Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:56

Dövran dollarındır


Dollar
Dollar

Benjamin Netanyahu Azərbaycana gəlmək istəyir; Sələfi ekstremizmini «normallaşdırmağın» bədəli – 6 iyul Qərb mediasının icmalı.

Dünyada 4-cü valyuta ticarətçisi olan «Deutsche Bank AG» ABŞ dollarının məzənnəsinin getdikcə yüksələcəyini proqnozlaşdırır. Belə ki, ABŞ-da maliyyə durumu yaxşılaşır, Federal Ehtiyatlar Sisteminin də (FED) bu il uçot dərəcəsini qaldıracağı gözlənilir. Bloomberg.com yazır ki, Britaniyanın Avropa Birliyindən çıxmağa dair 23 iyun referendumundan sonra dollar ticarətdə ən çox işlənən 31 valyutanın əksəriyyətinə qarşı bahalanıb. San-Fransisko Bankının prezidenti John Williams deyib ki, Britaniyadakı səsvermə ABŞ iqtisadiyyatına təsir göstərməyəcək və bu il uçot dərəcəsinin qaldırılması da mümkündür.

«Dollar avroya və digər valyutalara, eləcə də yeni yaranan bazarların valyutalarına qarşı möhkəmlənməlidir», - bunu «Deutsche Bank»ın Nyu-Yorkdakı təmsilçisi Alan Ruskin deyir. O, ilin sonunadək bir avronun 1.05 dollar olacağını proqnozlaşdırır. «Bloomberg» isə təhlilçilərə istinadla bir avronun 1.09 dollar olacağını proqnozlaşdırmışdı.

Bu arada dollar yapon yeniylə birlikdə bahalanır. İngiltərə Bankının rəhbəri Mark Carney deyib ki, bankın atdığı addımlar «Brexit»in yaratdığı sabitsizliyi tamamilə kompensasiya edə bilməz. Funt sterlinq son 31 ildə ən aşağı həddə enib.

«Bloomberg» yazır ki, indi ən dəqiq proqnozçular belə dolların yüksəliş dövrünün başlandığını bildirir.

«Julius Baer Group Ltd.»nin Frankfurtdakı təmsilçisi David Kohl deyir ki, «Brexit» (Britaniyanın Avropa Birliyindən çıxması) məsələsi hələ həftələr və aylar ərzində gündəmdə qalacaq deyə, bu, dolların kursuna təsirini göstərəcək. Kohl-un proqnozuna görə, avro bu rübün sonunadək 2 faizdən çox düşəcək və 1.08 dollara bərabərləşəcək. Çərşənbə axşamı Nyu-Yorkda avro 1.11 dollara bərabər olub.

Benjamin Netanyahu
Benjamin Netanyahu

NETANYAHU AZƏRBAYCANA GƏLMƏK İSTƏYİR

«The Times of Israel» qəzetində Raphael Ahren yazır ki, İsrailin baş naziri Benjamin Netanyahu gələn qış Qazaxıstana və Azərbaycana səfər planlaşdırır.

Netanyahu bu planını Afrikanın dörd ölkəsinə səfəri zamanı onu müşayiət edən jurnalistlərə açıqlayıb. O, Uqanda, Keniya, Ruanda və Efiopiyada səfərdədir. Baş nazir Fələstinlə münaqişədə İsrailin mövqeyini möhkəmləndirmək məqsədilə yeni alyanslar yaratmaq istədiyini söyləyib.

Müəllif yazır ki, İsrail liderləri qeyri-ərəb və müsəlman çoxluğu yaşayan ölkələrə az hallarda səfər edirlər. 2009-cu ildə ovaxtkı prezident Shimon Peres Qazaxıstana və Azərbaycana səfər edən ilk israilli dövlət başçısı olub.

İndi isə Netanyahu deyir ki, Rusiya, Çin, Yaponiya və Hindistan, eləcə də Yaxın Şərqdəki ərəb ölkələri və Latın Amerikası dövlətləri İsraillə güclü münasibətlər qurmaq istəyirlər. «Məqsədim fələstinlilərlə birbaşa və ciddi danışmaqdır. Amma bu, mümkün deyil, çünki onlar… beynəlxalq forumlarda bundan qaçırlar».

Netanyahu-nun sözlərincə, fələstinlilər İsraillə birbaşa danışmaq əvəzinə dövlətçilik məsələsini irəlilətmək üçün birtərəfli qaydada beynəlxalq qurumlara üz tuturlar.

İsrail baş nazirinin fikrincə, ölkəsinin xarici əlaqələrini genişləndirmək siyasəti nəticəsində «fələstinlilərin daha belə bir sığınacağı qalmayacaq və bizimlə ikitərəfli əsasda müzakirə aparmalı olacaqlar. Beynəlxalq sığınacaqları olduğu müddətdə bundan imtina edirlər».

R.T.Erdoğan Mədinədə
R.T.Erdoğan Mədinədə

SƏLƏFİ EKSTREMİZMİNİ «NORMALLAŞDIRMAĞIN» BƏDƏLİ

«The Huffington Post» Türkiyənin 11-ci prezidenti Abdullah Gül-ün müşaviri işləmiş Yusuf Müftüoğlu-nun məqaləsini dərc edib. Müəllifin fikrincə, Türkiyədə indiyədək törədilən və gələcəkdə törədilə biləcək hücumlar Ankaranın Suriyadakı müharibəyə qoyduğu sərmayənin nəticəsidir. «İllər boyu Türkiyə sələfi fraksiyalarını dəstəkləyib, onların tərkibi, məqsədləriylə elə də maraqlanmayıb. Ona görə dəstəkləyib ki, onlar Suriya prezidenti Bashar al-Assad-a qarşı vuruşublar. Onlar Türkiyədən ötrü yaxşı oğlanlar idilər. Onların müharibə taktikasının qəddarlığı uzun müddət gözardı edilib», -məqalədə oxuyuruq.

«Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə uzun müddət bu qrupların arxasında duran Türkiyədən dəstəyin böyük hissəsi açıq sərhəd siyasəti vasitəsilə göstərilib. Müharibə başlanandan sonra Türkiyə «İslam Dövləti» (İŞİD) qruplaşmasının, «əl-Nusra» cəbhəsinin və sələfi fraksiyalarının arxa bazası rolunu oynayıb. Onlar günorta Suriyada döyüşüb, gecə istirahətə Türkiyəyə gəliblər», - yazan müəllif bu tendensiyanın İŞİD qəddarlıqları Qərbdə törətdiyi qanlı hücumlarla dünyanın diqqət mərkəzinə düşdüyü anadək davam etdiyini vurğulayır.

«Türkiyənin Suriyada sələfi fraksiyaları dəstəkləmək siyasəti, döyüşçüləri tərifləyən nəhəng ictimai münasibətlər mexanizmi sələfiliyi adi, dindar sünni türklərin gözündə normallaşdırıb. Suriya müxalifətinə Türkiyədən verilən dəstək islamçı gündəmə göstərilən dəstək idi… Türkiyənin bir sıra islamçı QHT-ləri, mediası bu prosesdə aparıcı rola yiyələndi. Onlar nəinki aşırı məzhəbçi ideologiya yayır, eyni zamanda İŞİD-lə bağlı xəbərdarlıq edən hər kəsi susdururdular».

Müəllif yazır ki, məhz mülayim sələfiləşdirmə mühiti İŞİD-ə türklər arasında yayılmağa əsas verdi. Adıyaman və digər şəhərlər İŞİD-in şəbəkələrinə çevrildi. Hətta İstanbulda və Ankarada belə İŞİD-in üzvlər topladığı bölgələr var.

Məqalədə vurğulanır ki, indi bütün bu Suriya macərasının günahı keçmiş baş nazir Ahmet Davutoğlu-nun üzərinə yıxılır. Halbuki prezident Recep Tayyip Erdoğan uzun illər tərəddüd etmədən bu macəranı qüvvədə saxlayıb və sünni islamın başında duraraq ondan faydalanıb. Erdoğan-ın bunun yanlış yol olduğunu anlayıb-anlamadığı, bu yoldan dönüb-dönmədiyi hələ də bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG