Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:33

Fermerlər narazıdı: 'Məhsula çox ucuz qiymət qoyurlar'


Illüstrasiya

“Divarlara elan yapışdırmışdılar ki, “becərmək sizdən, tədarük bizdən”. Maraqlandım, dedilər yeni tədarük müəssisəsidir, özü də dövlət qurumu. Müqavilə bağladım. Məhsul istehsalı üçün avans veriləcəyi vəd olunmuşdu. Yubadıb, yubadıb, axırda vermədilər. Hazır məhsulu isə bazar qiymətindən iki dəfə ucuz istədilər. Bu, fırıldaqçı şirkətə oxşayır”.

Salyan rayonunun Marışlı kəndində yaşayan Loğman Qədirov AzadlıqRadiosu-na danışır. Onun sözlərinə görə, bu ilin aprelində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin Salyan rayonundakı regional idarəsinin səlahiyyətli nümayəndəsi əkin sahəsinə baxış keçirərək, onunla müqavilə bağlayıb. Razılaşmaya görə fermer 3,5 hektar sahədə yetişdirdiyi kartofu, habelə 22 sotdakı sarımsağı tədarükçüyə “orta bazar qiyməti ilə” təhvil verməli imiş:

Buna da bax:​ Kartofçuluğun iki problemi

“60 QƏPİYƏ SİFARİŞ ETDİKLƏRİ KARTOFU MƏNDƏN 23 QƏPİYƏ İSTƏDİLƏR”

“Tək mənimlə yox, xeyli sayda fermerlə belə müqavilə bağlanılıb. Düşüb sahələrə şəkil çəkirdilər. Amma sonda heç kəsin məhsuluna yiyə durmadılar. Hamıya deyilir ki, məhsulunuz aqrotexniki qaydalara uyğun yetişdirilməyib. Elə bunu əldə bayraq edib malımıza çox ucuz qiymət qoyurlar”.

Tədarük techizat idarəsinin nümayəndəsi Salyanda fermerin əkininin monitorinqini aparir.
Tədarük techizat idarəsinin nümayəndəsi Salyanda fermerin əkininin monitorinqini aparir.

Fermerin sözlərinə görə, Salyanda kartofun qiyməti topdansatış bazarlarda 45, pərakəndə isə 60-70 qəpikdir. Tədarük idarəsi isə onlardan, üstündə 10 % əlavə mal vermək şərti ilə 23 qəpiyə istəyir. Məhsulu sahədən anbara çatdırmaqdan ötrü texnika və işçi qüvvəsi lazımdır ki, bu da istehsalçının üzərinə atılıb:

“Tədarük idarəsi saytlarında kartofun sifariş qiymətini 60 qəpik göstərib. Amma yerlərdə qoyduqları şərtlərə görə məhsul 20 qəpikdən də ucuz düşür. Halbuki, bu il onun maya dəyəri təxminən 30 qəpik təşkil edib. Ucuz istədiklərinə görə avans verdikləri fermerlər də onlara mal vermir, başqalarına satıb aldıqları pulu qaytarırlar”.

Buna da bax:​ Kartof becərən sahibkarlar gömrük rüsumlarının çoxluğundan şikayətlənirlər...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FOTOSTUDİYA AÇIB?!

Salyan rayonunun Kürqaraqaşlı kəndinin sakini Orxan Əzizov da sözügedən tədarük müəssisəsindən narazı qalıb:

“Saytda göstərilən qiymətlər fermerlər üçün əlverişlidir. Amma üzdə belədir, arxada min oyun var. Mən aylar öncə onlara təklif etdim ki, sizə lazım olan bəzi məhsulları istədiyinizdən 30-40 % ucuz sata bilərəm. Məsələn, arpa yarması üçün 1 manat 40 qəpik təklif olunur. Deyirəm gəlin sizə 1 manata, hələ ondan da ucuz verim. Təklifimə bu günədək cavab verilməyib. Kənd Təsərrüfatı Nazirliyinə etdiyim müraciətin də faydası olmadı. Hazır məhsulumu da almadılar. Əkinimin monitorinqi üçün göndərilmiş adam bilmədi ki, sahədə kartofdur, yoxsa pomidor. Bunların əsas işi əkin sahələrindən şəkil çəkməkdir. Sanki kənd təsərrüfatına aid fotostudiya yaradılıb, albomlar düzəldilir”.

“MƏHSUL ALIŞI MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA HƏYATA KEÇİRLİR”

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin “Aran-1” regional bölməsinin rəhbəri Rəhman Ağaşov isə ünvanlarına deyilən tənqidi fikirlərlə razılaşmır:

“İş olan yerdə narazılıq da olacaq. Kimdən məhsul almamışıqsa, onların giley-güzarı başadüşüləndir. Şəkil çəkilməsi də iş metodlarımızdan biridir. Elə həmin şəkillərlə sübut edə bilərik ki, Loğman Qədirovun əkin sahəsi necə olub, nəyə görə ona avans verilməyib, yaxud məhsulunu almaqdan imtina etmişik”.

Buna da bax:​ Bakıya şikayətə gəlib əliboş qayıdan fermerlər

Təchizat idarəsinin nümayəndəsi bildirir ki, bu hal tək Loğman Qədirovla bağlı deyil:

“Ümumiyyətlə, məhsul alışı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Tovuzda yüz tonlarla kartof 28 qəpiyə təklif olunur. Bunu qoyub kartofu Salyanda 40 qəpiyə almalı deyilik ki? Razılaşma əldə edilməyən halda fermerə məhsulunu yarmarkaya çıxarmaq təklif olunur”.

Screenshot: tedaruk.gov.az
Screenshot: tedaruk.gov.az

YERLİ BAZARLARA TƏZYİQ

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat xidməti rəhbəri Nicat Nəsirli bildirir ki, onlar əsasən ölkənin idxaldan asılı olduğu məhsulların istehsalına dəstək verirlər:

“Bizdə indiyədək bəzi kənd təsərrüfatı məhsulları az istehsal edildiyindən onlar xaricdən alınıb, bu da baha başa gəlir. Əkin üçün avans daha çox belə məhsulların yetişdirilməyinə görə verilir. Artıq, yaxşı nəticələrimiz var. İlk dəfə olaraq ölkədə qarabaşaq yetişdirilməyinə nail olmuşuq. Yaxud qırmızı çuğunduru götürək. Sifarişimizlə kütləvi əkilib və hazır məhsulu 13 qəpiyə tədarük etmişik”.

Buna da bax:​ Örüş yerlərinin şumlanması yüzlərlə fermeri ayağa qaldırdı

Cəmiyyətin sözçüsü alqı-satqı razılaşmasına qiymətin təsir etdiyini etiraf edir:

“Amma görürsən avans alan hansısa fermer öz marağını güdərək məhsulu bizə əvvəlcədən razılaşdırılan qiymətə vermək istəmir. Belə bir problemi biz bir neçə həftə əvvəl Ağsuda yaşadıq. Fermerlərə sarımsaq yetişdirmələri üçün avans verilmişdi. Amma məhsul yetişəndə bizə 2,5-3 manata verməyə razılaşmadılar. Belə hallar olur və ona təbii yanaşmaq lazımdır. İstehsal stimullaşdırıldıqca bu xoşagəlməz hallar da aradan qalxacaq”.

N. Nəsirli bildirir ki, eyni növ məhsulla bağlı fərqli qiymətlərin ortaya çıxması keyfiyyət göstəriciləri ilə bağlıdır:

“Fermerlərin əksəriyyəti aqrotexniki işləri yaxşı bilmir, becərməni düzgün aparmır, buna görə istehsal etdikləri məhsul yüksək keyfiyyət göstəricilərinə malik olmur. Məhsulların əsas hissəsi 3-cü, 4-cü növə aiddir . Təbii ki, ona aşağı qiymət qoyulur. Bizə Salyandan elə kartof təklif olunur ki, onun qiyməti 19-30 qəpik arasında dəyişir. Keyfiyyətli məhsulları anbara vurub saxlayır və onun hesabına qarşısında öhdəliyimiz olan müəssisələri il boyu təchiz edirik. Tələbatdan artıq olanların xarici ölkələrdə satışını həyata keçiririk. Keyfiyyəti aşağı olan məhsulları isə yarmarkalara çıxarırıq. Bəzi hallarda alış qiymətinin üzərinə çox az- 1-2 % əlavə edirik ki, bazarda qiymətlərə təzyiq göstərək, rəqabət mühiti yaransın”.

Buna da bax:​ «Prezident kömək etsin, birlikdə onların öhdəsindən gələk...»

“KARTOF BİZƏ 56 QƏPİYƏ GƏLİB ÇIXIB”

İmişli rayonunun Məzrəli kənd uşaq bağçasının müdiri Mariya Lauşova deyir ki, ərzaq məhsulları ilə təchizatı sözügedən müəssisə həyata keçirəndən bəri keyfiyyət yüksəlib, amma qiymət artımı da var:

“Bizə sonuncu dəfə kartofu 56 qəpiyə veriblər. Başqa məhsulların da qiyməti artıb. Bəzilərini deyim: 87%-lik kərə yağı 9,15 manat, emal edilmiş, 1 litrlik qabda olan süd 1,53 manat, pendir - 4,88 manat, kəsmik- 4,37 manat, toyuq 3,74 manat, 1-ci növ buğda unu 48 qəpik, yumurta 16 qəpik. Həmin məhsulları bu qiymətə, hətta ondan bir qədər ucuz bazardan da almaq olar. İnsafən onların təhvil verdiyi məhsullar keyfiyyətlidir. Dövlətin müəssisəsi olduğundan ona güvənimiz də var”.

Bağça müdiri onu da əlavə edir ki, ərzaq məhsulları bahalaşsa da, uşaqların qida təchizatına ayrılan vəsait artırılmayıb:

“Maliyyə Nazirliyinə də sözümü demişəm ki, ya Nazirlər Kabinetinin uşaqların gündəlik qida rasionu ilə bağlı normativləri dəyişməlidir, ya da bu normativə əməl edilməsi üçün tələb olunan məhsulların dəyərinə uyğun vəsait ayrılmalıdır. Hələlik, biz vəsaitə uyğun xərcləməyə məcburuq- nəyə çatırsa onu alırıq, nəyimiz varsa onu bölüb veririk. Məsələn, duru yağ ala bilmirik. Yaxud bir uşağa səhər yeməyinə 20 əvəzinə 10 qram pendir verməli oluruq...”

Buna da bax:​ Prezident: 'Kartofla təminat bir az aşağı düşüb'

“BU, YENİ KORRUPSİYA LAYİHƏSİDİR VƏ...”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı dövlət müəssisəsi yaradılmasını və ona belə səlahiyyətlər verilməsini bu sahənin də inhisara alınması hesab edir:

“Bu, ilk növbədə azad bazar iqtisadiyyatının əsas prinsipi olan rəqabət mühitini aradan götürmüş olur. Baxın, dövlət tərəfindən saxlanılan müəssisələrin ərzaq məhsulları ilə təchizatı yalnız bir təşkilata həvalə edilib. Bu, o deməkdir ki, digər hüquqi və fiziki şəxslər bu işdən kənarda qalacaq. Əslində məqsəd də budur ki, büdcədən ayrılan pul və ondan gəlir “kənar adam”a qismət olmasın. Üstəlik məhsulun qiymətini fermerə də, alıcı təşkilata da bu Cəmiyyət diktə etmiş olur”.

Ekspert hesab edir ki, kənd təsərrüfatı məhsullarının idxal və ixracında da bu təşkilat üstün mövqedə olan oyunçuya çevriləcək:

“Bəzi məhsullar xaricdə çox ucuzdur. Onları özlərinə yaxın şəxslərin adından ölkəyə gətirib, sonradan guya burada istehsal edilən məhsul kimi baha qiymətə aldıqlarını sənədləşdirmək imkanları olacaq. Burada “kənd təsərrüfatında məşğul olan əhalinin sosial rifahını yaxşılaşdırmaq ”dan söhbət gedə bilməz. Əksinə, məhsul bazarına təzyiq göstərmək fermerin malını əlindən çox ucuz qiymətə almağa xidmət edir. Bu da onun sosial rifahını daha da pisləşdirəcək”.

Buna da bax:​ Kəndli: 'İnəyi satdım, kartof əkdim, o da susuzluqdan məhv oldu'

Salyanda kartof əkilmiş sahə.
Salyanda kartof əkilmiş sahə.

XATIRLATMA

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2016-cı ilin aprelində yaradılıb. Bu barədə prezidentin sərəncamında qeyd olunur ki, Cəmiyyətin yaradılmasında məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaqdır. Habelə, əhalinin sosial rifahını yaxşılaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq məqsədi güdülür. Sənədə həmçinin, dövlət vəsaitlərindən səmərəli istifadənin də qarşıya məqsəd qoyulduğu vurğulanıb.

İki gündə dəyişiklik...

Yazı sayta yerləşdirilərkən Salyandan olan fermer Loğman Qədirov bildirdi ki, təchizat idarəsi onun aşağı keyfiyyətli hesab etdiyi və ilkin olaraq 23 qəpiklə dəyərləndirdiyi kartofunu 40 qəpiyə alıb. Görəsən iki gündə nə dəyişdi ki?..

Günün bütün mövzuları

XS
SM
MD
LG