Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:13

«Şahdağ»a aparan yol, əniğlilərin və zindanmuruqluların «kisəsindən» keçir...


Qusar."Şahdağ" yolu
Qusar."Şahdağ" yolu

-

Gözlə

No media source currently available

0:00 0:04:24 0:00
Direct-ə keçid

“Torpaqlarımız yola düşüb - Qusardan “Şahdağ”a çəkilən yola... Torpaqları götürüblər, yol tikilib, çoxdan istifadəyə də verilib. Bəs o yola düşən torpaqların kompensasiyasını kim ödəyəcək?..”

Qusarın Əniğ kəndinin sakini Ruslan İbrahimov iki il əvvəl qanuni aldığı 16 sot torpaqda ev tikməyə yenicə başlayır ki, bir də görür, əraziyə texnikalar gətirildi. Fəhlələr töküldü və başladılar ərazini eskavatorla qazmağa. Maraqlanır ki, nə işdir, nə məsələdir? Deyirlər, ərazidən yol keçəcək – turistləri Qusardan “Şahdağ” Qış- Yay Olimpiya Kompleksinə aparan magistral yol...

HƏLƏ DƏ ŞİRKƏTİ AXTARIR

“Dedim, bu torpaq sənədlə mənim şəxsi istifadəmdədir, mülkiyyətimdir. Mən burda ev tikirəm, bunun kompensasiyasını kim ödəyəcək? Dedilər, get bir akt tərtib elə, bələdiyyə, icra hakimiyyəti təsdiqləsin, aparaq verək Bakıya, kompensasiyanı ödəsinlər. Dedikləri kimi də etdim”.

Ruslan İbrahimov tələb olunan sənədləri toplayıb iş icrasına verdiyini deyir:

Ruslan İbrahimov
Ruslan İbrahimov

“Bir müddət keçdi, getdim yanına ki, məsələ nə yerdə qaldı? Dedi, sənədlər itib. Get təzədən yığ gətir”.

Deyir, sənədlər ikinci, üçüncü dəfə də toplanıb təqdim olunur, ancaq hər dəfə də “itir”. Torpağı əlindən çıxmış kəndli qərara gəlir ki, özü şirkətin yerini araşdırıb tapsın və dərdini desin:

“Hərəsi bir ünvan dedi, neçə dəfə Bakıya gedib-gəldim. Hər dəfə də verdikləri ünvan səhv çıxırdı. Başa düşdüm ki, məqsədləri məni bezdirməkdir - yorulub oturub bir tərəfdə, daha gerisinə getməyim”.

ŞİRKƏTDƏN: “BİZ YOL ÇƏKMİRİK, TEXNİKA SATIRIQ”

Ay yarım əvvəl Ruslan İbrahimov Qusar məhkəməsinə üz tutub. Məhkəmədə ona iddia ərizəsində tikinti aparan şirkətin hüquqi ünvanını qeyd etməyi tapşırıblar:

“Yolu “Aztexnika” MMC çəkirdi. Mən isə bu şirkətin ünvanını tapa bilmirəm”.

Əniğdə torpaq sahəsi yol layihəsinə düşən təkcə Ruslan İbrahimov deyil. Daha bir neçə kəndli də əldən çıxmış torpaqlara görə kimə, hansı ünvana üz tutacaqlarını bilmir.

Qonşu kənddə - Zindanmuruğda isə torpaqları yol layihəsinə düşən mülkiyyətçilər daha çoxdur. Zindanmuruğlu Rəhman Süleymanov:

“Yol çəkilib, istifadəyə verilib. Mənimsə səkkiz sot torpağımın kompensasiyası hələ də ödənilməyib. İcra hakimiyyəti deyir bizlik deyil, bələdiyyə də eyni sözü deyir. Yolu çəkənlər də deyirlər get hökumətdən tələb elə. Məgər yolu çəkən hökumət deyil ki? İş orasındadır ki, heç bunu da bilmirik”.

“Aztexnika MMC” rəsmi saytında qeyd olunur ki, şirkət əsasən nəqliyyat, inşaat, yol tikintisi sektorları üzrə dünyada aparıcı şirkətlərin Azərbaycandakı eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir. Şirkətin əməkdaşı Xəqani Bayramov isə deyir ki, onlar yol çəkmirlər, texnika satışı ilə məşğul olurlar:

“Bizim şirkət yalnız texnika satışı ilə məşğuldur. Yol çəkilişi işinə baxmırıq axı... Dediyiniz hansı rayondur?

- Qusarın Əniğ və Zindanmuruğ kəndləri...

- O tərəflərdən ümumiyyətlə sifarişimiz olmayıb...”

KOMPENSASİYANI KİM ÖDƏMƏLİDİR?

Qusar rayon icra hakimiyyətindən bildiriblər ki, kompensasiya Nazirlər Kabineti tərəfindən müəyyənləşməlidir. Sakinlər də həmin quruma müraciət etməlidilər.

Hüquqşünas Namizəd Səfərov isə bu məsələnin yalnız hüquq müstəvisində həllini görür. O, sakinlərə əlaqədar dövlət qurumlarına sorğular göndərməyi, aldıqları cavablar əsasında inzibati məhkəməyə müraciət etməyi məsləhət görür.

«Şahdağ» Qış-Yay Turizm Kompleksi bu sahənin ən iri layihələrdən sayılır. Kompleks iki min qırxbeş hektardan çox sahəni əhatə edir. Plana görə, tikinti dörd mərhələdə aparılmalı və 8-10 ilə başa çatdırılmalıdır. İnşaat işlərini yerli və xarici şirkətlər gerçəkləşdirir. Bütövlükdə iki milyard avroluq kompleksin bir bölümü artıq istifadəyə verilib. Bu məbləğin dörd yüz milyonunu Azərbaycan dövlətinin, qalan vəsaiti özəl investorların yatırmalıdır.

XS
SM
MD
LG