Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:53

Şirin Ebadinin müavini 16 il həbs cəzası aldı


İran hüquq müdafiəçisi, Narges Mohammadi Evin həbsxanasının qabağında
İran hüquq müdafiəçisi, Narges Mohammadi Evin həbsxanasının qabağında

-

ŞİRİN EBADİNİN SƏDR MÜAVİNİ

İranın fəal hüquq müdafiəçilərindən biri ümumilikdə 16 il həbs cəzasına məhkum edilib. O ölkədə ölüm hökmünün ləğvi uğrunda aparılan kampaniya da daxil olmaqla bir sıra başqa ittihamlarla mühakimə olunurdu.

Söhbət Nobel mükafatı laureatı Şirin Ebadinin həmtəsisçisi olduğu İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin (İHMM) sədr müavini Narges Mohammadidən gedir.

İlk dəfə Mohammadi 2010-cu ilin iyununda həbs edilib. O zaman hüquq müdafiəçisi təkadamlıq həbsxana kamerasında ağır xəstələndiyi üçün şərti olaraq azadlığa buraxılıb.

2011-ci ilin oktyabrında o “milli təhlükəsizlik əleyhinə sui-qəsddə iştirakına”, “hüquq müdafiə mərkəzi ilə əməkdaşlıqda” və “hökumət əleyhinə təbliğatda” təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilib. Sonralar bu hökm yumşaldılaraq 6 ilə salınıb. Amma Mohammadi onun işi ilə bağlı apelyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qala bilib.

“BU İNTİQAMDIR”

Mohammadi-nin həyat yoldaşı Taghi Rahmani AzadlıqRadiosu-nun İran xidmətinə (Radio Farda) deyib: “Bu hüquq müdafiəçisini həbsdə saxlamaq və başqa fəalları qorxutmaq üçün intiqamdır”. Rahmani onu da söyləyib ki, Narges Mohammadi kampaniyanın yaradıcısı deyil, o, sadəcə bu aksiyanın üzvlərindəndir.

Parisdə iki uşağı ilə məskunlaşmış Rahmani-nin sözlərinə görə, həyat yoldaşı 16 illik cəzanın 10 ilini “İranda ölüm hökmünün ləğvi üçün addımbaaddım kampaniyası”nın “təşkili” üçün alıb.

O telefon müsahibəsində o deyib: “Narges bu kampaniyanın təşkilatçı rəhbərlərindn deyil”.

Daha sonra hüquq müdafiəçisinin əri sual edib: “Niyə İranda çoxsaylı edamların azaldılması uğrunda çalışmaq cinayət olsun?”

AVROPALI DİPLOMATLA GÖRÜŞƏ GÖRƏ CƏZA VERİLİB?

Rahmani əlavə edir ki, həyat yoldaşı 5 il cəzanı “İslam respublikası əleyhinə görüşlər keçirməyə və sui-qəsd hazırlamağa” və bir ili də “İranın milli təhlükəsizliyi əleyhinə fəaliyyətinə” görə alıb.

Rahmani bəyan edib ki, əsassız ittihamlar Mohammadinin xaricdəki farsdilli KİV-lərə müsahibələri və 2014-cü ildə Tehranda Avropa Biriliyinin keçmiş xarici işlər siyasətinin rəhbəri Catherine Ashtonla görüşünə görədir.

Fransanın “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı (RSF) aprelin 20-də çıxan məhkəmə qərarını pisləyib, onu İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) və İslam İnqilabı keşikçiləri korpusunun (SEPAH) təsiri altında keçirilmiş “süni məhkəmə” adlandırıb.

“Belə ağır qərar İran məhkəməsinin ədalətsizliyinin göstəricisidir”, - təşkilatın Baş Katibi Christophe Deloire-un mayın 19-dakı bəyanatında belə deyilir. Onun sözlərinə görə, bütün məhkəmə sisteminin sifarişləri ali dini liderdən aldığını hamının bilməsinə rəğmən, prezident Hassan Rohani bu cür məhkəmə özbaşınalığı qarşısında susqunluğunu saxlamamalıdır.

“ŞOKEDİCİ”, “UTANCVERİCİ”

Amnesty İnternational Mohammadi haqqında həbs qərarını “şokedici” adlandıraraq bunu “İranda hüquq müdafiəçilərinə qarşı total hücum” kimi qiymətləndirib.

“Hakimiyyət hüquq müdafiəçilərini susdurmaq və onların siyasətlərini tənqid edən digər potensial tənqidçilər arasında xof yaratmaq üçün amansız qətiyyətini aydın şəkildə bildirir”,- Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika üzrə proqram direktoru Philip Luther-in bəyanatında belə deyilir. Luther əlavə edib ki, İran hakimiyyətinin məşhur hüquq müdafiəçilərini cinayətkar kimi aradan götürməsi utancvericidir. O deyib: “Bu onların insan haqları barədə sözdə dediklərinin tamamilə mənasız olduğunu və başlıca ədalət prinsiplərinə dərindən nifrət etdiklərinin göstəricisidir”.

“Sərhədsiz reportyorlar”ın insan hüquqları müdafiəçisi kimi informasiya qəhrəmanı adı ilə mükafatlandırılmış Narges Mohammadi 2015-ci ilin mayında həbs olunmuşdu.

Xanım hüquq müdafiəçisi insan hüquqları sahəsində və bir sıra başqa fəaliyyətlərinə görə bundan əvvəl də mühakimə edilmişdi.

XS
SM
MD
LG