Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:07

Şərqi Avropada yəhudiləri, müsəlmanları sevməyənlər az deyil


Yəhudilər
Yəhudilər

Şərqi avropalıların bir hissəsi yəhudiləri, müsəlmanları və romaları vətəndaş saymırlar. «Pew» araşdırma institutunun mayın 10-da açıqladığı rəy sorğusu bunu üzə çıxarıb.

Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində rəyi soruşulanların 31 faizi deyib ki, romaları vətəndaş kimi qəbul etmək istəmirlər.

ROMALARI, MÜSƏLMANLARI VƏ YƏHUDİLƏRİ SEVMƏYƏNLƏR

50 faiz onları qonşu, 67 faizsə ailə üzvü kimi görmək istəmir. Romaları qəbul etməyə ən az meylli ölkə Ermənistandadır. Burada respondentlərin 57 faizi onları vətəndaşlığa, 85 faizsə ailəsinə qəbul etməyəcəyini bildirib.

Romaları qonşuluğunda görmək istəməyənlərin sayı Çexiyada 69, Litvada 65, Ermənistanda 60 faizdir.

Bölgədəki pravoslav xristianların 23 faizi müsəlmanları vətəndaş saymır. 30 faizi onları qonşuluğunda, 61 faizi ailəsində görmək istəmir.

Katolik xristianlarda müsəlmanlara daha çox antipatiya var. 41 faizi onların vətəndaşlığını, 43 faiz qonşuluğunu, 63 faiz ailə üzvlüyünü rədd edir.

Yəhudilərə də mənfi münasibət bəsləyənlər var. Pravoslav xristianların 11 faizi yəhudiləri vətəndaş, 17 faizi qonşu, 37 faizi ailə üzvü kimi görmür. Katoliklərdə bu rəqəmlər 14, 16 və 35 faizdir.

DİNİ MƏNSUBİYYƏT

«Pew» araşdırmanı 2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək keçirib. 17 dildə, yaşı 18-dən yuxarı 25 mindən çox adamla üzbəüz müsahibələr aparılıb.

Rəy sorğusu Çexiya və Polşadan tutmuş Rusiya, Gürcüstan və Ermənistanadək, eləcə də Baltik ölkələri, Balkanlar və Yunanıstanda aparılıb.

«Newsweek» dərgisi diqqəti Mərkəzi və Şərqi Avropanın etnik və dini baxımdan fərqli region olmasına çəkir. Əsrlər boyunca bu ərazidə imperiyalar yüksəlib və süquta uğrayıb, acı təriqət savaşları baş verib.

Araşdırma müəllifləri bildirirlər ki, bu tapıntılar həmin ölkələrdə dinin fərdi və milli mənsubiyyətin vacib hissəsinə çevrildiyini göstərir. Vaxtilə kommunist rejimləri onların din azadlığını boğur, ateizm yayırdı.

Regionda rəyi soruşulanların əksəriyyəti Allaha inandığını, dini mənsubiyyəti olduğunu söyləyib.

XS
SM
MD
LG