Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 17:32

Rusiyada müsəlman məhbuslarla qanuni oğruların münasibətləri


Stepan Zimin

Həbsxanalarda islam populyarlaşır. "Rus sidyaşaya" ("Həbsdəki Rusiya") layihəsinin koordinatoru Stepan Zimin deyir ki, "hədislərə görə dünyanı qaraya və ağa bölmək daha asandır".

Zimin ərəb dilini mükəmməl bilir. O, Bolotnoye işi üzrə, kütləvi iğtişaşlarda iştiraka görə 3,5 il həbs cəzasına məhkum edilib.

Fevralın ortalarında Tuvada bir koloniyada Şlyapa Mladşiy ləqəbli Ruslan Gegechori adlı məhbus çeçen xalqı haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə bir qafqazlı tərəfindən nokauta salınıb. Baş verənlərdən sonra onu döyən səkkiz nəfər koloniyanın ərazisindəki məscidə namaz qılmağa gedib. Döyülmüş "qanuni oğru" isə daha 20 məhbusu başına toplayaraq həbsxana məscidinə soxularaq qafqazlıları döyüb, məscidin özünə isə ziyan vurub.

Buna da bax:​ Killer, kleptokrat, dahi, casus: Vladimir Putin barədə çoxsaylı miflər

Cəzaların icrası üzrə federal xidmət (FSIN) baş verənlərlə bağlı açıqlamasında bildirib ki, müsəlmanlarla "qanuni oğrular" arasında müharibə olmayacaq. Müsəlmanların ruhani idarəsi isə bildirib ki, sələfilər müsəlmanlarla oğruların arasını vurur.

RADİKAL İSLAMI DA TƏBLİĞ EDİRLƏR

"Kavkaz.Realii"yə müsahibə verən Zimin cəzaçəkmə müəssisələrinin islamlaşmasından danışır. O, Britaniya parlamentinin İcmalar Palatasının hesabatına istinad edir. Hesabatda deyilir: "Son 15 il ərzində İngiltərə və Uels həbsxanalarında müsəlmanların sayı 3 dəfədən çox artaraq 3 min 681 nəfərdən 11 min 248 nəfərə çatıb". Yəni, söhbət beynəlxalq tendensiyadan gedir. Ziminin sözlərinə görə, Rusiyada da oxşar durumdur. FSIN iddia edir ki, son illər müsəlman məhbusların sayı bir neçə dəfə artıb.

Zimin məhbusların islamı qəbul etməsi tendensiyasının yeni olduğunu deyir. Ancaq o, cəzaçəkmə yerlərində radikal islamın yayıldığını iddia etmir. Onun sözlərinə görə, müftilərin özləri belə təfsirləri yasaqlayırlar. "İslamın özü ümumilikdə yetərincə ortodoksal dindir", – o deyir.

Buna da bax:​ Kreml Fillon-un vasitəçilik xəbərini rədd edir

"Rus sidyaşaya" layihəsinin koordinatoru etiraf edir ki, "terrorizmlə mübarizə" çərçivəsində həbsxanalara radikal islamı da fəal şəkildə təbliğ edən məhbuslar da düşür. Həbsxanaya düşəndən sonra onlar "’zon’ qaydalarına tabe olmaq istəmirlər və həyatlarını dinc şəriətlə nizamlamağa çalışırlar".

HƏBSDƏ DİNLƏ MARAQLANMAĞA BAŞLAYIRLAR

Zimin xatırladır ki, 2010-2015-ci illərdə güc strukturlarının Rusiya ərazisində narkotik vasitələrin satışını məhdudlaşdırmaq üçün apardığı kampaniya nəticəsində həbsxanalara düşən müsəlman Orta asiyalıların sayı artıb.

"Şübhəsiz ki, bu, Rusiya həbsxanalarında camaatların (müsəlman birliklərinin) güclənməsinə yol açıb. Koloniya və istintaq təcridxanalarında müsəlmanların birləşməsi məhbusların özlərini də, güc strukturlarını da çox narahat edir", – deyə o bildirir.

Buna da bax:​ 'Hərəmxana', 'obşak', yoxsa ailə - söhbət Krımı idarə edənlərdən gedir...

Qahirə Universitetində təcrübə keçmiş Ziminin özü həbsxanada Orta asiyalılarla birlikdə cəza çəksə də islamı qəbul etməyib. O qeyd edir ki, “zon”a düşən müsəlmanlar öz dinləri ilə daha yaxından maraqlanmağa başlayırlar. "Bunu elə xristianlar haqqında da demək olar", – o deyir.

İnsan hüquqları fəalının sözlərinə görə, həbsxanada dinə müraciət halları geniş yayılsa da, yalnız müsəlmanlar özlərini həm məhbəs qaydalarına, həm də nəzarətçilərə qarşı qoymağı bacarırlar.

NAMAZ OTAQLARI YOXDUR

Zimin deyir ki, bir çox “zek” ona görə camaatlara can atır ki, "bu, həbsxanada müsəlmanın xilasının yeganə yoludur". "Belə bir birliyə daxil olmuş adam həbsxanadakı başqa kastalardan qorunduğuna əmin ola bilir", – o deyir.

Buna da bax:​ 'Bir az amerikalılara nifrət edək, sonra taciklərə qayıdacağıq'

Qeyd edilir ki, məhbuslar, əsasən, iki belə kastaya bölünür: inzibatçılarla əməkdaşlıq edən, oğru ənənələrini dəstəkləməyən "qırmızılar" və "öz ağlı ilə" yaşayan, həbsxana rəhbərliyi ilə əməkdaşlıqdan imtina edən "qaralar".

Saxlama şəraitinə gəlincə, Zimin "dini təzyiq" amilini vurğulayır. Onun sözlərinə görə, koloniyanın gündəlik qrafikində beş dəfə namaz qılmağa vaxt ayırmaq mümkün deyil. Bundan başqa, islah müəssisələrində xristianların ibadət yerləri olsa da, müsəlmanların namaz otaqları yoxdur.

Həbsxanadakı qidadan danışan keçmiş məhbus onun heç də həmişə islam qaydalarına uyğun olmadığını deyir.

Buna da bax: Rusiya vətəndaşı olmaq asanlaşır

"Şübhəsiz ki, bütün bunlar müsəlman özəklərinin qapalı icmalarda yaşayan üzvlərini qane etmir", – deyə Zimin vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG