Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Səudiyyədə həbslər və bank hesablarının dondurulması genişlənir


Kral Salman (sağda) Səud ailəsindəki ənənəni pozaraq oğlu Məhəmməd bin Salmanı vəliəhd edib

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları yeni həbslər həyata keçirib və çox sayda bank hesabları dondurulub.

Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib ki, krallığın biznes və siyasi elitası üzərinə antikorrupsiya hücumları noyabrın 8-də genişləndirilib.

Ötən şənbə günü elan edilmiş antikorrupsiya kampaniyasının gedişində artıq indiyədək monarx ailəsinin onlarca üzvü, rəsmilər və biznes rəhbərləri həbs olunub. Onlar çirkli pulların yuyulmasında, rüşvətxorluqda və dövlət müəssisələrindən şəxsi mənfəət üçün sui-istifadədə ittiham edilirlər.

Lakin mənbələrdən alınan yeni xəbərlərə görə həbslər dalğası hələ də dayanmayıb.

Antikorrupsiya repressiyalarının arxasında qüdrətli vəliəhd şahzadə Məhəmməd bin Salmanın dayandığı düşünülür.

Bəzi rəsmilər azadlıqda qalsalar da, müstəntiqlər tərəfindən dindirilirlər. Buna görə də həbs olunanların sayının yüzlərcə olacağı istisna edilmir.

Yerli banklardakı hesabları dondurulanların sayı bir günün ərzində 1200-dən 1700 nəfərə çatıb.

Reuters xəbər verir ki, son həbs olunanların arasında 2011-ci ildə vəfat etmiş mərhum vəliəhd və müdafiə naziri, şahzadə Sultan bin Əbdüləzizin yaxın ailə üzvlərinin də olduğu bildirilir.

Bir çox sadə səudlar antikorrupsiya kampaniyasını dövlət büdcəsini oğurlayan zənginlər üzərinə hücum kimi alqışlayır.

Prezident Donald Trump deyib ki, həbs edilənlər “ölkəni uzun müddətdən bəri sağmaqla məşğul idilər”.

Lakin bəzi Qərb təhlilçiləri istisna etmirlər ki, antikorrupsiya kampaniyası monarx ailəsi üzvləri arasında gedən gizli tayfa çəkişməsinin ifadəsidir.

Səudiyyə Ərəbistanı birjasında səhmlərin qiymətdən düşməsi davam edir. İtkilərlə əsasən həbs edilənlərə bağlı şirkətlər üzləşirlər.

Noyabrın 8-də Məhəmməd bin Salman və Səudiyyənin mərkəzi bankı narahatlıqları aradan qaldırmaq məqsədilə deyiblər ki, ayrı-ayrı biznes rəhbərlərinin həbsi onların bağlı olduğu şirkətləri təsirləndirməyəcək.

Antikorrupsiya rəsmiləri habelə hakim Səud ailəsinin ən vəzifəli üzvlərindən şahzadə Məhəmməd bin Nayefin də bank hesablarını dondurublar.

Mediada MbN kimi tanınan şahzadə Məhhəmməd bin Nayef ötən iyunda vəliəhd titulundan məhrum edilib. Kral Salman bu vəzifəyə öz oğlunu təyin edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG