Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:37

Ohanian 'qanlı inqilab'lardan danışır


Seyran Ohanian
Seyran Ohanian

Ermənistanın keçmiş müdafiə naziri öz Facebook səhifəsində yerləşdirdiyi videoyazıda bildirir ki, əgər bu gün yaranmış qüsurlu sistemi seçki yolu ilə dəyişmək mümkün olmayacaqsa, sabah ölkə qanlı inqilablar təhlükəsi ilə üz-üzə qalacaq.

Seyran Ohanian-ın ölkədə keçiriləcək parlament seçkilərində Vardan Oskanian-Aram Sargsian-Viktor Dallakian seçki blokuna rəhbərlik edəcəyi güman olunur. Sözügedən videoyazıda Ohanian bildirir ki, məhz bu narahatlıq onu parlament seçkiləri ərəfəsində dövlət sistemindən çıxaraq, siyasi bəyanat verməyə vadar edir.

«PEŞMAN DEYİLƏM»

Keçmiş müdafiə naziri Qarabağ müharibəsinin getdiyi 1990-cı illərlə bu günü müqayisə edib. O qeyd edib ki, hazırda ölkə çox təhlükəli dövrdə yaşayır. «Biz bir sadə və vacib şeyi anlamalıyıq: əgər biz bugünkü qüsurlu sistemi dinc yolla, seçki yolu ilə dəyişdirə bilməsək, sabah biz çevrilişlər, yaxud qanlı inqilabi təlatümlər təhlükəsi ilə üz-üzə qalacağıq», – deyə o bildirib.

Buna da bax-Sarkisian seçkinin aprelin 2-dən başqa tarixə keçirilməsinə qarşı deyil

«İstənilən belə proses Ermənistanın və bizim doğma Artsaxın (erməni separatçıları Qarabağa bu adı qoyublar) təhlükəsizliyinə zərbə olacaq. Əgər tez təşkilatlanmaq mümkün olmasa, Cənubi Qafqazda əlverişsiz iqtisadi və hərbi vəziyyətdə ölkənin müqavimət qabiliyyəti əldən gedəcək. Buna görə də, mən açıq siyasi məkanda çıxış etmək qərarına gəldim. Öz həmfikirlərimlə birlikdə bu sistemin dəyişdirilməsinin... proqramını və qrafikini təqdim etməyə hazırlaşıram», – deyə Ohanian öz videomüraciətində qeyd edir.

Seyran Ohanian Qarabağda.
Seyran Ohanian Qarabağda.

Keçmiş müdafiə naziri bütün bunları anlayaraq, ona təklif olunan bütün yüksək vəzifələrdən imtina etdiyinə görə peşmanlıq keçirmədiyini deyir. Onun fikrincə, artıq dövlət sistemində problemləri həll etmək imkanı bitib.

DAĞIDILMIŞ İQTİSADİYYATIN İNKİŞAFI

«Həyatımın bu qərarını yüksək mənəvi dəyərlərə arxalanaraq, sərbəst şəkildə qəbul etmişəm. Ölkəmizin qarşısında duran sınaqların öhdəsindən gəlməyə və güclü dövlətə malik olmağa ümid bəsləyərək, mən ilk növbədə dağıdılmış iqtisadiyyatın inkişafına əhəmiyyət verirəm», – deyə Ohanian sözünə davam edib.

Buna da bax-Politoloq: 'Ovik Abramian Sarkisian üçün təhlükəli adama çevrilir'

O, həmçinin qeyd edib ki, parlament seçkiləri ərəfəsində onun ətrafında birləşmiş, onun siyasi baxışlarını bölüşən bütün siyasi xadimləri və təşkilatları yüksək qiymətləndirir.

Keçmiş nazir öz müraciətində əminliyini bildirib ki, yalnız birlik sayəsində nəticə əldə etmək mümkündür. «Sadəcə sistem dəyişikliklərindən danışmaq, ancaq konkret heç nə təklif etməmək yetər. İnsanlara indiki həyatlarının nəylə əvəzlənəcəyini və necə dəyişəcəyini göstərmək lazımdır», – deyə S.Ohanian qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG