Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Çoban: 'Bura çöl-biyabandır, şəhər deyil - alaçığı niyə sökürlər?'


Alaçıq (arxiv fotosu)
Alaçıq (arxiv fotosu)

"İcra hakimiyyəti ilə bələdiyyə nümayəndələri gəldi, taxta arakəsmədən olan tikilini ekskavatorla söküb getdi. Halbuki, 25 ildir burda qoyunçuluqla məşğul oluruq. Onlarla ailə bu təsərrüfatda çalışır və bu da o deməkdir ki, onlarla ailə bu təsərrüfatlardan çörək yeyir. Kiçik sahibkar kimi çalışıb hər ay dövlətin vergisini və başqa ödənişlərini edirəm. Keçmiş icra başçıları, bələdiyyə sədrləri heç vaxt bizə belə münasibət göstərməyib".

“BURA DA ŞƏHƏRİN MƏRKƏZİ DEYİL HA”

Ağdamdan köçkün düşmüş və Şamaxıda ailəlikcə qoyunçuluq təsərrüfatı ilə məşğul olan Allahverdi Cabbarovun yaylaqdakı taxtadan olan daldalanacağı sökülüb.

Buna da bax:​ Köçkün: 'İlin 9 ayı bitdi, hanı evlər?'

Sahibkar deyir, bu ərazidə 90-cı illərin əvvəlindən qoyunçuluqla məşğul olur. 2 min başdan çox qoyunu var. Əvvəllər heç bir maneçilik törədilməsə də, indi yerli bələdiyyə və icra hakimiyyəti onun sahibkarlıq fəaliyyətini əngəlləməyə çalışır:

"Deyirəm, axı, bu alaçıqda çobanlar dincəlir. Soyuq olanda qaçıb bu alaçıqda isinirlər, kimə nə maneçiliyi var, niyə sökürsən? Çöllü-biyabandır, bura da şəhərin mərkəzi deyil ha, deyəsən ki, şəhərin götüntüsünü korlayır... Sağ olsun prezidentimiz ki, bizə şərait yaradır, fəaliyyət göstəririk, ancaq bu məmurlar əngəlləyirlər, imkan vermirlər ki, təsərrüfatımızı inkişaf etdirək, çoxaldaq, irəli gedək..."

Buna da bax:​ Sakinlər: 'Hüququmuzu tələb edirik, deyirlər, təxribatçısınız'

“NAZİR BİZİ BURA YERLƏŞDİRDİ”

Digər çobanlar 1989-cu ildən – hələ dövlətə tabe kollektiv kənd təsərrüfatları dağılmamışdan bu yaylaqda qoyunçuluqla məşğul olublar. Kolxoz və sovxozlar ləğv olunandan sonra çobanlar özləri öz təsərrüfatlarını yaradaraq fəaliyyətlərini davam etdiriblər. Onlar indiyədək fəaliyyətlərinə əngəllər olmadığını bildirirlər. Sahibkar davam edir:

"O vaxt biz köçkünlər Harami, Muğan düzlərində qalmışdıq. Rəhmətlik Heydər Əliyevin göstərişi ilə o vaxtkı kənd təsərrüfatı naziri bizi bura yerləşdirdi. Burda 550 hektara yaxın yerim var. Yəni buranı özbaşına tutmamışıq. O vaxtdan burda 22 ailə çalışır. İndi bura kimə nə məqsədlə lazımdırsa, bizə süni əngəllər yaradırlar ki, təsərrüfatlarımızı atıb gedək".

Sahibkar dövlət qurumlarına ardıcıl teleqramlar vurub. İcra hakimiyyətinin başçısının qəbuluna düşə bilmir. 22 ailə hazırda sahənin bir tərəfində qurduqları alaçıqlarda qalır.

Buna da bax:​ Çirkab gölməçələrinin 'əsiri' olanlar

“YAYLAQDA EV TİKMƏZLƏR”

Şamaxı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sahibkarın iddia etdiyi torpaq sahələrinin qonşuluğunda dövlət qoruğu var. Həmin əraziyə yol da qoruğa görə çəkilib. Sahibkara məxsus qoyun-quzular qoruğa müdaxilə etməsinlər deyə, ətrafa çıxışlar məhdudlaşdırılıb. Tikiliyə gəlincə, qoyunçuluq təsərrüfatı ilə məşğul olan fermerlərə yaylaqlarda yalnız alaçıqlar qurmağa icazə verilir:

"Əvvəl ətrafını çadır materialı ilə örtürlər, sonra taxta vururlar, sonra da başlayırlar daşla tikməyə, nəhayətdə də düşürlər hökumətin canına ki, daşdan evim var, mülkiyyət hüququmu tanı... Bura yaylaqdır, yaylaqda ev tikməzlər".

İcra hakimiyyətindən bildirilib ki, sahibkarın narazılığı varsa, məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG