Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Şəmkirdə torpaq davası- [Video]


Bu torpağın 9 'adaxlısı' var...
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Bu torpağın 8 'adaxlısı' var...

Şəmkirin Əliyaqublu kəndinin sakinləri rayon məhkəməsindən şikayətçidirlər.

Kənddəki 49 sot torpağa 8 ailənin və kəndin digər sakini Elman Qədimovun iddiası var.

2016-cı ilin mayında Şəmkir Rayon Məhkəməsi qərar çıxarıb ki, bu torpaq sahəsi Elman Qədimova məxsusdur. Məsələni həm Elman Qədimovun, həm də sözügedən 8 ailənin əlində torpaq sahəsinin onlara verilməsi barədə sənədlərin olması qəlizləşdirir.

Elman Qədimovun əlindəki torpağın ona məxsusluğu haqda sənədlər 2002-ci ilə aiddir. Sənədləri Şəmkir Rayon torpaq şöbəsi verib. Qurum ona bu sənədləri verəndə 1999-cu ildə bu torpağın sənədlə başqa sakinlərə ayırdığını nəzərə almayıb.

Kənd sakinləri isə Elman Qədimovun sənədlərinin qanuniliyini şübhə altına alır.

Kənd sakini Elxan Əsədov: “Burda torpaq cərgə ilədir. Bu o vaxt nömrə ilə verilibsə, necə olur yüzlə, iki yüzlə başlayan nömrənin içinə 578 düşüb? Onda göydən hoppandı, gəldi düşdü hə?"

Sakinlər Şəmkir rayon məhkəməsindən şübhələnirlər. Bildirirlər ki, həmin ərazidə pay torpağı sahibi olan şəxslər məhkəmədə ya iştirak etməyiblər, ya da məhkəmə onları dinləməyib. Kəndlilərin istədiyi odur ki, məhkəmə onların işinə qanun çərçivəsində baxıb, qiymət versin.

"MƏN TORPAĞIMI HEÇ KİMƏ VERMƏYƏCƏM"

Kənd sakini Əfsanə Əlieva:“Dolanışığımız torpaqdan çıxır. Biz niyə torpağımızı ona verməliyik? Torpağı almaq üçün məhkəməyə rüşvət verib. Onlar da Elmanın sözünü deyiblər. Xahiş də edirik bizim işimizə qanunla baxsınlar. Torpaqları geri qaytarsınlar. Mən torpağımı verməyəcəm heç kimə”

Sakinlər deyir ki, illərdir bu torpaqlar onların əkin-biçin yeri olub. İndi də burada istixanaları var, göyərti, tərəvəz yetişdiriblər. Elə istixanaların bir hissəsi də Elman Qədimova verilən torpaqlara düşür və bu istixanalar sökülə bilər.

Onlar bildirir ki, Elman Qədimovun Məhkəmə qərarı ilə təsdiqlənən torpaq sahəsi həm də 500 ailənin əkin-biçin sahəsinin ortaq yolunu tutur.

"Bu torpaqlar 17-18 ildir ki camaata verilib. Harda idi Elman Qədimov bu müddətdə? İndi gəlib çıxıb bura? Həmin bu yol camaatın əkinə getdiyi yoldur. Bu yolu necə kəsib, torpağı verə bilərlər? Kim kəsib verə bilər bu yolu?"

Elman Qədimovsa deyir ki, rəsmilər əvvəl başqa yeri göstəriblər, daha sonra isə gətirib həmin ərazini göstəriblər ki, bu ərazi ona məxsusdur:

"Bir dəfə gəldilər ölçdülər apardılar düz Zöhrabın (kəndin digər sakini) parnikinin içinə çıxartdılar. Ondan sonra da gəlib dedilər ki, ora sənin yerin deyil Yenidən kompasla ölçdülər və buranı göstərdilər ki, bax bura sənin yerindir. Zohrabın yeri də yoldur. Sizin yolunuz. Bura dövlətin yeridir."

Amma sakinlər idda edir ki, Elman Qədimovun bu torpaqlara yiyələnmək istəməsində başqa məqsəd var.

"İPƏK YOLU BURDAN YAN KEÇDİ"

Həmin ərazidə pay torpağı olan Rafiq Zülfiyevin sözlərinə görə, Elman Qədimov 3 il əvvəl burdan İpək Yolu çəkiləcəyi xəbərini alıb, ona görə də bu torpaqlara sahib olmaq həvəsinə düşüb.

Amma iş elə gətirib ki, İpək Yolu kənddən yan keçib.

Əvvəllər bu rayonda Torpaq Şöbəsində işləmiş, hazırda isə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi olan Nurəddin Məmməd deyir ki, onun torpaq bölgüsündə ümumiyyətlə iştirakı olmayıb. Kəndlilərin dediyinə görəsə o, torpaqların bölünməsində şəxsən iştirak edib:

Nurəddin Məmməd: “Mən o bölgüdə iştirak etməmişəm. Oranın nümayəndəsi gəlib, camaatla birlikdə torpağı bölüb gedib”.

Əliyaqublu kənd torpaq şöbəsi əvvəlcə həmin pay torpaqlarının qeydiyyat aktını kənd sakinlərinə verib. Sakinlər deyir ki, sonradan həmin 8 ailəyə deyilib ki, həmin sahənin aktı tərtib ediləndə səhvə yol veriliblər:

Kənd sakini Əfsanə Əliyeva: “Mən bu haqda getdim torpaq şöbəsinə müraciət etdim. Kompüterdə yoxladılar dedilər ki, o (Elman Qədimov) sizin qonşuluğunuzda yoxdur. Biz haqqımızı tələb edirik. Dövlətdən artıq heç nə istəmirik. O, pulla nəsə əldə etmək istəyir, biz də qanunla istəyirik ki, ədalət yerini tapsın”

"GETSİNLƏR ŞİKAYƏT ETSİNLƏR"

Şəmkir Rayon Məhkəməsi sədrinin köməkçisi İlqar Hüseynov isə iddialara cavab olaraq deyib ki, kəndlilər qərardan narazıdırlarsa, apellyasiya məhkəməsinə şikayət edə bilərlər:

“İddiaların hamısı əsassızdır. Biz elə bir qurumda çalışırıq ki, hər an bizə qarşı iddialar qaldıra bilirlər. Vətəndaşın şikayəti varsa, apellyasiya şikayəti versin.Vəkil tutmağa imkanı yoxdursa, dövlət onu vəkillə təmin edər. Vətandaşın dediklərinə gəldikdə, vətəndaşın öz hüququdur. Biz ona heç nə deyə bilmərik”.

Kəndlilərsə deyir ki, vəkil tutub yenidən məhkəmə qapılarını döyməyə nə pulları var, nə də vaxtları. Qarşıdan yaz gəlir, əkin-biçin vaxtıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG