in portreti olan təbliğat plakatını qopardığına görə həbs edilmişdi. Bu «cinayət»ə görə onu 15 illik həbs cəzasına məhkum etmişdilər. Tələbə həbsdə 17 aydan bir qədər çox vaxt keçirib. Bundan sonra o, naməlum səbəbdən komaya düşüb. Həbsdən buraxılandan cəmi bir həftə sonra - iyunun 19-da isə özünə gəlmədən ABŞ-da xəstəxanada dünyasını dəyişib.

Rusiyalı kinorejissor Vitaly Mansky özünün «Günəş şüaları içində» adlı sənədli filmini çəkərkən bir ilə yaxın Şimali Koreyada olub. Rejissor əmindir ki, 21 yaşlı amerikalıya bu qədər sərt cəza vermiş Şimali Koreya hökuməti cinayətin ağırlığını dəyərləndirərkən tamamilə səmimi olub. Belə ki, yerli qaydalara görə, o, həqiqətən də müqəddəs bir şeyi oğurlamağa cəhd edib.

«ONU NECƏ OĞURLAMAQ OLARDI...»

CurrentTime.TV-yə müsahibə verən V.Mansky Şimali Koreyaya səfər edən şəxsin qətiyyən etməməli olduğu şeylərdən danışıb:

«Nəyisə oğurlamaq yetərincə çətindir. Xüsusən də söhbət təbliğat materialından, üzərində öndərin portreti olan plakatdan gedirsə. Onlar bu təsvirlərin üzərində xüsusi həssaslıqla əsirlər. Onu necə oğurlamaq olardı, təsəvvür edə bilmirəm.

Şimali Koreyada necə film çəkmək olar: orada hər yerdə üzərində sonu görünməyən yazılar olan çox uzun şüarlar var. Şüar kadra tam girməsə, həmin ərazidə şəhərin mənzərəsini və ya hər hansı bir səhnəni çəkmək olmaz. Kadrda şüarın fraqmenti ola bilməz! Bu mənada o, əlbəttə ki, o qədər də ağıllı olmayan hərəkət edib».

Rejissorun sözlərinə görə, şimali koreyalının baxış bucağından baxanda, amerikalı tələbə həqiqətən də dəhşətli adamdır.

ÖNDƏRİN SİMASIYLA BAĞLI GÜLLƏR

Bəs şimali koreyalıların həyatı barədə o qədər də bilgili olmayan adi bir adamın, məsələn, turistin bu ölkədə edə biləcəyi hansı hərəkətlər eyni reaksiyaya səbəb ola bilərdi?

«Onların öndərlərinə hörmətsizlik kimi qəbul edilə biləcək hər hansı hərəkət ən mənfi reaksiyaya səbəb olacaq. İş həbsə və s. qədər gedib çıxa bilər», – V.Mansky deyir.

Rejissorun dediyinə görə, özü də bu, hansısa xüsusi xidmət orqanlarının işi deyil, istənilən yerli adam bu emosiyaları yaşaya bilər.

«Özü də bu, təkcə öndərin simasıyla bağlı deyil. Onlarda iki çiçək var. Bu çiçəklərin təsviri öndərin simasına bərabər tutulur. Hesab edilir ki, bu çiçəklər öndərlərin şərəfinə yetişdirilib, yaxud da onları öndərlər yetişdirib – dəqiq xatırlamıram», – rejissor deyir.

Həqiqətən də, Şimali Koreyada Kimçeniriya və Kimirseniya adlı iki çiçək öndərlərin şərəfinə yetişdirilib və onların simasını tərənnüm edir.

FOTO, YA VİDEODA DA ÜZƏRİNƏ KÖLGƏ DÜŞMƏMƏLİDİR

«O plakatları divardan çıxarmaq mənim heç ağlıma da gəlməyib. Onlara görə bu, əsl ağılsızlıqdır. Ancaq hətta bu plakatları foto və ya videoya çəkəndə belə, onların üzərinə kölgə düşməməlidir. Çünki bu, öndərin simasına düşən kölgə deməkdir. Bu, qeyri-təbii və qeyri-qanunidir», – deyə V.Mansky izah edir.

Rejissorun sözlərinə görə, Şimali Koreyada hər hansı bir «turizm Məkkəsi»ndən söhbət gedə bilməz. Bu ölkədə son dərəcə az turist gözə dəyir:

«Bu turistlər də əsl turistlər deyil. Bu, ora nə üçün getdiklərini dəqiq anlayan insanlardır. Bu ölkəyə daxil olmaq çox çətindir. Heç bir xidmət yoxdur. Çox böyük xərc tələb olunur. Hətta Şimali Koreyanın iki əsas xarici siyasi tərəfdaşından biri sayılan Rusiya ildə cəmi 500 KXDR vizası alır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG