Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:13

Səudiyyə həcc ziyarətinin öhdəsindən gələcəyini deyir


Məkkədə Şeytana daş atma mərasimi
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Məkkədə Şeytana daş atma mərasimi

Səudiyyə Ərəbistanının səhiyyə rəsmiləri bildirirlər ki, həcc ziyarəti zamanı hər hansı xəstəlik, yaxud basabasın öhdəsindən gəlməyə hazırdırlar. Həcc mərasimi bu həftəsonu baş tutacaq. İki il öncə ziyarətdə yaranan qarışıqlıqda yüzlərlə zəvvar həlak olmuşdu.

Səudiyyə bazar ertəsi bildirib ki, ziyarətə 1 milyon 700 mindən çox zəvvar gəlib. Həcc fiziki baxımdan bu ziyarəti gerçəkləşdirmək gücündə olan hər bir müsəlmanın dini borcu sayılır.

Bundan əvvəlki həcc mərasimlərində basabaslar, yanğınlar, iğtişaşlar baş verib və hakimiyyət kütləni elə də məharətlə idarə edə bilməyib. «Reuters» agentliyi vurğulayır ki, Səudiyyənin islamın müqəddəs yerlərinin himayəçisi kimi nüfuzu risklə üzləşir. Elə 2015-ci ildəki hadisədən sonra İran bu məsələni dönə-dönə qaldırıb.

300 MİN TİBB İŞÇİSİ, 5 MİN YER

Həmin insidentdə rəsmi Ər-Riyad 800-dək zəvvarın öldüyünü bildirdi. Ancaq ayrı-ayrı ölkələrin təqdim etdiyi rəqəmlər 2 mindən çox adamın dünyasını dəyişməsi versiyasını ortaya çıxardı. Onlardan 400-dən çoxu iranlıydı.

Səhiyyə Nazirliyində həcc əməliyyatlarına nəzarət edən Hussein Ghanam agentliyə deyib ki, hakimiyyət daha bir basabasa hazırdır. O, təcili yardım maşınlarının briqada halında işlədiyini vurğulayıb.

30 min tibb işçisi bu işə ayrılıb, xəstəxanalarda 5 min çarpayı hazırlanıb.

Məkkədə həcc ərəfəsi hərbi parad keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Səudiyyə Qırmızı Aypara Cəmiyyətinin direktoru Mohammed bin Abdullah al-Qassim-in sözlərinə görə, qurum nazirliyi 350 ambulans, dörd hərbi sanitar vertolyotla dəstəkləyir. Cəmiyyət bu il yeni səhiyyə mərkəzləri də açıb və fövqəladə hallarla bağlı təlimlər keçib.

«Allaha şükür, əlavə təchizatımız, üstəgəl xüsusi avadanlığımız, faciə halını idarə etməyə maşınlarımız var və onları ən yaxın xəstəxanaya apara bilərik», – Qassim «Reuters»ə söyləyib.

2015-ci il insidentindən bəri ilk dəfə olaraq bu il 90 minədək iranlı həccə gedir.

XƏSTƏLİK QORXUSU

Ziyarətlə bağlı daha bir narahatlıq zəvvarlar arasında xəstəliklərin yayıla bilməsi sarıdandır. Axı onlar beş gün ərzində bir-birinə sıx yaşayır, bayırda yeyir, müqəddəs yerlər yaxınlığında yerdəcə yatırlar.

Ghanam-ın sözlərinə görə, nazirlik potensial ölümcül Yaxın Şərq Respirator Sindromu (MERS) kimi yoluxucu xəstəlikləri nəzarətdə saxlamağa hazırdır. Bu sindrom son beş ildə Səudiyyədə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulda və avqustun əvvəlində Səudiyyədə 26 nəfərin MERS-ə yoluxduğunu, altı nəfərin öldüyünü bildirir.

Bundan başqa, qonşu Yəməndə yarım milyondan çox adam vəbaya yoluxub, apreldən bəri bu epidemiyadan 1975 nəfər həlak olub.

Ghanam deyir ki, xəstəxanalara vəba simptomları olan zəvvarlarla xüsusilə ehtiyatlı olmaq tapşırığı verilib. Bu xəstəliyin qarşısı vaxtında alınmazsa, bir neçə saata ölümlə sonuclana bilər.

XS
SM
MD
LG