Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 12:46

Səməd Seyidov deyir ki, onu Avropa Şurasından çıxara bilməzlər


Səməd Seyidov

“Avropa Şurası (AŞ) komitəsində qəbul olunmuş qərarı Azərbaycana qarşı növbəti, ikili standartlarla dolu, qeyri-obyektiv yanaşma kimi qiymətləndirirəm”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 16-da keçirdiyi mətbuat konfransında belə deyib. Mətbuat konfransı AŞPA-nn Prosedur Qaydalar Komitəsinin korrupsiya hesabatında adı çəkilən dörd üzvünə, o cümlədən Seyidova sanksiyalar tətbiq edilməsinə həsr olunub.

Səməd Seyidov sanksiya qərarı verən komitənin rəhbərliyinə, hələ öncə məktub göndərdiyini, öz rəyini həmin məktubda ifadə etdiyini bildirib:

“Həmin məktubda konkret olaraq qeyd etmişdim ki, bu sanksiyaların qəbul olunması Azərbaycana qarşı təzyiq, qeyri-obyektiv mövqe və Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir”.

Səməd Seyidov Azərbaycanın öncədən AŞPA-da korrupsiya iddialarını araşdıran qrupun yaradılmasının əleyhinə olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin məqsədi o olub ki, AŞPA-nın diqqətini Ermənistana yönəltsin:

“Ermənistanda mövcud olan vəziyyət ona gətirib çıxardı ki, orda olan rejim xalq tərəfindən tarixin zibilliyinə atıldı. Ancaq Azərbaycanla bağlı məsələlər AŞPA-nın gündəliyinə qaldırıldı. Mən bir faktı mütləq sizə çatıdrmalıyam. AŞPA-nın son sessiyasında Böyük Britaniya nümayəndə heyətinin rəhbəri çıxış edərək qeyd etmişdi ki, Azərbaycanın adını bu məruzəyə salmaq düzgün deyil. Onun sözlərindən sitat gətirirəm: “Azərbaycan sözünü bu məruzədən çıxarmaq lazımdır. Ona görə ki, başqa ölkələri araşdırmırsınızsa, başqa ölkələrdə gedən prosesləri görmək istəmirsinizsə, deməli, Azərbaycanla bağlı məsələlər qeyri-qanunidir, qeyri-obyektivdir””.

“Heç kim Azərbaycan nümayəndə heyətini Avropa Şurasından çıxara bilməz”

Səməd Seyidov AŞ komitəsinin sanksiya qərarının ciddi məhdudiyyətlər gətirmədiyini ifadə edib:

“Heç kim Azərbaycan nümayəndə heyətinin rəhbərini, üzvlərini Avropa Şurasından çıxara bilməz. Bu qərar Azərbaycanın ən agrılı problemi olan Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında çatdırılmasına heç bir məhdudiyyət yaratmır. Əksinə, biz bundan sonra daha da yüksək səviyyədə fəaliyyətimizi davam etdirəcəyik”.

Seyidovun sözlərinə görə, Avropa Şurasında elə proseslər gedir ki, onları ciddi təhlil etmək lazımdır.

“AŞ “krizis” içərisində olan təşkilatdır”

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib: “AŞ “krizis” içərisində olan təşkilatdır. AŞ-da destruktiv qüvvələr var. Ora Azərbaycan üçün bir meydan, platforma kimi mütləq istifadə olunmalıdır. Səməd Seyidovun orda iştirak edib-etməsəi ilə bağlı məsələyə gələndə, sizin diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinin AŞ-dan çıxarılması söhbəti yoxdur, belə bir söhbət ola bilməz. Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq olunub. İki əsas imkan toxunulmaz olaraq qalıb, bizim orda çılxış etməyimiz və mövqeyimizi ortaya qoymağımız, ikincisi isə Azərbaycanın maraqları ilə bağlı sənədləri imzalayıb, təqdim etmək. Bunlara heç kim toxuna bilməz”.

Səməd Seyidov vurğulayıb ki, Azərbaycan heç vaxt Avropa Şurasını tərk etməyəcək:

“Bizim bayrağımız bu qurumda ulu öndər Heydər Əliyev tərəfindən qaldırılıb. Bura bir meydandır, bundan istifadə etmişik, edirik və edəcəyik”.

Xatırlatma

AŞPA-nn Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında adı çəkilən dörd üzvünə sanksiyalar tətbiq edib. Komitənin rəsmi məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da həmin siyahıdadır.

Komitə bildirir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini “ciddi pozub”. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarından müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Agramunt-a 10 il müddətinə, Rumıniyadan Cezar Florin Preda, İspaniyadan Jordi Xuclà-ya və Azərbaycandan Səməd Seydidova iki illiyə tətbiq edilir.

Həmin deputatlar AŞPA-da çıxış etmək hüququnu saxlayır. Ancaq sanksiya müddətində seçki müşahidəçisi, yaxud məruzəçi, eləcə də istənilən komitə və ya alt-komitənin sədri, sədr müavini, AŞPA-nın prezidenti ola bilməzlər.

Onlar Assambleyanı, yaxud onun komitələrini üçüncü tərəfin hər hansı tədbirində təmsil edə, Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinə suallar ünvanlaya bilməyəcəklər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG