Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Sevil Əliyevadan Heydər Əliyev qadağası


Sevil Əliyeva
Sevil Əliyeva
-
“Azadlıq” qəzeti yazır ki, Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində Heydər Əliyevin imzası olan qızıl korpuslu «iPhone 5S gold limited» telefonlarının istehsal olunması ilə bağlı ötən gün KİV-də yayılmış məlumatlara mərhum prezidentin qızı Sevil Əliyeva münasibət bildirib.

“Spacenews.az-ın məlumatına görə, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə hiddətləndiyini deyib. S.Əliyevaya görə, Azərbaycan üçün mühüm və taleyyüklü sənədlərdə olan bir imzanın “kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının” üzərində olması “günahdır”.

“Mən Heydər Əliyevin qızı kimi belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”, - deyə S.Əliyeva bildirib.

AZƏRBAYCAN AVİAŞİRKƏTLƏRİ ABŞ-A BİRBAŞA UÇUŞLAR HƏAYATA KEÇİRƏCƏK

2014-cü ilin sonlarına qədər Azərbaycan və ABŞ arasında birbaşa aviasiya əlaqəsi açılacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfir Riçard Morninqstar Turan-ın müxbirinin sualına cavabda bildirib.

Onun sözlərinə görə, uçuşların başlaması üçün bəzi texniki məsələlər, xüsusən uçuşların təhlükəsizliyi məsələləri həll edilməlidir və ilin sonuna qədər bu işlər yekunlaşacaq.

Səfir xatırladıb ki, martın əvvəllərində ABŞ Federal Mülki Aviasiya İdarəsi Azərbaycana beynəlxalq aviasiya təhlükəsizliyi sahəsində 1-ci dərəcə verib. Bu, Azərbaycanın aviasiya şirkətlərinin ABŞ-a birbaşa uçuşlar həyata keçirməsinə imkan verəcək ki, bu da iki ölkə arasında turizmin və ticarətin inkişafına şərait yaradacaq.

HÖKUMƏT DEDİYİ OLDU “SOVETSKİ” SÖKÜLÜR

“Bizim Yol” qəzeti yazır ki, keçmiş “Sovetski” məhəlləsinin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı razılıq əldə olunmaq üzrədir.

"Sovetski" sakinləri
"Sovetski" sakinləri
Qəzet yazır ki, hazırda sakinlərlə iki təklif üzrə danışıqlar gedir. “Yaxın zamanda söküntüsü başlanacaq evlərə görə sakinlərə əsasən pul kompensasiyasının verilməsi nəzərdə tutulur. Yaşayış evlərinin divarı da hesablanmaqla hər kvadrat metri üçün 1500 manat, heç bir tikilisi olmayan həyətyanı sahəyə görə hər kvadrat metr üçün 150 manat, yardımçı tikililərin hər kvadrat metrinə görə 400 manat, dükan və qarajların isə hər kvadrat metrinə görə 800 manat pul ödəniləcək.

Yaşayış sahəsi az olan və yaxın gələcəkdə evi sökülməyəcək sakinlərin isə hazır mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Mənbənin məlumatına görə, hökumət şəhər kənarında yeni çöxmərtəbəli yaşayış binaları tikərək bu qəbildən olan sakinləri hazır mənzillərə köçürməyi planlaşdırır və bu məsələ ilə bağlı sakinlərin bir çoxunun razılığı əldə olunub.

Yaşayış sahəsi az olan, amma evi qısa müdətdən sonra söküləcək sakinlərə isə onlar yeni mənzillə təmin olunana qədər kirayədə yaşamaları üçün ödənişin edilməsi planlaşdırılır”.

33 ÖLKƏ BAKIDA KEÇİRİLƏCƏK GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA İŞTİRAKINI TƏSDİQLƏYİB

33 ölkə Bakıda iyunun 13-15-də keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirakla bağlı son ərizəsini təqdim edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasına (AGF) Lozannada yerləşən Avropa Gimnastika İttifaqının (UEG) katibliyindən bildiriblər.

Bunlar Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveçrə, Slovakiya, Türkiyə, Ukrayna və təbii ki, Azərbaycandır.

Ümumilikdə Bakıda 258 gimnast 9 mükafat dəsti uğrunda mübarizə aparacaq.

BU MÜƏSSİSƏLƏR FƏTULLAH GÜLƏNƏ AİD DEYİL

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Qafqaz Universitetinin rektoru Əhməd Saniç deyib. Qəzetin nurçuluqla bağlı ittihamların əsası varmı sualına cavabında deyib ki, “1997-ci il 28 fevral dönəmində də belə ittihamlar olmuşdu. Niyyət bu gün işləyən sistemi durdurmaq idi”.

Saniç deyib ki, “bizim buradakı təhlükəsizlik qurumlarına etdiyimiz müraciətdən sonra məlum oldu ki, adıma açılan saxta email Türkiyə mənşəlidir. Yəni Türkiyədə adıma saxta email açılır, planlanan yazı yazılaraq buraya göndərilir və sensasion xəbər düzəldilir. sonra isə təkrar Türkiyə mətbuatı bu xəbərə istinad edərək məsələni orada gündəmə gətirir”.

GÜAM İŞĞAL OLUNMUŞ DÖVLƏTLƏR BİRLİYİ

“Mediaforum” saytı yazır ki, Rusiya Krımı ələ keçirəndən sonra Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-da ərazisi işğal olunmamış dövlət qalmadı:

Ukrayna da Azərbaycan, Gürcüstan, Moldova kimi parçalanmış duruma düşdü.
“Azərbaycanın özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 1990-cı illərin əvvəlindən erməni işğalı altındadır.

Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb.

Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.

Ukrayna torpağı Krımı isə bu ilin fevralında Rusiya işğal edib. Hazırda Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya Federasiyasına birləşdirilir”.

QEYRİ-NEFT MƏHSULLARININ İXRACI ARTIB

“Azərbaycan” qəzeti yazır ki, bu il Azərbaycandan 46 ölkəyə əmtəə ixrac olunub, 99 ölkədən məhsul idxal edilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələri və digərləridir.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları üstünlük təşkil edib. İdxal olunan məhsullar isə əsasən qida, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik cihazları, nəqliyyat vasitələri və onların hissələridir.

Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq 119,1 milyon dollar təşkil edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG