Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

Dünya xəbərləri

Erdogan:"Rusiya çox şey itirə bilər"

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“Əgər Moskva Ankara ilə dostluğu əldən versə, çox şey itirəcək”. Bunu Türkiyə prezidenti Racep Tayyep Erdoğan oktyanrın 6-da Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

O xəbərdarlıq edib ki, əgər Rusiya təyyarələri ölkənin hava məkanını yenidən pozsa,Türkiyə bunu sakit müşahidə etməyəcək.

Həmçinin NATO-nun baş katibi Jens Stoltenberq təşkilatın təcili toplantısında bildirib ki, Türkiyənin hava hüdudlarının pozulması təsadüfi insidentə oxşamır və Moskva Türkiyə sərhədlərinə hörmətlə yanaşmalıdır.

Türkiyə tərəfi son 3 gün ərzində hava məkanının Rusiya təyyarələri tərəfindən 2 dəfə pozulduğunu bildirir.

Məlumata görə bu insidentlər oktyabrın 3 və 4-də qeydə alınəb.

Ankara buna görə Rusiya tərəfinə rəsmi narazılığını bildirib.

Bütün xəbərləri izləyin

BMT: Dünyanın 10 faizi acdır, amma insanlar ərzaqların 17 faizini çölə atırlar

Щrta hesabla Yer kürəsinin hər bir sakini hər il onlara lazım saymadıqları 79 kiloqram ərzağı tullayır.
Щrta hesabla Yer kürəsinin hər bir sakini hər il onlara lazım saymadıqları 79 kiloqram ərzağı tullayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı dünyada qida tullantıları ilə bağlı hesabat təqdim edib.

Həmin hesabata görə, Yer kürəsində qidaların 17 faizi tullantılara gedir. Eyni zamanda, dünyada 783 milyon insan daimi aclıq şəraitində yaşayır. Bu, dünya əhalisinin təxminən 10 faizini təşkil edir.

Bildirilir ki, orta hesabla Yer kürəsinin hər bir sakini hər il onlara lazım saymadıqları 79 kiloqrama yaxın ərzaq məhsulunu tullayır. Orta ABŞ sakini 159 kq, avropalı 65 kq, rusiyalı 56 kq "artıq" qida atır. 2022-ci ildə ərzaq tullantılarının ümumi həcmi 1.05 milyard ton təşkil edib. Bu, gündə təxminən 1 milyard yemək porsiyası deməkdir.

Məlumatlara görə, ərzaq tullantıları təkcə zəngin ölkələrin problemi deyil. Yüksək, orta və aşağı gəlirli ölkələr arasında kəmiyyət fərqi adambaşına ildə təxminən 7 kq-dır (10 faiz).

Bəşəriyyətin bütün ərzağın təqribən 1/5-ini zibil yeşiyinə atması təkcə israfçılıq sayılmır. Hesabatda müəyyən edilib ki, qida tullantılarının artması ətraf mühitə zərərlidir və mənfi iqlim dəyişikliyinə əhəmiyyətli töhfə verir. Çürüyən qida tullantıları atmosferə illik istixana qazı emissiyalarının 8-10 faizini yaradır.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Anderssen da deyib ki, milyonlarla insan acdır və bir o qədər insan qidanı zibil qutusuna atır: "Bu, təkcə sosial inkişafa yox, həm də ətraf mühit və iqlim üçün problemdir".

BMT dövlətləri ərzaq məhsullarının yenidən bölüşdürülməsi üçün daha çox əməkdaşlığa çağırır.

Aşqabadda müəssisələrdə bahalaşmanın 'normal hadisə' olduğu izah edilir

Dövlət müəssisəsində görüş (Foto arxiv)
Dövlət müəssisəsində görüş (Foto arxiv)

Aşqabadda dövlət qurumları iclaslar keçirir, büdcə işçilərinə izah edilir ki, "dünyanın bütün ölkələrində ərzaq bahalaşır və Türkmənistanda ərzaq qiymətlərinin baha olması normal haldır".

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər bildirib.

"Son günlər bir çox dövlət qurumları bu vəziyyətlə bağlı insanların fikirlərini öyrənmək üçün işçilərlə görüşlər keçirib ərzaq məhsullarının bahalaşması mövzusunu müzakirə edirlər", - anonimlik şərti ilə belə görüş iştirakçılarından biri deyib.

AzadlıqRadiosunda bu görüşlərin keçirildiyi dövlət qurumları ilə bağlı məlumatlar var, lakin təhlükəsizlik baxımından adlar açıqlamır.

Bildirildiyinə görə, bu görüşlər adətən natiqlik qabiliyyətinə malik liderlərdən birinin prezident Sərdar Berdiməhəmmədovun yürütdüyü dövlət siyasətini tərifləyən çıxışı ilə başlayır.

"Sonra söhbət bu mövzuya keçir ki, dünyanın bütün ölkələrində ərzağın bahalaşması və Türkmənistanda da qiymətlərin qalxması normal haldır. Rəhbərlər tabeçiliyində olanları "xalq üçün bu çətin zamanda" hökumətin siyasətini dəstəkləməyə və ölkə prezidentinin ətrafında birləşməyə çağırır", - Aşqabaddan olan digər büdcə işçisi deyir.

Belə görüşlərdən sonra əhali arasında dövlət mağazalarında qiymətlərin daha da artırılması ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb.

Yerli sakinlərin sözlərinə görə, bu cür şayiələr adətən bir aydan sonra gerçək olur, bu da, onların fikrincə, şayiələrin arxasında ölkənin xüsusi xidmət orqanlarının dayandığını göstərir.

"Türkmənistanın təhlükəsizlik xidmətləri qəsdən şayiələr yayır və bununla da əhalini növbəti bahalaşmaya hazırlayır. Onlar bunu əhali arasında mümkün narazılığın səviyyəsini qiymətləndirmək üçün edirlər", - paytaxt sakini deyir.

AzadlıqRadiosu dövlət qurumlarında keçirilən görüşlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyindən şərh ala bilməyib.

Bu vəziyyət Ramazan ayının (miladi təqvimi ilə martın 11-də başlayıb) əvvəlindən ərzaq qiymətlərinin 200 faiz artması fonunda müşahidə olunur. Baxmayaraq ki, ölkə prezidenti bu yaxınlarda hökumətin iclasında qiymətləri və bazarların, ticarət nöqtələrinin istehlak malları ilə təminatının nəzarətdə saxlanılmasının zəruriliyini bir daha vurğulayıb.

Türkmənistanın hakimiyyət orqanları, rəsmi mediası qiymət artımı ilə bağlı vəziyyətə susur.

Rusiya Şimali Koreyaya görə BMT sanksiyalarını pozur

Neft tankeri. Foto arxiv
Neft tankeri. Foto arxiv

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2017-ci ildə nüvə silahı sınaqlarına cavab olaraq Koreyaya Xalq Demokratik Respublikasına (KXDR) qoyduğu sanksiyalara baxmayaraq, Rusiya bu ölkəyə birbaşa neft tədarük etməyə başlayıb.

Bu barədə "The Financial Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, neft daşımaları martın 7-də başlayıb - bunlar BMT sanksiyalarının tətbiqindən sonra ilk sənədləşdirilmiş tədarüklərdir. Peyk çəkilişlərinə görə, mart ayında Rusiyanın Uzaq Şərqdəki Vostoçnı limanından ən azı beş Şimali Koreya neft tankeri çıxıb. "The Financial Times"da yazılıb ki, iki gəmi daha sonra KXDR-in Çxoncin limanına doğru yola düşüb, görünür, orada boşaldılıblar.

Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) tədqiqatçısı Cozef Birnin sözlərinə görə, bu gəmilərin bəziləri BMT-nin siyahısındadır, yəni onlar hətta xarici limanlara belə girə bilməzlər.

"Bu neft daşımaları indi dağılmaq ərəfəsində olan sanksiyalar rejiminə tammiqyaslı hücumu ehtiva edir", - BMT-nin KXDR-ə sanksiyalarına nəzarət edən qrupunun keçmiş koordinatoru Hyu Qriffits bildirib.

"The Financial Times"da yazılana görə, ötən ilin avqustunda KXDR Rusiyanı Ukrayna ilə müharibədə sursatla təchiz etməyə başlayıb. RUSİ-nin məlumatına görə, Vostoçnı limanı həm də silah daşıdıqları güman olunan Rusiya gəmiləri üçün yükboşaltma məntəqəsi kimi istifadə edilib.

"İndi gördüyümüz açıq-aşkar "neft əvəzində silah-sursat" barteri razılaşmasıdır ki, bu da Vladimir Putinin şəxsən imzaladığı sanksiyaları açıq şəkildə pozur", - H.Qriffits əlavə edir.

Kremlin sözçüsü Dmitri Peskov məsələyə şərh verməkdən imtina edib.

Fevralda "The New York Times" yazıb ki, Rusiya döyüş sursatı əvəzində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə imkan verib. Həmçinin, bu ölkənin BMT-nin sanksiyalarına məruz qalan aktivlərinin bir hissəsini blokdan çıxarıb. Bundan əlavə, mənbələr bildirir ki, Moskva Pxenyana Cənubi Osetiya ərazisində bank hesabı açmağa icazə verib. Gürcüstan ona məxsus Cənubi Osetiyanı Rusiyanın işğal etdiyini bildirir.

2023-cü ilin oktyabrında Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi KXDR-in Rusiyaya silah-sursat göndərdiyini bildirib. Ağ ev həmin ölkənin anbardan döyüş sursatı göndərildiyini əks etdirən foto yayımlayıb. Bildirildiyinə görə, silahlar Rusiya bayraqlı gəmiyə yüklənərək bu ölkənin cənub-qərb sərhədindəki anbara göndərilib.

BMT Təhlükəsizlik Şurasının yeddi üzvü Rusiyanı Pxenyanla hərbi-texniki əməkdaşlığa qoyulan embarqonu pozmaqda ittiham edib.

Gürcüstan futbolunun tarixi uğuru

Tbilisidə gürcülər futbol komandalarının tarixi qələbəsini qeyd edirlər
Tbilisidə gürcülər futbol komandalarının tarixi qələbəsini qeyd edirlər

Gürcüstanın futbol komandası Tbilisidə Yunanıstan millisini 11 metrlik cərimə zərbələri ilə məğlub edərək Gürcüstan futbolu tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Qarşılaşmadan sonra Gürcüstanın paytaxtında kütləvi bayram tədbirləri keçirilib.

AVRO-2024 turniri iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Rəqibləri Portuqaliya, Çexiya Türkiyə komandaları olacaq.

ABŞ-da dördzolaqlı magistral körpü uçub [Video]

Baltimorda Frensis Skott körpüsü çökdükdən sonra
Baltimorda Frensis Skott körpüsü çökdükdən sonra

Martın 25-dən 26-na keçən gecə ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin dayağına çırpılması nəticəsində Patapsko çayı üzərindəki dördzolaqlı avtomobil körpüsü uçub.

Həmin vaxt körpünün üstündə onlarla maşın olub. "The Associated Press"in məlumatına görə, xilasedicilər suda qalan ən azı yeddi nəfəri axtarır.

Sinqapur bayraqlı "Dali" konteyner gəmisi körpünün dayağına çırpılaraq alovlanıb və batıb.

İki kilometr yarım uzunluğunda olan körpü 1977-ci ildə tikilib və ona ABŞ dövlət himninin müəllifi Frensis Skott Kinin adı verilib.

Belarusda Ermənistan konyakına qadağa

Ararat Konyak Zavodu
Ararat Konyak Zavodu

Belarusun Baş dövlət sanitar həkimi Aleksandr Tarasenko "Ararat" konyak zavodunun məhsullarının idxalını və satışını qadağan edib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, bu barədə Qomeldəki Regional gigiyena, epidemiologiya və səhiyyə mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistanın "Ararat" konyak zavodunun məhsullarında "uyğunsuzluq aşkar edilməsi ilə bağlı" idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qadağandır.

Qadağaya səbəb məhsulda boyanın aşkarlanması göstərilir.

Belarusda zavodun məhsulları ticarətdən çıxarılaraq utilizasiya edilməlidir.

Ermənistan tərəfi, hələlik, bu açıqlamaya cavab verməyib.

Ermənistan və Belarus Avrasiya İqtisadi Birliyinin üzvüdür. 2014-cü ildə yaradılan bu quruma Rusiya, Qazaxıstan və Qırğızıstan da daxildir.

Bəzi məlumatlara görə, Moskva Yerevanla münasibətlərinin pisləşməsinin ardınca sərhəd keçidində ixrac-idxal nəzarətini gücləndirib.

Ötən ilin noyabrında "Rosselxoznadzor" Ermənistandan ixrac olunan meyvə, tərəvəz və güllərdə Gürcüstanın "Yuxarı Lars" sərhəd keçidində yoxlama zamanı "ziyanverici orqanizmlər"in aşkarlandığını da iddia etmişdi.

Gürcüstanda 'LGBT təbliğatı'nı qadağan edən qanun 

LGBT fəallarının Tbilisidə paradı
LGBT fəallarının Tbilisidə paradı

Gürcüstanın hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyası yaxın vaxtlarda konstitusiya dəyişikliyi təşəbbüsü ilə çıxış edəcək.

Bu barədə bu gün, martın 25-də Tbilisidə həmin partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi LGBT təbliğatına və gender dəyişikliyinə konstitusiya qadağasını təsbit etmək olacaq.

"Dəyişikliklər paketində səkkiz bənd olacaq. Onlardan birinə görə, nikah... yalnız genetik olaraq kişi və qadın birliyi kimi qəbul edilə bilər", - Mdinaradze bildirib.

2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında "beynəlxalq LGBT hərəkatı"nı "ekstremist təşkilat" kimi tanıyıb. Məhkəmənin qərarı 2024-cü il yanvarın 10-dan qüvvəyə minib.

Yerevan polis idarəsinə basqın. Yaralılar var

Təhlükəsizlik qüvvələri Yerevanın Nor Nork rayonunda polis idarəsi yaxınlığında
Təhlükəsizlik qüvvələri Yerevanın Nor Nork rayonunda polis idarəsi yaxınlığında

Bazar günü, martın 24-də Ermənistan paytaxtı Yerevanda polis bölməsinə silahlı hücum zamanı iştirakçılardan iki nəfər yaralanıb, bir isə saxlanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, üç şəxs şəhərin şimalındakı Nor Nork rayonunun polis idarəsinə soxulmaq istəyərkən əl qumbarasını işə salıblar. Polis sözçüsü Narek Sarkisyan jurnalistlərə deyib ki, onlardan ikisi partlayış nəticəsində yaralanıb, biri isə binanın kənarında qalıb, başqa qumbara atmaqla hədələyib.

Sarkisyan bildirib ki, iki saat sürən qarşıdurmadan sonra həmin şəxsi təhlükəsizlik qüvvələri "odlu silahdan istifadə edilmədən" zərərsizləşdiriblər. İnsident zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) antiterror dəstəsinin hadisə yerinə gəldiyi görülüb.

İstintaq Komitəsi həmin gün "terrorçuluq" maddəsi ilə cinayət işi açıldığını bildirib. Nə komitə, nə də polis hücum edənlərin motivləri barədə bir söz deyib.

Martın 24-də səhər saatlarında polis baş nazir Nikol Paşinyanın Azərbaycana təhvil verməyi planlaşdırdığı Tavuş vilayətinin sərhəd bölgəsindəki məntəqələrindən birinə səfər etmək istəyən "Döyüş Qardaşlığı" adlı qrupun 49 üzvünü saxlayıb. Onların hamısının bir neçə saat sonra sərbəst buraxıldığı bildirilir. (Azərbaycan səkkiz, Ermənistan da 32 kəndinin ərazilərinin işğal olunduğunu bildirir) Ərazi güzəştinə qəti şəkildə qarşı çıxan "Döyüş Qardaşlığı" Nor Nork insidenti ilə hər hansı əlaqəni tez bir zamanda inkar edib.

Yerevanın gündəlik "Hraparak" qəzetində bu arada yazılıb ki, hücum edən hər üç şəxs qərbyönlü və millətçi qrup olan Milli Demokratik Alyansın (NDA) tərəfdarlarıdır. Nəşr NDA-nın yüksək vəzifəli nümayəndəsinə istinadən bildirib ki, onlardan ikisi 2020-ci ilə aid müharibə veteranlarıdır, digəri isə 44 günlük həmin döyüşlər zamanı bir oğlunu itirib.

NDA liderlərinin 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın istefası tələbi ilə Ermənistanın başqa bir polis idarəsinə basqın edən silahlı qrupun məhbus üzvləri ilə yaxın əlaqələri olduğu bildirilir. Həmin vaxt polis əməkdaşlarını və tibb işçilərini girov götürən 30 silahlı şəxs təhlükəsizlik qüvvələri ilə iki həftə davam edən qarşıdurmadan sonra silahlarını yerə qoymuş, üç polis əməkdaşı ölmüşdü.

'Crocus'a hücumda şübhəli sayılanlarla bağlı qərar verilib [Video]

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalına silahlı basqında təqsirləndirilən dörd nəfəri həbs edib. Hücumda indiyə qədər 137 nəfərin həlak olduğu, 182 nəfərin isə yaralandığı açıqlanıb.

Dalercon Mirzoyev, Murodali Raçabalizode, Muhammadsobir Fayzov Şamsidin Fariduniyə, terrorizm ittihamı sübuta yetirilmiş sayılarsa, ömürlük həbs cəzası verilə bilər. Həbs ilə əlaqəli dinləmələr bağlı qapılar arxasında keçirilib.

Şübhəlilər Basmannı məhkəməsinin iclas zallarına döyülmüş halda gətiriliblər.

Təqsirləndirilən şəxslərə tərcüməçilər təqdim olunub, ikisi rus dilini bilmir.

İstintaq cinayətin ehtimal olunan motivi barədə məlumat verməyib. Bundan əvvəl "Crocus City Hall"dakı terroru "İraq Şam İslam Dövləti" (İŞİD) ekstremist qruplaşması öz üzərinə götürdüyünü açıqlayıb. İş üzrə ümumilikdə 11 nəfər saxlanılıb. Qalan məhbuslar haqqında heç bir məlumat verilmir.

+++

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) terror akt işi üzrə 11 nəfərin saxlandığını xəbər verir. Bunlardan dördü hadisədə birbaşa iştirakından şübhə olanlardır. Onlar Bryansk vilayətində saxlanıblar.

FTX-nin məlumatında deyilir ki, hücum əvvəlcədən təfərrüatlı şəkildə hazırlanıb.

+++

"Reuters" və başqa agentliklər xəbər verirlər ki, "İslam Dövləti" (İD) ekstremist təşkilatı ona bağlı Teleqram kanalları vasitəsilə bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

***

Moskva ətrafındakı Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında "Piknik" rok qrupunun konsertindən əvvəl atışma baş verib.

"RIA Novosti" xəbər verir ki, kamuflyajda olan azı üç nəfər atəş açıb.

Binada partlayış və yanğın olduğu xəbər verilir.

+++

Rusiyanın sosial media şəbəkələrindəki videolarda konsert zalında atışma səsləri eşidilir.

"Shot" teleqram kanalının mənbəyi atəş açanların beş nəfər olduğunu bildirib.

TASS-ın müxbiri xəbər verir ki, konsert binasının damı tamamilə od içindədir.

"Baza" saytının məlumatına görə, içəridə hələ də 100-dək adamın qaldığı düşünülür.

Şahidlər deyirlər ki, naməlum şəxslər avtomatlardan atəş açırdılar.

"Crocus" zalının damı çökməyə başlayıb.

update

Rusiya Ukraynanın enerji sisteminə kütləvi zərbələr endirib

Dnepr Su Elektrik Stansiyasına zərbə
Dnepr Su Elektrik Stansiyasına zərbə

Ukraynanın Zaporojye şəhərində yerləşən ən böyük su elektrik stansiyası (SES) olan – "Dnepr"ə martın 22-nə keçən gecə Rusiya zərbələri nəticəsində ciddi ziyan dəyib.

"Ukrhidroenerqo"nun direktoru İqor Sirotanın sözlərinə görə, Dnepr SES-ə iki birbaşa zərbə olub. Stansiyanın ikinci enerji bloku - SES-2 "kritik vəziyyətdədir" və onun işləyə biləcəyi məlum deyil. "Biz stansiyanı itiririk", - Sirota deyib.

O aydınlaşdırıb ki, bir raket SES-2-nin dayağına düşüb və kranın tirləri sıradan çıxıb. Onun deməsinə görə, maşın zalı və avadanlıqlar da məhv edilib, SES-1 də zədələnib.

"Ukrhidroenerqo"dan amma bəndin dağılma təhlükəsinin olmadığı bildirilib.

Dnepr SES 1930-cu illərdə tikilib, stansiya SSRİ-də sənayeləşmə zamanı məşhur tikililərdən biri sayılıb. Stansiyanın bəndi 1941-ci ildə (İkinci Dünya müharibəsində) sovet qoşunları geri çəkilərkən dağıdılıb, müharibədən sonra bərpa edilmişdi.

+++

Rusiya cümə günü, martın 22-si gecə Ukraynanı növbəti iri raket hücumuna məruz qoyub. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, bu, ölkənin enerji sektoruna son zamanlar ən böyük hücumdur: "Məqsəd təkcə ziyan vurmaq deyil, ötən il olduğu kimi, ölkənin enerji sisteminin işində iri fasilə yaratmaq cəhdidir. Təəssüflər olsun ki, müxtəlif vilayətlərdə zərbələr nəticəsində generasiya qurğularına, ötürücü və paylayıcı sistemlərə ziyan dəyib", - nazir Facebook-da yazıb.

Bir sıra regionlarda elektrik enerjisinin verilişində fasilələr var.

Qaluşenko təsdiqləyib ki, atəşə görə Zaporojye Atom Elektrik Stansiyasını (AES) təchiz edən elektrik xətlərindən birində cərəyan kəsilib. Hazırda stansiya Ukraynanın enerji sisteminə yalnız daha aşağı gücü olan bir ötürücü xətti ilə qoşulub. "Bu vəziyyət son dərəcə təhlükəlidir və fövqəladə vəziyyətə gətirib çıxara bilər", - "Energoatom"un rəhbəri Petro Kotin deyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya silahlı hücum edib.

Ermənistan müşahidəçiləri dəvət edərkən Azərbaycanın fikrini nəzərə almayıb - Peskov

Dmitri Peskov
Dmitri Peskov

"Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqı (Aİ) müşahidə missiyasını dəvət edir. Bu, missiyanın effektivliyini şübhə altına ala bilər".

Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün, martın 20-də jurnalistlər üçün brifinqdə bildirib.

"Məsələ monitorinqin obyektinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır", - Kreml nümayəndəsi qeyd edib .

O, daha sonra da bunları əlavə edib: "Orada belə bir mandatın anlayışla qəbul olunacağına şübhə edirəm".

Ermənistan parlamenti Aİ missiyası haqqında sazişi ratifikasiya edib

Ermənistan Milli Assambleyası 57 səs lehinə və 27 bitərəf olmaqla Avropa İttifaqının (Aİ) missiyası haqqında sazişi ratifikasiya edib.

Parlamentdəki müxalif "Ermənistan" və "Şərəfim var" fraksiyaları bitərəf qalıb.

Sənəd müşahidə missiyasının funksiyalarını tənzimləyir və onların toxunulmazlığını təmin edir.

Dünən, martın 19-da Milli Assambleyaya sənədi təqdim edən xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, Avropa missiyasının Ermənistanda yerləşdirilməsi regionda davamlı sülhün və sabitliyin bərqərar olması məqsədi daşıyır.

Avropalı müşahidəçilər Ermənistana 2023-cü ilin fevralında gəliblər, o zaman missiya 100 nəfərdən ibarət idi. İndi artıq 138 müşahidəçi var, sentyabra qədər 209 üzv olmalıdır.

Hələ Milli Assambleyaya daxil olana qədər bu sənəd Konstitusiya Məhkəməsində Konstitusiyaya uyğun sayılmışdı. Hökumət bu il yanvarın sonunda sazişin ratifikasiyasını təsdiqləyib.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Mülki missiya niyə yaradıldı...

2023-cü ilin yanvarında Aİ Azərbaycanla sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. İki illik monitorinq missiyası Ermənistanda sərhəddə patrul xidməti həyata keçirir. Dekabrda missiya üzvlərinin sayı 138-dən 209 nəfərə artırılıb.

Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına" genişləndirilməsi adlandırıb.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Paris: Ukraynaya 2 min Fransa hərbçisinin göndəriləcəyi dezinformasiyadır

Fransız hərbçiləri Polşada "Sabit Müdafiəçi 2024" təlimlərində.
Fransız hərbçiləri Polşada "Sabit Müdafiəçi 2024" təlimlərində.

Fransa Müdafiə Nazirliyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin Parisin Ukraynaya 2 minə yaxın əsgəri göndərməyə hazırlaşdığına dair bəyanatını "dezinformasiya" adlandırıb.

"Bu, Rusiyanın kütləvi dezinformasiyadan sistematik istifadəsinin daha bir nümunəsidir", - Fransa nazirliyi bildirib.

Daha əvvəl Rusiya mediası Narışkinin Fransadan hərbçilərin Ukraynaya göndərilməyə hazır saxlandığını və ilkin mərhələdə onun təxminən 2 min nəfər olacağını iddia edən bəyanatından sitat gətirib. SVR rəhbəri bəyan edib ki, bu bölmə Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə çevriləcək: "Bu o deməkdir ki, o, rus dünyası ərazisinə indiyədək qılıncla gəlmiş bütün fransızların taleyini yaşayacaq".

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda NATO ölkələrindən, o cümlədən Fransadan Ukraynaya hərbçilərin göndərilə biləcəyini istisna etməyib. Onun sözləri NATO müttəfiqləri arasında canlı müzakirələrə səbəb olub və bir çox ölkələrin nümayəndələri belə bir ehtimalı nəzərə almadıqlarını söyləyiblər. Makron dəfələrlə sözlərinə aydınlıq gətirib, xüsusən də Ukraynaya dəstək üçün "qırmızı xətlər"in olmaması və manevr imkanlarının saxlanmasının gərəkliyini iddia edib. Eyni zamanda Makron qeyd edib ki, hələlik, Ukraynaya hər hansı hərbi personalın göndərilməsindən söhbət getmir və gələcəkdə hansısa kontingent göndərilərsə, o, Rusiya qoşunlarına qarşı hücum əməliyyatlarında iştirak etməyəcək.

Rəsmi Moskva iddia edir ki, çoxlu fransız muzdluları Ukrayna tərəfində müharibədə iştirak edir və onlardan onlarcası bu yaxınlarda Xarkova hücum zamanı öldürülüb.

Fransada müəyyən sayda ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşə biləcəyini inkar etmirlər, lakin qeyd edirlər ki, bu, onların sırf şəxsi təşəbbüsüdür. Əlavə edilir ki, söhbət muzdlulardan yox, nizami Ukrayna ordusunun hərbi qulluqçularından gedir.

Ermənistan Azərbaycanla sülh prosesində NATO-nun dəstəyinə ümid edir

Yens Stoltenberq və Nikol Paşinyan Yerevanda birgə bəyanatlarla çıxış ediblər
Yens Stoltenberq və Nikol Paşinyan Yerevanda birgə bəyanatlarla çıxış ediblər

NATO-nun baş katibi Yens Stoltenberq bu gün, martın 19-da Yerevanda baş nazir Nikol Paşinyan ilə danışıqlardan sonra bildirib ki, Cənubi Qafqazda sabitlik onların təhlükəsizliyi üçün zəruri və vacibdir, "çünki biz daha təhlükəli dünya ilə üz-üzəyik".

O, Bakı və Tbilisi səfərindən sonra Yerevana gəlib.

"Ermənistan və Azərbaycanın uzun illər sürən münaqişədən sonra davamlı sülh əldə etmək şansı var. Buna görə də mən hər iki ölkəni münasibətlərin normallaşmasına və xalqları üçün davamlı sülhə yol açacaq razılaşmaya çağırıram. NATO Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və sizin sülhsevər niyyətlərinizi dəstəkləyir", - NATO-nun baş katibi bildirib.

Stoltenberq qeyd edib ki, o, Ermənistan hakimiyyətinin sülhün lehinə açıq çıxış etməsini, demokratik dəyərlərə sadiqliyini yüksək qiymətləndirir.

Öz növbəsində, N.Paşinyan bu qurumla münasibətlərə toxunaraq Ermənistan-NATO tərəfdaşlığının yeni formatının, fərdi tərəfdaşlıq proqramının yaxın vaxtlarda təsdiqlənəcəyinə ümid etdiyini bildirib: "Regionumuzda baş verən hadisələr fonunda Ermənistanın müqavimətini gücləndirməsi və müvafiq müdafiə qabiliyyətini inkişaf etdirməsi son dərəcə vacibdir".

Paşinyanın sülh formulu

Paşinyan deyib ki, Yerevan Bakı ilə münasibətlərin tənzimlənməsinə artıq razılaşdırılmış üç prinsip əsasında yanaşır: ərazi bütövlüyünün qarşılıqlı tanınması, demarkasiya və regionun blokadan çıxarılması.

"Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən NATO-dan Ermənistanla Azərbaycan arasında məlum, qarşılıqlı razılaşdırılmış prinsiplərə əsaslanan sülh prosesinə, habelə məcburiyyət və təhdidlərin birmənalı şəkildə rədd edilməsinə güclü dəstək gözləyirik", - baş nazir bildirib.

Region ölkələri adından çıxış edən Paşinyan deyib ki, Yerevan da Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəliyinə sadiqdir. Üstəlik, baş nazirin sözlərinə görə, Ankara ilə iki il əvvəl əldə edilmiş razılaşmaların icrası regionda vəziyyətə müsbət təsir göstərə bilər.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, Yerevanın Tbilisi və Tehranla xüsusi münasibətləri var, ona görə də hər hansı başqa əməkdaşlıq bu regiona qarşı yönələ bilməz.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Ermənistan Rusiyanın 'Mir' kartına qarşı sanksiyalara qoşulur

"Mir" kartı
"Mir" kartı

Rusiyanın "Mir" ödəniş sisteminin kartları "VTB Ermənistan" bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) infrastrukturu istisna, bu il martın 30-dan Ermənistanda əksər bankların bankomat və POS-terminallarında işləməyəcək.

Bu barədə RBK-ya "VTB Ermənistan"nın nümayəndəsi məlumat verib: "İstifadəçilər POS-terminallarda nağdsız ödənişlər edə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, VTB (Ermənistan) kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək".

2024-cü ilin fevralında ABŞ Rusiyanın Milli Ödəniş Kart Sistemi (NSPK) operatoruna qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərin tətbiqinədək "Mir" kartları Ermənistandan başqa Qazaxıstan, Belarus, Venesuela, Vyetnam, Abxaziya (Gürcüstan), Cənubi Osetiya (Gürcüstan), Qırğızıstan, Tacikistan və Kubada işləyirdi. Bundan əvvəl, "Sberbank"ın Qazaxıstanda keçmiş törəmə şirkəti olan "Bereke Bank" "Mir" kartları ilə işi dayandırdığını bildirmişdi.

NSPK Rusiyada 2014-cü ildə bu ölkənin Krımı (Ukrayna) ilhaq etməsi ilə əlaqədar sanksiyaların tətbiqindən sonra beynəlxalq ödəniş sistemlərinin kartlarının bağlanması ehtimalına qarşı yaradılıb. Şirkətin 100 faizi Rusiya Bankına məxsusdur. İlk "Mir" kartları 2015-ci ildə buraxılıb. 2022-ci ilin martında "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri Rusiyanı tərk etdikdən və onların kartları bu ölkədən xaricdə işini dayandırdıqdan sonra "Mir" nağdsız ödənişlər üçün alternativ oldu. Bununla belə, bu kartların qəbulu şəbəkəsi beynəlxalq ödəniş sistemlərinin kartları ilə müqayisədə qat-qat məhduddur. Rusiya Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin sonunda bu ölkənin bankları 287.3 milyon "Mir" kartı buraxıb.

Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərib

Şimali Koreya ordusunun təlimləri
Şimali Koreya ordusunun təlimləri

2023-cü ildən Şimali Koreya Rusiyaya döyüş sursatı və digər hərbi texnikanın olduğu təxminən 7 min konteyner göndərib. Bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik məlumat verib. Onun sözlərinə görə, Şimali Koreya əvvəlcə gəmilərə güvənsə də, indi silahların çatdırılması üçün getdikcə daha çox dəmir yolundan istifadə edir. Şin Von Sik bildirib ki, Pxenyan, ehtimal, hərbi dəstək müqabilində Rusiyadan 9 min konteynerdən çox yardım alıb.

Müdafiə naziri belə bir bəyanatla Şimali Koreyanın Yapon dənizinə doğru qısamənzilli ballistik raketlər atmasından cəmi bir neçə saat sonra çıxış edib.

ABŞ və Cənubi Koreya əvvəllər də Şimali Koreyanı Ukraynadakı müharibə zamanı Rusiyaya mərmi və digər hərbi yardımlar göndərməkdə ittiham edirdi. Həm Rusiya, həm də Şimali Koreya bu ittihamları rədd edirdi.

Fevralda "The New York Times" qəzeti Rusiyanın Şimali Koreyaya döyüş sursatı müqabilində dünya maliyyə sisteminə çıxış əldə etməsinə icazə verdiyini, həmçinin Şimali Koreyanın BMT sanksiyaları altında olan bəzi aktivlərini blokdan çıxardığını yazmışdı.

Rusiya 2022-ci ilin 24 fevralından Ukraynaya tammiqyaslı hərbi müdaxilə edib.

Rusiyaya çoxsaylı sanksiyalar qoyulub. Bu sanksiyalar həm də hərbi-sənaye sektorunu hədəfləyir.

Putin Navalnının ölümündən danışdı: 'Olanlar oldu'

A.Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib.
A.Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib.

Rusiya prezidenti Vladimir Putin müxalif siyasətçi Aleksey Navalnının Yamal koloniyasında ölümünü şərh edərkən onu soyadı ilə çağırıb.

Buna qədər Putin, bir qayda olaraq, Navalnının soyadını deməkdən yayınırdı.

Putin müxalifət liderinin ölümünü "kədərli hadisə" adlandırıb və Navalnının Rusiyaya qayıtmaması şərti ilə onun mübadilə məsələsini müzakirə etdiyini təsdiqləyib.

Putinin sözlərinə görə, Navalnının Qərb ölkələrində olan məhbuslarla dəyişdirilməsi ideyasını "bəzi həmkarları" irəli sürüb, amma əlavə edib ki, onlar prezident administrasiyasından deyil: "Mənimlə danışan adam hələ cümləsini bitirməmiş "razıyam" dedim. Amma təəssüf ki, olanlar oldu. Amma dedim, bir şərtlə: onu dəyişdirsək, qayıtmasın, qoy orada otursun".

Bundan əvvəl "Aqenstvo", o cümlədən ingilisdilli bəzi kütləvi informasiya vasitələri (KİV) Rusiyanın Navalnı, həmçinin amerikalılar- jurnalist Evan Qerşkoviç və təqaüddə olan dəniz piyadaçısı Pol Uilanı azad etməyə hazır olduğunu yazıblar. Bunun əvəzində Rusiyaya, təsdiqlənməmiş məlumatlara görə, çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətli ilə bağlı Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov və ABŞ-da məhkum edilən bəzi digər rusiyalılar verilə bilərdi.

Bazar günü, martın 17-də Rusiyada prezident seçkilərində səsvermə başa çatıb. Hesablanan bülletenlərin 80 faizinin nəticələrinə əsasən, V.Putin 87 faizdən çox səs toplayıb.

A.Navalnı fevralın 16-da "Qütb canavarı" xüsusi rejimli koloniyasında vəfat edib. Rusiya rəsmiləri siyasətçinin təbii səbəblərdən öldüyünü bildirirlər. Siyasətçinin tərəfdarları isə onun öldürüldüyünə inanırlar.

Rusiyada seçki qutusuna boya tökən qız 5 ilədək həbs oluna bilər

Rusiya, 15 mart 2024
Rusiya, 15 mart 2024

Rusiyada martin 15-də - səsvermənin ilk günündə seçki qutusuna yaşıl boya tökən 20 yaşlı Alina Nevmyanova istintaq təcridxanasına salınıb. Bu barədə Moskvanın Butırski Rayon Məhkəməsi qərar çıxarıb.

Alina Nevmyanova qarşı bir qrup şəxs tərəfindən səsvermə hüququnun həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olma ittihamı ilə cinayət işi açılıb. Bu ittihamı məhkəmə də haqlı sayarsa, onu beş ilə qədər həbs gözləyir.

Martın 15-də baş verən hadisənin videosunu Kreml yönümlü bəzi teleqram kanalları yayıb. Seçki məntəqəsindəki müşahidə kameraları qızın seçki qutusuna bülleteni atdığını və əlindəki mürəkkəbi də qutuya tökdüyünü lentə alıb. Bundan sonra bir polis ona yaxınlaşıb və onu aparıb. Bildirilir ki, Alina Nevmyanova mürəkkəb tökərkən “Ukraynayönlü şüar” qışqırıb.

Rusiyanın mərkəzi seçki komissiyasının sədri Ella Pamfilova martın 16-da bildirib ki, Rusiyanın 20 regionunda iki gündən az müddətdə səsvermə zamanı 21 nəfər seçki qutularına maye tökməyə, daha 8 nəfər isə yanğın törətməyə cəhd edib. Ən azı 16 cinayət işi başlanıb.

Rusiyada prezident seçkilərində səsvermə martın 15-dən 17-dək keçiriləcək. Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.

2000-ci ildən Rusiyaya rəhbərlik edən Vladimir Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür.

Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.

Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi qeydə alınmayıb.

Müstəqil müşahidəçilər və ekspertlər Rusiyadakı seçkiləri qeyri-azad və ədalətsiz qiymətləndirirlər. Bildirilir ki, hakimiyyət seçki prosesinə müdaxilə edir, iqtidaryönlü namizədlərə üstünlüklər yaradır, bəzi hallarda isə birbaşa saxtakarlığa yol verilir.

BMT Rusiyanın işğal etdiyi ərazilərdə səsvermə keçirməsini pisləyib

Səsvermə
Səsvermə

BMT Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirməsini pisləyib.

Martın 15-də Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirib ki, beynəlxalq hüquqa əsasən bu seçkinin heç bir hüquqi qüvvəsi yoxdur.

“Dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsipi kollektiv təhlükəsizliyimizin təməl daşıdır. İstər təhdid altında, istərsə də güc yolu ilə bir dövlətin ərazisinin digər dövlət tərəfindən ilhaq edilməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır. Ancaq Rusiya Federasiyasının Ukraynada etməyə çalışdığı, saysız-hesabsız iztirablara və dağıntılara səbəb olan məhz budur” – BMT baş katibinin müavini Rozmari Dikarlo belə deyib. O əlavə edib ki, BMT-nin İnsan Haqları Monitorinq Missiyası sözügedən seçkini sənədləşdirib.

İclasda o da bildirilib ki, Beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət olan Rusiya Federasiyası işğal olunmuş ərazilərdə Ukrayna qanunlarına riayət etməyə borcludur. Həmçinin bildirilib ki, bu hərəkətlərin heç bir beynəlxalq hüquqi qüvvəsi olmadığına görə, Ukraynanın bu regionlarının statusunda hər hansı dəyişiklik üçün əsas ola bilməz.

Rusiyada president seçkisinə səsvermə martin 15-dən başlanıb, 3 gün davam edəcək. Rəsmi Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında da 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni "qanunsuz" adlandırıblar.

