Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Rusiyada sinə aksiyası


Putin-in xeyrinə seks-təbliğat
Putin-in xeyrinə seks-təbliğat

Rusiyada prezident seçkiləri kampaniyası hələ başlamasa da, hakimiyyətə yaxın strukturlar artıq gəncləri indiki prezident Vladimir Putin-ə səs verməyə çağırmağın yollarını axtarırlar. Kremlə yaxın #Сеть (Şəbəkə) hərəkatı bu məqsədlə qadın sinəsinə bel bağlayır.

Martın 26-da keçirilmiş «On vam ne Dimon» aksiyasında çox sayda tələbə və hətta şagirdin iştirakı hakim dairələri gənclərlə işləməyin yeni üsullarını axtarmağa vadar edib. İndi artıq beldən aşağı, əsas instinktlərə söykənən tədbirlər təklif olunur. («On vam ne Dimon» – Rusiyada müxalifət lideri Aleksei Navalny-nın bu filmi bu il martın 2-də YouTube portalında yerləşdirilib, baş nazir Dmitry Medvedev-in əmlakını araşdırıb – red.)

«PUTIN-İN TƏRƏFİNDƏYİK»

#Сеть hərəkatının siyasi prinsipi sadədir. «Biz Putin-in tərəfindəyik. Rusiya hakimiyyətini dəstəkləmək dünya hakimiyyətinə qarşı olmaq deməkdir. Putin-ə qarşı olanlar dünya hakiminin tərəfindədirlər», – deyə onlar öz saytlarında yazırlar. Onlar «Putin-lə meditasiya» keçirirlər. Bu zaman gənclər gözlərini yumaraq, sadəcə, «bir müdrik müəllimin səsini» dinləyirlər. Hərəkat «layk və paylaşma ədəbiyyatı» mövzusunda master-klaslar keçirir, ilin hər ayının Putin-in bir kəlamına həsr edildiyi təqvimlər buraxır və «Mənəvi bağlar» adlı sərgi keçirərək, gənc rəssamları dünyaya tanıdır. Onların siyasi kino məktəbinin kuratoru isə, nə az, nə çox, Emir Kusturica-nın (yuqoslav və serb kinorejissor – red.) özüdür.

Putin-in xeyrinə seks-təbliğat
Putin-in xeyrinə seks-təbliğat

Korrupsiya ilə mübarizə fondu hesablayıb ki, 2015-ci ildə #Сеть hərəkatının layihələrinə 70 milyon rubl (1.2 milyon dollar) qrant ayrılıb. Halbuki, hərəkatın nümayəndəsi «Dozhd» telekanalına onların, sadəcə, fərdi ianələr hesabına mövcud olduğunu demişdi.

«PREZİDENT ADMİNİSTRASİYASINDAN KURASİYA OLUNUR»

Məlumatlı mənbə hərəkatın prezident administrasiyasından kurasiya olunduğunu deyir. «Prezident administrasiyasında gənclər arasında etiraz əhval-ruhiyyəsinin artmasından ciddi narahatlıq keçirirlər. İndi gəncləri cəlb etməyin fərqli yolları axtarılır. Qəşəng qızların əynindəki seksual maykalar gənclərin müəyyən qrupu arasında «işə yaraya» bilər», – o deyir.

Rusiyada siyasi təbliğat üçün gözəl qadın sinəsindən yararlanan təkcə putinpərəst strukturlar deyil. «Otkrıtaya Rossiya» (Açıq Rusiya) hərəkatı aprelin 29-da keçiriləcək aksiyaya çağırış üçün çılpaq, üzərinə təbliğat stikerləri yapışdırılmış qız görüntüsündən istifadə edir. Görüntü hərəkatın Twitter hesabında yayılıb.

«Artıq seçkiyə hazırlıq başlayıb. Auditoriyanın hədəflənməsi prosesi gedir. ...Axı Putin təkcə prezident deyil, həm də kişidir. İnsana xas şeylər ona da yad deyil. Özü də o, rəsmən evli deyil. Başqasının ərini qız sinəsinə yapışdırmaq bayağı olardı. Ancaq subay kişini yapışdırmaq olar», – politoloq Konstantin Kalachov deyir.

Putin-in xeyrinə seks-təbliğat
Putin-in xeyrinə seks-təbliğat

AUDİTORİYANI SEQMENTLƏŞDİRMƏK

Rusiya hökuməti yanında Maliyyə Universitetinin Siyasi araşdırmalar mərkəzinin direktoru, politoloq Pavel Salin-in fikrincə, Navalny-nın «On vam ne Dimon» aksiyasından sonra hökumət, nəhayət, anlayıb ki, gənclərlə daha çox işləmək lazımdır.

«Ancaq hərə bunu bir cür başa düşür. İndi belə layihələr üzrə qeyri-rəsmi tender elan edilib. Qızlardan istifadə ideyası tamamilə doğrudur və yeni deyil. İstənilən manipulyasiya, o cümlədən siyasi manipulyasiya əsas instinktlər üzərində qurulub və bu, həmişə belə olub. Trump-ın (ABŞ prezidenti Donald Trump) seçki kampaniyası göstərdi ki, indi siyasətdə effektiv fəaliyyət göstərməkdən ötrü auditoriyanı daha dəqiq seqmentləşdirmək lazımdır.... Hökumətimiz Amerika təcrübəsini nəzərə alıb və, görünür, ondan yararlanacaq», – o deyir.

Həkim-seksoloq, tibb elmləri namizədi Aleksandr Poleev-sə hesab edir ki, belə seks reklamının bir xeyri olmayacaq. Onun sözlərinə görə, bu reklam uzaqbaşı «ucqar kənddə yaşayan oğlanlara təsir edəcək». «Əksinə, bu reklam auditoriyanın mühafizəkar və pravoslav hissəsini itələyəcək. Prezidentdən söhbət gedəndə, seksə eyham yalnız işin ziyanına ola bilər. Biz istəyirik ki, prezident ölkənin problemləri və onların həlli barədə düşünsün... Məncə, bu reklam gənclər arasında Putin-ə rəğbəti artırmayacaq, yaşlıları isə ürküdəcək», – o deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG