Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

Bank sektorunu milyardlar xilas edəcəkmi? [media icmalı]


"Dilənçi bank". Karikatura. Gündüz Ağayev
"Dilənçi bank". Karikatura. Gündüz Ağayev

Azərbaycanda bank sektorunun real durumu, qeyri-neft sektorunun inkişafı və Dağlıq Qarabağdakı vəziyyət - bugünkü - 15 iyul, 2017-ci il (şənbə) qəzetlərinin əsas mövzusudur.

“Milyard manatlar belə Azərbaycanın bank sektorunu xilas edə bilməz”

Exo” qəzetinin məqaləsi belə adlanır.

Buna da bax:​ Bank sistemi hələ də “dalan”da

“Azərbaycanın bank sektorunu heç kəs xilas etmək istəmir, nə beynəlxalq maliyyə qurumları, nə də Azərbaycan hökuməti özü. Amma bu uzun müddət davam edə bilməz, belə ki, mili iqtisadiyyat “yerində sayır” və hökumət “xilas kəməri”ni atmalı olacaq. Bank sektoruna birbaşa hökumətdən maliyyə dəstəyi olmayıb. Burada Azərbaycan Beynəlxalq Bankı istisnadır, hökumət bu bankın xarici öhdəliklərini öz üzərinə götürməyə razılaşıb”, - ekspert Natiq Cəfərli ölkənin bank sistemindəki durumu qəzetə bu cür şərh edir.

Natiq Cəfərli
Natiq Cəfərli

Ekspert hökumətin kommersiya banklarına dəstək verməməsini iki səbəblə izah edir. Onun qənaətinə, buna səbəb ya bank sektorunun sağlamlaşdırılması üçün büdcədə pulun olmaması, ya da dövlətin bazarda ancaq güclü oyunçuları saxlamaq istəməsidir.

Buna da bax: 'Daha 5 bank bağlana bilər'

Azərbaycan Beynəlxalq Bankının taleyini xatırladan Natiq Cəfərli deyir ki, bu bank güclü kredit portfelinə, dövlət dəstəyinə malik idi və əgər, belə bir bank “yaşamağı” bacarmadısa, hökumət müdaxiləsi olmadığı halda, qalan kredit təşkilatlarının aqibətinin həll olunduğunu söyləmək olar.

Ekspertə görə, problemin mürəkkəbliyi təkcə hökumətin dəstək verməməsində deyil, həm də beynəlxalq maliyyə institutlarının sağlamlaşdırma üçün vəsait ayırmağa hazır olmamalarındadır, çünki Azərbaycan banklarının reytinqləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

Qeyri-neft sektorunun problemləri

Novoye Vremya” qəzetində isə diqqəti “Qeyri-neft ixracı neft ixracını nə zaman üstələyəcək?” sərlövhəli məqalə çəkir.

Buna da bax:​ Konstitusiya Məhkəməsi bank mübahisələri ilə bağlı qərar verib

Qəzet yazır ki, ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payı artsa da, vəziyyətin köklü şəkildə dəyişdiyini söyləmək hələ çox tezdir: “Eyni zamanda, xarici ticarət dövriyyəsi göstərir ki, Azərbaycan yenə də əsasən neft-qaz ixracatçısı kimi qalır, ixracın 83%-i neft-qaza bağlıdır. Qalan heç bir ixrac məhsullarının neft və qazla ayaqlaşması mümkün görünmür”.

Neft sisternləri (arxiv fotosu)
Neft sisternləri (arxiv fotosu)

Məqalədə deyilir ki, məsələ təkcə aqroparkların, sənaye parklarının yaradılması ilə yekunlaşa bilməz, rəqabət qabiliyyətli məhsul istehsalı üçün kiçik və orta biznes gücləndirilməlidir, amma bu sahədə durum heç də ürəkaçan deyil.

Buna da bax: Neftin 'yeni eniş zolağı' başlaya bilər

Qəzet bir məqamın da üzərində dayanır, yazır ki, toxuculuq sahəsində əsas problem xammalın 70%-nin idxaldan asılı olmasıdır, gömrük ödənişləri isə nəticə etibarilə yerli məhsulun ölkəyə idxal edilən hazır məhsullarla rəqabət aparmasını çox çətinləşdirir və belə durum təkcə toxuculuq sənayesində deyil.

Qəzet yazır ki, qeyri-neft sektorunda yaranan indiki durum “neft bumu” dövründə ölkənin daxili tələbatını ödəyəcək layiqli alternativin yaradılması üçün az iş görülməsinin nəticəsidir: “Bu siyasətin “bəhrə”sini biz indi görürük, təəssüf ki, yerli mal və məhsullar nəinki azdır, həm də çox zaman idxal analoqları ilə rəqabət apara bilmir”.

“İlham Əliyev yeni diplomatik qələbələrə imza atır”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu dəyərləndirən “Azərbaycan” qəzeti belə yazır.

Buna da bax:​ İlham Əliyev: ‘Görün, Azərbaycan nə qədər inkişaf edib...’

Müəllif yazır ki, Dağlıq Qarabağ beynəlxalq aləm üçün öz müstəqillik obrazını yaratmaq istəyir, amma rəsmi Bakının fəaliyyəti nəticəsində bütün bu səylər dünya birliyində dəstək ala bilmir.

Məqalədə deyilir ki, belə nəticəsiz səylərdən biri də bu il fevralın 20-də Dağlıq Qarabağda keçirilən “referendum”dur və dövlət başçısı İlham Əliyevin buna münasibəti yada salınır: “Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq”.

Buna da bax:​ XİN: “Azərbaycan növbəti görüşə razılıq verib”

İlham Əliyev cəbhə xəttində
İlham Əliyev cəbhə xəttində

Müəllif beynəlxalq qurumların “referendum”u tanımadığını qeyd edir və hesab edir ki, “referendum”a dünyanın bu mövqeyi, eyni zamanda, problemin həllilə bağlı Ermənistanın danışıqlar masasına qaytarılması rəsmi Bakının uğuru, Ermənistanın uğursuzluğudur.

Qəzet bu danışıqlardan gözlənilən nəticəni də təqdim edir: “Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.

Buna da bax: "Dağlıq Qarabağda vəziyyəti çox dəyişkən sayırıq”

Yazı müəllifi deyir ki, rəsmi Bakının təzyiqləri önündə Minsk qrupunun həmsədrləri də Ermənistandan real nəticəsi olan danışıqlara başlamağı tələb edir: “Beləliklə, Azərbaycanın diplomatik gedişləri fonunda Ermənistan çıxılmaz vəziyyətə düşməkdədir. İndi danışıqlar prosesində düşmən konstruktiv mövqe nümayiş etdirməsə, onda yeni Qarabağ savaşı da qaçılmaz olacaq”.

XS
SM
MD
LG