Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:43

Beynəlxalq qalmaqal: Rusiyalı mühafizəçi amerikalı diplomatı döyüb


NTV-nin yaydığı görüntü
NTV-nin yaydığı görüntü

Birləşmiş Ştatların Moskvadakı səfirliyinin binası önündə amerikalı diplomatla səfirliyin rusiyalı mühafizəçisi arasında qalmaqal baş verib. Beləcə, iki ölkə arasındakı diplomatik qalmaqala yeni səhifə əlavə edilib.

Rusiyanın nəhəng «Qazprom» şirkətinin maliyyələşdirdiyi NTV kanalı insidentlə bağlı geniş videosüjet yayımlayıb. Süjetdə insidentin videogörüntülərinə də yer verilib.

VİDEODAN GÖRÜNƏNLƏR

Videodan görünür ki, taksidən enib səfirliyin binasına doğru irəliləyən diplomata qəfildən mühafizə məntəqəsindən polis uniformalı biri çıxaraq hücum edir. Onlar əlbəyaxa olub yerə yıxılırlar. Diplomat sürünərək, çətinliklə də olsa, səfirliyin qapısını aralaya və özünü içəri sala bilir. Beynəlxalq konvensiyalara əsasən, səfirliyin içərisi toxunulmaz sayıldığından, mühafizəçi diplomatı buraxmalı olur.

Bu videogörüntünün yayılması iyunun 6-da baş verən olaydan sonra tərəflərin qarşılıqlı diplomatik atışmaların davam etdiyi bir vaxta tuş gəlir.

Vaşinqton Rusiyanın Federal Təhlükəsizlik Xidmətini səfirliyin bir neçə metrliyində amerikalı diplomata hücum çəkməkdə ittiham edib. Hadisə nəticəsində diplomatın çiyin sümüyünün qırıldığı bildirilib.

Ağ Ev nümayəndəsi bunu da bildirib ki, Rusiya xüsusi xidmət orqanı əməkdaşları vaxtaşırı xəlvəti şəkildə amerikalı diplomatların mənzillərinə soxulurlar. Yol polisinin diplomatların avtomobillərini dayandırıb yoxlaması, onların və ailə üzvlərinin aramsız izlənməsi həmin amerikalıları basqı altında saxlayır.

RUSİYA XİN-DƏN SƏRT CAVAB

İyunun 30-da Rusiyanın Xarici İşlər Nazirliyindən bu açıqlamalara sərt cavab gəlib. Nazirliyin sözçüsü Maria Zakharova sözügedən diplomatın, əslində, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) xüsusi əməliyyatdan qayıdan əməkdaşı olduğunu söyləyib.

Zakharova-nın sözlərinə görə, mühafizəçinin güc tətbiqinə səbəb «onun şübhəli şəxsdən sənədini göstərməsini istəməsi və cavabında sonuncunun mühafizəçiyə dirsəklə zərbə endirməsi olub». Düzdür, NTV kanalının yaydığı videodan aydın görünür ki, diplomat taksidən enər-enməz, mühafizəçi qaçaraq ona hücum çəkir və əlbəyaxa dalaşın təşəbbüsçüsü də məhz odur.

NTV-nin həmin süjetində XİN sözçüsü deyir ki, diplomat olduğu deyilən şəxs xarici görünüşünü gizlədərək, heç bir sənəd göstərməyib: «O, terrorçu da, ekstremist də, canlı bomba da ola bilərdi».

NTV bir qədər də irəli gedərək, həmin amerikalının səfirliyin siyasi məsələlər departamentinin 3-cü katibi adıyla fəaliyyət göstərən Daniel Van Dyken olduğunu və onun «arzuolunmaz şəxs» sayılaraq, artıq Rusiyanı tərk etdiyini bildirib.

CAVAB TƏDBİRİ OLARAQ...

Dövlət Departamentinin sözçüsü John Kirby yayılan videogörüntünün həqiqiliyini yoxlamaq gücündə olmadıqlarını söyləyib, ancaq əminliklə bildirib ki, sözügedən şəxs səfirliyin lazımi qaydada akkreditasiya edilmiş diplomatı olub. O, cavab tədbiri olaraq, Rusiyanın Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öz ölkələrinə geri göndərildiyini də açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG