Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:34

Kommunar qəsəbəsinin yanından 'axan qızıl çay' və təqaüdçü Nina Juravleva


Rusiya qızıl emalı, 14 fevral 2017

Bu ilin sonuna qədər Rusiyanın Xakasiya Respublikasında qızılçıxaran “Kommunar mədəni” fabriki emal həcmini iki dəfə artırmaq niyyətindədir. Yenidən qurulmuş müəssisə 1 milyon tonadək filizi zənginləşdirməyə imkan verəcək. Hazırda burada ildə bir ton qızıl hasil olunur. Son illərdə şirkət iki dəfə böyüyüb, illik gəliri 190 milyon rubl olub. Ancaq fabrikin yerləşdiyi qəsəbənin həyat səviyyəsi heç də zənginlikdən xəbər vermir. AzadlıqRadiosunun rus xidməti-nin əməkdaşı susuz, kommunal borclara görə ictimai binalarına həbs gözlənən Kommunar qəsəbəsinə baş çəkiblər.

Kommunar qəsəbəsini paytaxt Abakandan 240 km məsafə ayırır: rayon mərkəzinə qədər əvvəlcə asfalt yolla gedirsən, sonra isə tayqadan keçən daşlı-kəsəkli yolla qəsəbəyə çata bilirsən. Abakandan Kommunara gündə bir dəfə avtobus gedib gəlir.

Kommunar qəsəbəsinə aparan yol
Kommunar qəsəbəsinə aparan yol

Buna da bax: Qızıl üstündə yaşayan gədəbəylilər…

Kommunarda qızıl mədənləri 19-cu əsrin ilk yarısında tapılıb. Burda ilk dəfə 1899-cu ildə qızıl tərkibli filiz çıxarılıb. Qızıl mədəninin ilk sahibi Konstantin İvaniskiy-in şaxtasının izləri hələ də torpaq altında qalır, onu bir də tikdirdiyi kanat yolun dirəkləri xatırladır.

“Burda ağacdan funikulyor, kanat yolu olub”, – “Şimal” şaxtasının rəisi İqor Kazansev deyir. Onun sözlərinə görə, qabaqlar xammal KAMAZ və ya KrAZ-la yox, kanat yolla daşınırmış.

“Əsas odur ki, iş var”

İqor Kazansev Kommunarda doğulub, Krosnoyarski Əlvan Metallar İnstitutunu bitirib, sonradan ata yurduna mədəndə işləməyə qayıdıb, halbuki onu Norilsk və Abazuya işləməyə çağırıblar. 90-cı illərin sonunda mədəndə iki dəfə yemək və evə aparmağa bir kömbə çörək verdiklərinə görə qalıb işləyib. Sonralar isə mədəndə vəziyyət yaxşılaşıb. Ancaq maaşı son illərdə ardıcıl verməyə başlayıblar. “Əsas odur ki, burda iş var, 90-cı illərdəki kimi deyil”, – Kazansev deyir. Onun sözlərinə görə, mədən sıradan çıxırdı, “indi isə hamı işləyir və qızıl hasil edirik”.

"Şimal" qızıl mədəni
"Şimal" qızıl mədəni

Qızıl mədəni qəsəbənin yaxınlığındakı dağlarda yerləşir. 100 il öncə olduğu kimi, indi də şaxtada işləmək mədəndə ən ağır iş sayılır. Dağ-mədən işçiləri nəfəs almaq çətin olan yeraltında 7 saat işləməlidirlər. Mədəndə ən çox maaşı qazmaçılar alırlar: 70 min rubl. Qazma işi ən çətinidir və bəzi xroniki xəstəliklərdən yayınmaq, demək olar ki, mümkün deyil.

Buna da bax: Qizil yataqlari Ilham Aliyevin qizlarina aid olmamaldir!. Bu bashqa shirketlerin elindedir

“Qızıl bitib tükənmir”

Kazansev danışır ki, 100 ildir Kommunarda qızıl bitib tükənmək bilmir. Bunun da səbəbi kimyəvi vasitələrdir. Kazansev deyir ki, müasir texnologiya az filizdən də qızıl almaq imkanı verir: “Əvvəllər bir ton filizdən 2 qrama qədər qızıl alınırdı. İndi isə 500 min ton filizdən ildə 1 ton qızıl alınır”.

Mədən işçilərindən biri Vladimir Maryasov deyir ki, indi heç şəhərdə də aya 30 min rubl qazanmaq mümkün deyil. Onun sözlərinə görə, mədənə iş üçün gələnlər çoxdur.

Lyubov Kandraşova
Lyubov Kandraşova

Təhlükəsizlik sistemində çalışan Lyubov Kondraşovanın sözlərinə görə, əvvəllər fabrikdə “zərərli” işdə çalışandan sonra 49 yaşında təqaüdə çıxıb, ancaq evdə oturmaq istəməyib. Onun əri də bu fabrikdən güzəştli təqaüdə çıxıb, iki oğlu da bu müəssisədə çalışır.

“Əmək haqqını səbəb göstərmədən kəsə bilərlər”

Rəhbərliyin yanında jurnalistlərə dolanışıqdan razılıq bildirənlərin bəziləri təklikdə deyiblər ki, hər an əməkhaqqı heç bir səbəb göstərmədən kəsilə bilər. “Narazılıq bildirəndə, deyirlər, ‘xoşun gəlmir, gedə bilərsən’. Məsələn, 50 min maaş yazırlar, amma əlinə 15 min verirlər”, – onlar danışıblar.

Kommunar mədəni “Yujuralzoloto Qruppa Company” qrupuna daxildir. “Forbes” 2016-cı ildə şirkətin rəhbəri Konstantin Strukovun varidatını 900 milyon dollar civarında dəyərləndirib.

Qızıl mədəninin kasıb qəsəbəsi

Qızıl yataqları üzərindəki kasıb daxması
Qızıl yataqları üzərindəki kasıb daxması

Kommunar qəsəbəsində daha çox taxtadan tikilmiş müvəqqəti evlər görünür. Əgər mədən istisna edilsə, demək olar ki, burda iş yoxdur. Və adamlar Kommunardan gedir, burda daha çox qocalar – təqaüdə baxan keçmiş mədən işçiləri yaşayırlar. Qəsəbədə atılmış evlər də az deyil.

Kommunarın nə asfalt yolları, nə mərkəzləşdirilmiş su sistemi var. Kimin bir az pulu var, özünə su quyusu qazdırıb, qalanları suyu sisternlərdə gətirirlər.

Mədən rəhbərliyi Kommunardan məişət tullantılarının daşınmasını həll edib, ancaq qəsəbə sakinlərinin “kommunal xidmət sevinci” bununla da yekunlaşıb.

Buna da bax: Nazir AzadlıqRadiosunun qızıl yataqları ilə bağlı suallarını cavablandırdı

“Təqaüdlə dolanmaq çətindir”

70-80 yaşlı təqaüdçülər şikayətləniblər ki, aldıqları pensiya ilə dolanmaqda çətinlik çəkirlər, evləri qızdırmaq çətindir.

2,5 min əhalisi olan qəsəbənin orta məktəbi və tibb məntəqəsi olsa da, burda tibb bacılarından başqa cəmi iki həkim – stomatoloq və terapevt işləyir. Pediatrdan ötrü 70 km aralıda yerləşən qonşu rayona getməli olurlar.

Qızıl çıxarılan qəsəbənin təqaüdçüsü Nina Juravleva
Qızıl çıxarılan qəsəbənin təqaüdçüsü Nina Juravleva

70 milyonluq işıq pulu

Qəsəbənin elektrik borcu 70 milyon rublu ötüb. Kənd sovetinin sədri Nadejda Qripsenko deyir ki, Kommunarın büdcəsi 8 milyondur. Mədəndən qəsəbənin büdcəsinə 4 milyon 700 min rubl gəlir, 170 milyondan çox vəsait isə müxtəlif səviyyələrdə büdcəyə gedir.

Nadejda Qripsenko-nun deməsinə görə, kommunal borclara görə qəsəbə rəhbərliyinin mütəxəssislər üçün aldığı tibb işçilərinin binasına həbs qoyulacaq. Station və idman zalına da həbs gözlənir.

Unudulan vədlər

Qəsəbə sakinləri şikayətlənirlər ki, mədən müdiriyyəti və region rəhbərliyi Kommunarın problemi ilə məşğul olmur. Düzdür, 2013-cü ildə qubernator seçkilərində qazanxana və məktəbdə təmir işləri aparılıb, yerli mədəniyyət idarəsini kafelli tualetlə təmin ediblər. Regionun başçısı Viktor Zimin seçkiqabağı vəd verib ki, mədənin ödədiyi vergilərin üçdə biri, təxminən 50 milyon rubl qəsəbə büdcəsinə köçürüləcək. Ancaq seçkidən sonra bu vəd unudulub.

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]

Kommunar qəsəbəsində Məişət evi
Kommunar qəsəbəsində Məişət evi

Regionda növbəti qubernator seçkiləri gələn ildir. İstisna deyil ki, region rəhbərliyi yenidən Kommunarda peyda olub oxşar vədlər verəcəklər.

Mədəndə isə böyük tikinti işləri gedir: 113 mütəxəssis filizin doğranması və xırdalanması sexinin qurulması üçün işləyirlər. Bundan ötrü Uraldan xüsusi mütəxəssislər gətirilib. Tərkibində qızıl olan bir ton filizdən 1,8-2 qram qızıl hasil olunur. Mədəndə ildə 500 min ton filiz çıxarılır. Yenidənqurma işləri qızıl hasilatını iki dəfə artıracaq. Necə deyərlər, mədəndən hələ uzun müddət “qızıl çay” axacaq, ancaq görünür, bu “çay” Kolumbar qəsəbəsinin yanından ötüb keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG