Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:26

Amnistiyadan siyasi məhbus sayılanlar bəhrələnəcəkmi?


Mehriban Əliyeva
Mehriban Əliyeva

-

Milli Məclisdə qəbul edilən amnistiya aktı, bank sektorunun vəziyyəti, kiçik və orta sahibkarlığın üzləşdiyi problemlər bu gün medianın aparıcı mövzusudur.

IV AMNİSTİYA

«Azərbaycan» qəzetində «Mehriban Əliyevanın IV amnistiya təşəbbüsü» adlı məqalə dərc edilib.

Müəllif yazır ki, Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu siyasəti davam etdirərək, buna qədər 3 dəfə amnistiya təşəbbüsü ilə çıxış edib. Növbəti amnistiyanın isə bütünlükdə 10 min adama şamil ediləcəyi gözlənilir: «Hər zaman humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da canlandıracaq, neçə-neçə ailələrə səadət, sevinc bəxş edəcək. Amnistiya aktına əsasən, cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq vətənə və xalqa sədaqətlə xidmət edəcəklər».

Həbsxana
Həbsxana

HÜQUQ ÖZÜ «AMNİSTİYA»YA DÜŞMƏYİNCƏ

«Azadlıq» qəzeti isə Milli Məclisin dünən qəbul etdiyi bu amnistiya aktına öz baxış bucağını ortaya qoyub. «Hüquq «amnistiya»ya düşüb azad olmayınca...» sərlövhəli məqalədə müəllif siyasi və vicdan məhbusu sayılan bir çox şəxslərin bu prosesdən kənarda qalmasını kəskin tənqid edir: «Amnistiya ilə bağlı elə maddələr seçilib ki, günahsız həbs olunanlar həmin maddəyə düşmür. Yəni, düşmənçilik, qisasçılıq, ədalətsizlik özünü bir daha göstərir».

Müəllif bu amnistiyanın Qarabağ problemi ilə bağlı danışıqlarda manevr imkanlarını artıracağı haqda səslənən fikirləri də əsassız sayır. Məqalədə qeyd edilir ki, bu, heç də humanizm siyasətinin tam təzahürü deyil: «Beynəlxalq aləm Azərbaycan hakimiyyətindən siyasi məhbusların azadlığını tələb edir. Hakimiyyətin dilini gödək edən onun repressiya siyasətidir. Əgər amnistiyanın nəticəsi ədalətə xidmət etmirsə, əgər vicdanlı insanlar yenə də həbsdə qalacaqsa, əgər bundan sonra da hüquqsuzluq meydan sulayacaqsa, heç bir humanizmdən söhbət gedə bilməz. Yəni, bu ölkədə qanun, hüquq, ədalət «amnistiya»ya düşüb azadlığa çıxmayana qədər, heç bir təşəbbüs uğura apara bilməz».

Monopoliya
Monopoliya

DALDAN ATILAN DAŞ...

«Novoye Vremya» qəzeti isə ölkədə orta biznesin inkişafını araşdırır.

«Azərbaycanda orta biznesin gələcəyi varmı?» sərlövhəli məqalədə müəllif yazır ki, hakimiyyət neft gəlirlərinin yüksək olduğu zamanlarda iqtisadi sabitlik, inkişaf və rifahdan ötrü əməli addımlar atmayıb. Neftin kəskin dəyərdən düşməsindən, iki devalvasiyanın yaratdığı acınacaqlı iqtisadi durumdan sonra atılan addımlar isə gecikib: «Son yenilikləri ölkə iqtisadiyyatının simasını dəyişəcək və sahibkarlığı canlandıracaq addımlar kimi təqdim edirlər. Amma heç də sahibkarlar canlanmır. Səbəb də budur ki, neft bumu illərində ölkədə kiçik və orta biznes üçün əsaslı mühit yaradılmadı. Fəaliyyət göstərənlərə də yüksəkçinli məmurlar bütün gücləri ilə mane oldular».

Məqalədə hakimiyyətə etimadsızlıq belə izah edilir: «Olduqca paradoksal vəziyyət alınır: neft bumu illərində hakimiyyət nəyin haqqında desən düşünürdü, təkcə ölkədə sağlam əsaslı iqtisadiyyat yaradılmasından başqa. İqtisadiyyat yüksəkvəzifəli inhisarçıların qazanc yerinə dönmüşdü. Ölkədə ən yüksək səviyyədə inhisar olması haqda deyilsə də, bu, qulaq ardına vurulurdu. Ölkə iqtisadiyyatı hələ də yalnız bir ovuc adamın maraqlarına xidmət edir. Belə olan halda Azərbaycanda iqtisadi böhran dəf edilə bilərmi?».

Vahid Əhmədov
Vahid Əhmədov

BANK SİSTEMİ ÇÖKÜB

«Bizim Yol» qəzeti isə deputat Vahid Əhmədovun parlamentin iqtisadi siyasət komitəsinin iclasındakı çıxışına yer verib. V.Əhmədov dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına, hələ də, təsir etdiyini bildirib: «Sosial evlərin tikilməsi, sosial ipoteka kreditləri məsələlərində keçən il problemlər yaşandı. Bank sistemi demək olar ki, çöküb. Nə fiziki, nə hüquqi şəxslər kredit ala bilirlər, faizlər yenə də yüksək həddədir. İnsanlar kreditlərini ödəməkdə çətinlik çəkirlər, onlarda bir ümidsizlik var».

V.Əhmədov bu situasiya ilə bağlı 14-səhifəlik təkliflər paketi hazırladıqlarını, onu 3 quruma göndərdiklərini və hazırda cavab gözlədiklərini söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG