Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

Sabirabadda gölü qurutmaq üçün onu zibillə doldururlar


Arxiv fotosu
Arxiv fotosu

"Vaxtilə bu göldə balıq, çöl quşları ovlayardıq... Hövzənin suyu təmiz idi, sonradan başladılar maşınlarla zibil daşıyıb tökməyə. İndi yaxınlığında nəfəs almaq da sağlamlıq üçün təhlükəyə çevrilib. Yoluxucu xəstəliklər mənbəyidir. Ətraf kəndlərdən də zibili gətirib bu gölə boşaldıb gedirlər".

Sabirabad sakinləri rayondakı Axmaz gölünün çirklənməsindən ürəkağrısı ilə danışırlar. Onların deməsinə görə, Sovet vaxtı suyundan əkində istifadə etdikləri və balıq, çöl quşu ovlayıb yedikləri göl indi zibillik mənbəyinə çevrilib. Sabirabadlılar gölün tez bir zamanda qurudulub ləğv edilməsini istəyirlər. Səbəb də zibillə dolu hövzədən kənara yoluxucu xəstəliklərin yayılmasıdır.

Buna da bax:​ Ucarlı müharibə əlili: 'Deyirlər get, evi kim tikibsə, işığı da o çəksin’

“HƏR GÜN ZİBİLDAŞIYANLARLA DAVA EDİRƏM”

Sabirabad sakini İbrahim Səfərov hövzənin keçmişindən danışır:

"Sabirabad rayonu ilə Saatlı rayonunun ərazilərində olan Axmaz adlanan hövzə köhnə Araz çayının yeri olub. Bir növ kanalizasiya rolunu da oynayıb. Tullantı və qrunt suları bu hövzəyə axıb, nasoslar vasitəsilə SSRİ-dən qalan, yarıtmaz da olsa işləyən kanalizasiyaya vurularaq axıdılıb".

Sabirabad sakini Təhməz Salmanlının evi gölə yaxın ərazidə yerləşir. Deyir, hər gün bu gölün üfunətini ciyərə çəkmək başqa məşəqqətdir:

“Az qala, bütün Sabirabadın zibilləri hövzəyə daşınıb tökülür. Dəfələrlə yerli icra hakimiyyətində qəbulda olub şikayətimi bildirmişəm. Bu məsələylə bağlı heç bir tədbir görülmür. Üfunətdən başımızı götürüb qaçmağa yer axtarırıq. Hər gün zibil daşıyanlarla dava edirəm ki, şəhərin müxtəlif yerindən zibilləri daşıyıb bura tökməsinlər. Deyirlər, "özbaşına deyilik, icra hakimiyyəti hara deyir, ora da gətirib tullayırıq". Axmazı torpaqla doldurmaq əvəzinə zibillə doldururlar”.

Buna da bax:​ Potulular: 'Pulu var, çayın məcrasını dəyişdirir'

“İŞİN YARISI DA GÖRÜLMƏYİB”

Hələ 6 il əvvəl Nazirlər Kabineti gölün qurudulması ilə bağlı sərəncam verib. Hətta bu işlərə görə 1 milyon manat ilkin vəsait də ayrılıb. Ancaq sakinlər iddia edir ki, göldə qurutma işləri aparılmır, əksinə, gündən günə zibillə yüklənir. Təhməz Salmanlı:

"Gölü qurutmaqdansa, zibillə yükləyirlər. Qrunt və tullantı suları axıb əkin sahələrimizə dolur, əkinçilik təsərrüfatımızı məhv edir. Əkin sahələrinin çirkab sularla suvarılması sonradan o məhsuldan istifadə edən insanların sağlamlığına təhlükədir. Ona görə də xəstəliklər durmadan artır. Taxıl sahələrimiz, meyvəçilik - hamısı məhv olur. 6 ildir ki, rayon mərkəzində antisanitariya və xəstəlik mənbəyinə çevrilən, 32 hektar ərazini əhatələyən hövzənin qurudulması prosesinə başlanıb. Ancaq heç işin yarısı da görülməyib. Suyun səviyyəsi qalxanda ətrafdakı evlərə ziyan dəyir, həyətləri çirkab su basır. Üfunətdən adamlar evini qoyub qaçır".

Buna da bax:​ Qonaqkəndlilərin ürəyinə vəlvələ salan Vəlvələçay

Sabirabad icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Nazirlər Kabinetinin Axmaz gölünün qurudulması ilə bağlı sərəncamı var. Həmin sərəncama görə, gölün ərazisində drenaj şəbəkəsi qurulmalıdır. Ancaq bundan ötrü əvvəlcə gölün ərazisinə 600 millimetr diametrli borular çəkilib nasos stansiyası tikilməlidir. Ərazidə, örtülü drenlər və suayırıcı anbar da inşa edilməlidir. Beləcə, gölün suyu borular vasitəsilə nasos stansiyasına, oradan da Küryanı kollektora ötürüləcək və göl qurudulacaq. Bu işlərin başa çatdırılması üçün isə nə az, nə çox - 2 il vaxt tələb olunur. Bundan sonra ərazidə yeni yaşayış massivi və park salına bilər.

XS
SM
MD
LG