Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Reklam bazarı da nəzarətə alınır? [mətbuat icmalı]


"Yeni Müsavat" qəzetindən screenshot. 24 iyun 2017
"Yeni Müsavat" qəzetindən screenshot. 24 iyun 2017

Azərbaycanda “Formula-1” yarışları, neftdən asılılığın davam etməsi, reklam bazarında yaşanan proseslər bu gün (24 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır...

Neft tələsi

Novoye Vremya” qəzetində “Neft tələsindən necə çıxmalı?” sualına cavab axtarılır.

Yazıda xatırladılır ki, OPEK-ə daxil olan və olmayan ölkələr qara qızılın hasilatının azaldılması barədə sazişin müddətini uzadıblar. Müəllifin fikrincə, bu isə o deməkdir ki, neft sahəsində aparıcı olan ölkələr büdcənin doldurulmasında yenə də gərginlik yaşayırlar. Çünki bu ölkələr gözlərini əsasən neftə dikiblər.

Buna da bax:​ OPEK hasilatın azaldılması ilə bağlı razılaşmanı uzatmaq razılığına gəlib

Yazıda vurğulanır ki, son illər Azərbaycanda islahatlar getsə də ölkə, hələ də, neftdən asılı qalıb. Neftin qiymətinin düşməsi davam edərsə, bəzi yaxşılaşmış göstəriciləri heç olar.

"Neft erası bitir". Karikatura. Gündüz Ağayev
"Neft erası bitir". Karikatura. Gündüz Ağayev

Müəllif hesab edir ki, kənd təsərrüfatı, informasiya texnologiyaları və başqa bir sıra sahələrdə müəyyən inkişaf var. Ancaq bu sahələr heç də “qara qızıl”a alternativ ola bilmirlər.

Yazıda bildirilir ki, ölkənin yenə də əsas ixracı enerji məhsullarıdır.

Müəllifin fikrincə, çox paradoksal bir durum yaranıb. Bir tərəfdən ölkədə qeyri-neft sektorunun inkişafından ötrü islahatların aparıldığı bəyan edilib, ancaq başqa tərəfdən də əsas sərmayələr yenə neft-qaz hasilatı sənayesinə yatırılır.

Buna da bax: Deputat: 'Bu il ciddi artım gözləmirəm'

Yazıda vurğulanır ki, bu ilin mayında neft-qaz sektoruna 2,982 milyard manat yatırılıb. Bu da kapital qoyuluşunun böyük bir hissəsidir.

Müəllif hesab edir ki, qeyri-neft sektorunun inkişafı üzrə görülən tədbirlər yetərli deyil. Sahibkarlığın inkişafına, azad rəqabətə maneələr var.

Reklam bazarına nəzarət

Yeni Müsavat” qəzetində dərc edilən “Hökumət reklam bazarını nəzarətə aldı, bəs sonra?” sərlövhəli məqalə diqqəti çəkir.

Yazıda bildirilir ki, iyunun 20-də ölkədə Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqda fərman imzalanıb. Artıq, reklam bazarına bu qurum nəzarət edəcək.

Buna da bax:​ Dövlət Reklam Agentliyi yaradılır

Müəllif xatırladır ki, bu fərmana qədər ölkədə reklam sahəsində əsas rəsmi təşkilat Bakı Şəhər İcra Hakimiyyətindəki Reklam və İnformasiya İdarəsi idi.

Yazıda vurğulanırdı ki, əslində bu qurum gəlirli sahəyə heç də tam nəzarət edə bilmirdi. İqtisadçı Natiq Cəfərli durumu qəzetə belə dəyərləndirib:

Natiq Cəfərli
Natiq Cəfərli

“Əslində dünyagörüşüm və iqtisadi baxışlarıma görə, dövlətin iqtisadiyyatda iştirakı minimum olmalıdır. Reklam elə bir sahədir ki, burada nə qədər çox ciddi rəqabət mühiti yaranarsa, bir o qədər də keyfiyyət üstünlükləri və qiymət fərqi yaranar”.

N. Cəfərli reklam bazarına nəzarətin tam dövlətin əlinə keçməsini yaxşı hal saymır. O, hesab edir ki, reklam bazarı da rəqabətdən kənar qala bilməz.

Buna da bax: 'Reklam pulları qlamur jurnallara axır'

Ekspert rəsmi rəqəmlərə istinadən deyib ki, Azərbaycanın reklam bazarı 80-90 milyon dollar civarındadır. Bu isə onun fikrincə çox kiçik rəqəmdir. Natiq Cəfərli hesab edir ki, ilk növbədə bu sahədə rəqabətli mühit yaradılmalıdır:

“Yeni yaradılmış agentlik ilkin mərhələdə bu mühitin formalaşmasına kömək edəcəksə, sonradan agentliyin özəlləşdirilməsi və ya digər formaya keçməsi baş verəcəksə, təbii ki, bazarda aktiv dinamikaya səbəb ola bilər. Amma dövlətin nəzarətində olacaqsa, tarifi agentlik diktə edəcəksə, bu, bazarda kiçik reklam şirkətlərinin sıradan çıxmasına səbəb ola bilər”.

Dünyanın idman mərkəzi - Azərbaycan

Azərbaycan” qəzetində “190 ölkədən 500 milyondan çox tamaşaçı...” sərlövhəli məqalədə ölkədə iyunun 23-dən start götürən «“Formula-1” Azərbaycan “Qran-Pri”» yarışları dəyərləndirir.

Buna da bax:​ Azərbaycan mediasının reklam gəlirləri 2.5 dəfə azalıb

Müəllif yazır ki, Azərbaycan artıq, idman ölkəsinə çevrilib. Ölkə bir-birinin ardınca mötəbər idman yarışlarına ev sahibliyi edir. İndi isə “Formula-1” yarışları ilə Azərbaycan yenidən bütün dünyanın diqqətini öz üzərinə çəkib:

Bakıda Formula-2 yarışlarına start verilib. 23 iyun 2017 (foto AzerTAC)
Bakıda Formula-2 yarışlarına start verilib. 23 iyun 2017 (foto AzerTAC)

“Belə bir möhtəşəm yarışın Bakıda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti və mentaliteti ilə tanışlıq fürsəti verib”.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Müəllif hesab edir ki, bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə tanıdır. Yazıda bildirilir ki, “Formula-1” Azərbaycan mərhələsini 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyir:

“Tək yarışın keçirilməsi deyil, qonaqların, tamaşaçıların ölkə, milli dəyərlərlə tanışlığı, Bakıda olduğu günlərdə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait, dünyada sevilən populyar müğənnilərin iştirakı ilə konsert proqramlarının təşkili Azərbaycanın mükəmməl evsahibliyi nümunəsinin ayrı-ayrı detallarıdır. Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir”.

XS
SM
MD
LG