Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:12

'Bəzi banklarda auditin nəticələri müsbət olmadığından...' [icmal]


"Bank böhranı". Karikatura. Gündüz Ağayev.
"Bank böhranı". Karikatura. Gündüz Ağayev.

Azərbaycan iqtisadiyyatının durumu, problemli kreditlər və bankların hesabat verməmələri bu gün (10 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Yüksək dollarlaşma...

Novoye Vremya” qəzetində ““Moodyus” dollarlaşmanı nəzərə çatdırır” sərlövhəli məqalədə Azərbaycan banklarının problemləri təhlil edilir.

Buna da bax:​ Nazir müavini Beynəlxalq Bankdan danışdı

Yazının əvvəlində Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasından bəhs edilir. Müəllif xatırladır ki, bu günlər ölkə rəsmiləri bu prosesi uğurla keçəcəyini bildiriblər. Yazıda bu arxayınçılıq təəccüblə qarşılanıb:

Dollar-manat (arxiv fotosu)
Dollar-manat (arxiv fotosu)

“Bununla bankın etimadı ciddi şəkildə zədə alıb və borcların restrukturizasiyası üçün daha yumşaq variant təklifi gözlənilmir”.

Yazıda vurğulanır ki, problem təkcə Beynəlxalq Bankda deyil. Azərbaycanda bütünlükdə bank sistemi problemlər içindədir: “Azərbaycanın bank sisteminin ən böyük problemi yüksək dollarlaşma səviyyəsidir. Belə bir durumda böyük həcmli aktivlər yeni məzənnə ilə hesablanır və bank kapitalı üzərində yük daha da artır”

Buna da bax: 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

Yazıda bildirilir ki, banklara inam azaldığından, bir çox insanlar əmanətlərini geri çəkiblər. Üstəlik, problemli kreditlər də artmaqdadır:

“Vaxtı keçmiş problemli kreditlər məsələsi həll olunmadan ölkənin bank sistemində yaxşılaşma olmayacaq. Başqa sözlə, bank sisteminin dollarlaşma problemi problemli kreditlərin nəticəsidir. Xalqın banklara etimadını gücləndirmədən bu problem həll edilənə oxşamır. Xalqın banklara etimadı da o zaman yarana bilər ki, manat həm möhkəmlənməsin, həm də sabit olsun”.

Müəllif hesab edir ki, Mərkəzi Bankın məzənnə siyasəti hər hansı optimizm vəd etmir. Ona görə də, islahatlar qaçılmazdır...

Buna da bax:​ Problemli kreditlər yenə artıb

Saxta audit rəyləri...

Yeni müsavat” qəzetində “Banklar auditdən niyə və necə yayınır…” sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, bəzi banklar hesabatlarını yubadırlar. Bu üzdən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu günlər bir qrup bank və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Ekspert Əkrəm Həsənov qəzetə mövzunu belə şərh edib:

Buna da bax:​ Ekspert: 'Bank sektorunda yeni bir şok dalğası qaçılmazdır'

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

“Azərbaycanda bank sektorunda bu məsələ illərdir problem olaraq qalır. Beş aydır ki, vaxt bitib, amma əksər banklar, hələ də hesabatları açıqlamayıb. Ümumən bankların hesabatları gizlətməsinə öyrəşmişik. Əvvəllər düşünürdük ki, yalnız ictimaiyyətdən gizlədirlər, amma ən azı bank nəzarəti orqanına müvafiq məlumatları verirlər. Lakin məsələn, müflis olmuş ən iri bank - “Bank Standard”ın vəziyyətinin təhlili göstərdi ki, o artıq 2013-cü ildən bəri audit yoxlamasından keçməyibmiş”.

Ə.Həsənov deyib ki, bəzi banklarda audit yoxlamaları aparılsa da nəticələr müsbət olmadığından açıqlanmır:

Buna da bax:​ Bəzi banklar hesabatı gecikdirir

“Özünə hörmət edən auditor bankın vəziyyətini olduğu kimi qiymətləndirir, bu isə bank sahiblərini qane etmir. Buna görə də bəzi banklar hətta 2 audit tərəfindən yoxlanılır. Birinci halda nüfuzlu audit şirkəti tərəfindən yoxlanılır və həmin rəyi Palataya, xarici investorlara təqdim edir. İkinci halda isə hansısa qeyri-peşəkar və ən əsası üzüyola auditor tərəfindən yoxlanılır, onun rəyini də ictimaiyyətə açıqlayır”.

Ə. Həsənov deyib ki, auditorlar daha öncə bağlanan banklar haqqında da müsbət rəy vermişdilər. Belə rəylərin nəticəsidir ki, gerçəkləri qəbul etmək istəməyən, saxta sənədlə maliyyə bazarında qalmaq istəyən banklar var.

Ə.Həsənov hesab edir ki, peşəkar auditlərlə işləmədən və verilən rəyi olduğu kimi qəbul etmədən bankın problemini aradan qaldırmaq olmaz Onun fikrincə, Palata bu məsələnin həllində gücünü göstərməlidir.

Buna da bax: Səhmdarları arasında talıbovlar olan ‘Naxçıvanbank’ mənfəət vergisi ödəmir

Uğur formulu

Azərbaycan” qəzetində “Yeni iqtisadi strategiyanın uğur formulu” sərlövhəli məqalə dərc edilib.

Yazıda ölkədə iqtisadi inkişafdan bəhs edilir və bunun səbəblərini çatdırmaqdan ötrü prezident İlham Əliyevin XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisindəki çıxışından sitat gətirir:

İlham Əliyev və Mehriban Əliyeva XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışında. 31may2017
İlham Əliyev və Mehriban Əliyeva XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının açılışında. 31may2017

“İqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz.

Bizim güclü iqtisadiyyatımız, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik”

Buna da bax:​ 'Neft pulu ilə Azərbaycanı yenidən qurmaq olardı' - Media icmalı

Müəllif yazır ki, dünya iqtisadiyyatında mürəkkəb proseslər baş verir. Ancaq İ. Əliyevin yürütdüyü siyasət Azərbaycanın inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.

Yazıda vurğulanır ki, əldə edilən uğurlar Azərbaycanın yeni çağırışları qarşılamağa hazır və bundan ötrü adekvat inkişaf strategiyasına malik olmasının göstəricisidir.

Buna da bax: 'Qiymətləri salmaq əvəzinə ötən iki ilin zərərlərini bağlayırlar'

Daha sonra müəllif statistik rəqəmləri nəzərə çatdırır:

“Məsələn, 2017-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4,12 milyard dollar olub. İdxalın həcmi 1,51, ixracın həcmi isə 2,61 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 1,2 milyard dollar olub. Bu ilin dörd ayında isə Azərbaycan ixracı 41 faiz artıb... ”.

XS
SM
MD
LG