Seçkinin nəticəsinin martın 18-də elan ediləcəyi gözlənilir.

Rusiyada seçki: qutulara boya tökülməsi, od vurulması, Molotov kokteyli...

Novosibirskdə səsvermə
Novosibirskdə səsvermə

Rusiya prezident seçkisində səsvermə davam edir. Səsvermə bugün martın 15-də başlanıb və bazar günü – martın 17-də başa çatacaq.

Bir sıra məntəqələrdə bəzi seçicilər seçki qutularının içinə boya və ya “zelyonka” adlanan məhlul töküblər.

Bu hadisələrdən biri Moskva şəhərində baş verib.

Həmin qadın saxlanıb və ona qarşı “seçki hüququndan istifadəyə mane olmaq” maddəsi ilə cinayət işi açılıb.

Buna bənzər hadisələrin Voronej vilayətinin Borisoqlebsk şəhərində, Rostov, Volqoqrad vilayətlərində, Novosibirskdə, Qaraçay-Çərkəz Respublikasında, habelə ilhaq edilmiş Krımın Simferopol şəhərində baş verdiyi xəbər verilir.

MSK seçki qutularının mühafizəsini gücləndirməyə çağırıb.

“Terrorizm elementi”

MSK-nın sədri Ella Pamfilova bəyan edib ki, saxlanan şəxslərin hərəkətlərində “terrorizm elementləri” var, çünki bu hərəkətlər guya xaricdən – yəni Ukraynadan “idarə olunur”.

Baza saytının dərc etdiyi videoda bir qadın seçki qutusuna od vurur. O da saxlanıb. Xəbər verilir ki, bu insident Moskvanın Maryino rayonunda baş verib. Buna bənzər insident Tümen vilayətinin Koqalım dairəsində də qeydə alınıb.

Fontanka qəzeti yazır ki, Peterburqda seçki məntəqəsinin yerləşdiyi məktəbin damına Molotov kokteyli atan qadın saxlanıb.

Onun saxlandığı və hansısa Ukrayna teleqram kanalından “tapşırıq” aldığını dediyi bildirlir. Guya bu aksiyaya görə ona pul vəd olunub.

MSK bildirir ki, bu cür insidentlər seçkiyə və onun nəticələrinə təsir göstərməyəcək.

Büdcə təşkilatlarının işçilərinə məhz martın 15-də səs vermək tapşırılıb

Moskva vaxıtilə saat 16:00-da qeydiyyatdan keçmiş seçicilərin 23 faizinin səs verdiyi bildirilir.

Söhbət həm də Ukraynanın işğal olunmuş ərazilərindən gedir. Bu da qeyd olunur ki, bəzi regionlarda seçici davamiyyəti 50 faizdən çox olub.

Moskvada məsafədən elektron səsvermə ilə seçicilərin 22 faizinin səs verdiyi bildirilir.

Media və teleqram kanallarının xəbərlərində deyilir ki, bir çox hallarda seçicilər çalışdıqları müəssisənin rəhbərliyinə seçkidə iştirak etdiklərinə dair hesabat verirlər.

Bundan əvvəl xəbər verilirdi ki, büdcə təşkilatlarının işçilərinə məhz martın 15-də səs vermək tapşırılmışdı.

Ən azı iki regionda hakimiyyət orqanları ekzit-pol aparan könüllülərə təzyiq göstəriblər.

Xantı-Mansiyskdə seçki məntəqəsinin qarşısında sorğu aparan Polina Zmanovskaya saxlanıb. O sorğunu namizədliyi qeydə alınmamış Boris Hadejdinin “Vətəndaş təşəbbüsü” partiyasının adından aparırdı.

***

Martın 15-də Rusiyada üçgünlük prezident seçkisi başlanıb. Seçkini indiki prezident Vladimir Putinin udacağı, daha altı il ölkəni idarə edəcəyi gözlənir. O, narazılara və müstəqil mediaya sərt divan tutub, ciddi opponentləri prosesdən kənarlaşdırıb.

Azad və ədalətli olmayacağı gözlənən bu seçki həm də 2022-ci ilin fevralında qonşu Ukraynaya qarşı tammiqyaslı işğal başlayandan ilk böyük səsvermədir.

71 yaşlı Putin 25 ilə yaxındır Rusiyanı ya prezident, ya da baş nazir kimi idarə edib. Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.

Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi ötən ay Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd olunub. Onun namizədliyinin qeydiyyata alınması üçün verilən imzaların bir qisminin etibarsız olduğu bildirilir. Ali Məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb.

Martın 15-də 11 vaxt qurşağında, o cümlədən Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni "qanunsuz" adlandırıblar.

Nəticələrin martın 18-də elan ediləcəyi gözlənilir.

75 faiz

Putinin rəqiblərinin həbsdə, sürgündə olduğu, yaxud artıq vəfat etdiyi bir durumda nəticə şübhə doğurmur. Martın əvvəlində "VTSIOM News"un keçirdiyi sorğuda vətəndaşların 75 faizi keçmiş KGB zabiti Putinə səs verəcəyini deyib.

Ölkədə müstəqil mediaya və insan haqlarına təzyiqlər Ukraynanın işğalı başlamazdan öncə start götürüb, o vaxtdan daha da sürətlənib. Seçkidən düz bir ay öncə isə Putinin açıq tənqidçisi, müxalifətçi Aleksey Navalnı həbsdə vəfat edib. Rəsmilər onun təbii səbəblərdən öldüyünü desələr də, tərəfdarları öldürüldüyünü düşünürlər.

Bir çox müşahidəçilərin fikrincə, Putin ən zəif rəqibini belə sıradan çıxarmaqla qələbəsinin miqyasını böyütmək, bunu da rusiyalıların Ukraynadakı müharibəyə dəstəyinin sübutu kimi təqdim etmək istəyib.

Seçkini kimlər müşahidə edəcək

Çoxları seçkinin azad və ədalətli keçəcəyini gözləmir, müstəqil monitorinq ehtimalı belə çox aşağıdır. Nadejdin müşahidəçiləri cəlb edəcəyini demişdi. Ancaq onun bunu necə edəcəyi bəlli deyil, çünki yalnız qeydiyyata alınmış namizədlər, yaxud dövlətin dəstəklədiyi qurumlar məntəqələrə müşahidəçi göndərə bilərlər.

"Dünyada kim bunun gerçək seçki olacağını düşünür?", - ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol (Michael McFaul) seçkidən öncə CurrentTimeTV-yə müsahibəsində deyib.

Navalnı ölümündən öncə ümidvar idi ki, seçkidən ictimaiyyətin müharibəyə və Putinin sərt idarəçiliyinə etirazını göstərmək üçün istifadə edəcək. O, seçiciləri günorta 12-də səs verməyə çağırıb, bunu " Günorta Putinə qarşı" aksiyası adlandırıb. Navalnı deyirdi ki, martın 17-də günorta saatlarında küçələrə çıxan böyük izdihamın görünməsi heç kimi təhlükəyə atmadan güclü mesaj vermiş olacaq. Onun xanımı və digərləri bu çağırışı davam etdiriblər.

Ancaq strategiyanın necə işləyəcəyi aydın deyil. Moskvanın aparıcı hüquq-mühafizə orqanı martın 14-də aksiyada iştirakla bağlı xəbərdarlıq edib, iştirakçıların cəzalandırılacağını bildirib.

Putinin seçki bülletenindəki üç rəqibi kimlərdir

Nikolay Xaritonov, Vladislav Davankov, Leonid Slutski
Nikolay Xaritonov, Vladislav Davankov, Leonid Slutski

Kremlin seçki siyasətinə və mediaya sərt nəzarəti prezident Vladimir Putinin daha altı illiyə hakimiyyətini təmin edəcəyi anlamına gəlir. Martın 15-də başlayan səsvermə prosesi 17-də bitəcək.

Ancaq Putin plüralizm görüntüsü yaratmağa çalışır, baxmayaraq ki, Rusiyada, xaricdə buna az adam inanır. O, martın 14-də vətəndaşları səs verməyə çağıraraq deyib ki, növbəti seçkilərin keçirilməsi "demokratik dövlətin təməl prinsiplərindən birinin sarsılmaz olduğunu göstərir".

AzadlıqRadiosunun müxbiri Tod Prins (Todd Prince) seçkiyə buraxılan, "sistem müxalifəti" kimi tanınan üç namizəd barədə yazır. İki antimüharibə siyasətçinin isə namizədliyi qeydiyyata alınmayıb.

Yaşlanan kommunist

75 yaşlı Nikolay Xaritonov Kommunist Partiyasının aparıcı üzvü, 1993-cü ildən parlamentin aşağı palatası - Dövlət Dumasının deputatıdır. 2004-cü ildə prezidentlik uğrunda mübarizə aparıb, 13.7 faizlə Putindən sonra ikinci yeri tutub.

Keçmiş kolxoz direktoru Xaritonov Ukraynadakı müharibəni dəstəkləyir, kampaniya dövründə Putini tənqid etməyib. O, fəal kampaniya aparmayıb, böyük mitinqlər keçirməyib, muzeyləri ziyarət edib, kiçik qruplarla görüşüb, sovet və Rusiya abidələrinə əklillər qoyub. Seçicilərlə görüşlərində isə Xaritonov Rusiyanın kapitalist dönüşünü tənqid edib, sovet dövrü uğurlarını tərifləyib, Volqoqradın sovet adı Stalinqradın bərpasına çağırıb.

Ən gənc namizəd

40 yaşlı Vladislav Davankov "Yeni adamlar" partiyasından Duma üzvüdür. O, ən gənc namizəddir, yaşı prezidentlik üçün minimumdan beş yaş çoxdur. Özünü nisbətən liberal kimi göstərən keçmiş biznesmen hökumətin media və söz azadlığına təzyiqlərini tənqid edir, bunların sovet dövrü repressiyasını xatırlatdığını deyib, dövlətin biznesə təzyiqini azaltmağa çağırıb.

Davankov deyir ki, Ukrayna ilə sülh danışıqlarını dəstəkləyir, amma "bizim şərtlərimizlə, geri çəkilməməklə". Bu isə Rusiyanın işğal etdiyi ərazidən əl çəkməməsi deməkdir. Davankov 2021-ci ildə Moskvada mer uğrunda mübarizə aparıb, rəsmi nəticələrə görə, 5.3 faizlə dördüncü olub.

Jirinovski deyil

56 yaşlı Leonid Slutski sağ-qanad, adı düz qoyulmayan Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədridir. O, partiyanın qızğın millətçi lideri Vladimir Jirinovskinin 2022-ci ildə ölümündən sonra vəzifəyə keçib.

1999-cu ildən Dövlət Dumasının deputatı olan Slutski Beynəlxalq əlaqələr komitəsinin sədridir. Həmin vəzifədə o, Putinin xarici siyasətini, o cümlədən Ukraynanın işğalını fəal dəstəkləyib.

2018-ci ildə bir neçə qadın jurnalist siyasətçini cinsi qısnamada ittiham etsə də, özü bunu danıb.

Slutski Rusiyada ən reytinqli siyasətçilər sırasında yer almış Jirinovskinin mirası üzərində kampaniya aparıb. Onun kampaniya devizi belə idi: "Jirinovskinin işi yaşayır".

Rusiya hələ Ukraynaya qarşı tammiqyaslı işğala başlamazdan uzun müddət öncə Jirinovski Kremli Ukraynanın ərazisini, eləcə də digər sovet respublikalarını tutmağa çağırırdı.

Çexiyanın xarici işlər naziri Rusiyanı Alsu Kurmaşevanı azadlığa buraxmağa çağırır

Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Çexiyanın xarici işlər naziri Yan Lipavski AzadlıqRadiosunun tatar-başqırd xidmətinin jurnalisti, Rusiyada həbs olunanadək Praqada yaşayıb işləyən Alsu Kurmaşevanın müdafiəsinə qalxıb.

BMT-nin Təhlükəsizlik Şurasında debatlarda çıxışı zamanı Lipavski Rusiyanı jurnalisti azad etməyə səsləyib. Kurmaşevanı Rusiyada müxtəlif ittihamlarla 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

BMT-nin Təhlükəsizlik Şurasını tənqid edir

Y.Lipavskinin iştirak etdiyi müzakirə müharibə və konfliktlərin qarşısının alınmasına həsr olunub. Çexiyalı nazir qadınlar, hüquq-müdafiəçiləri, fəallar, jurnalistlər üçün təhlükəsizlik və dəstək mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

"Əlavə etmək istəyirəm ki, Çexiya Rusiyanı Alsu Kurmaşevanı dərhal həbsdən azad etməyə çağırır", - Lipavski deyib. Onun sözlərini novinky.cz nəşri yayıb.

Lipavski müzakirələrdə Rusiya hakimiyyətini tənqid edərək deyib ki, bu ölkənin Təhlükəsizlik Şurasının üzvü olmağı "BMT-nin mahiyyətinə açıq-aşkar ziddir, BMT nizamnaməsində təsbit olunmuş təhlükəsizliyin strukturunu zərbə altında qoyur".

Lipavskinin sözlərinə görə, islah olunmuş BMT Təhlükəsizlik Şurası hazırkı misli görünməmiş böhranı daha yaxşı yoluna qoya bilərdi.

Kurmaşeva niyə saxlanılıb?

Rusiya və ABŞ vətəndaşlığı olan A.Kurmaşeva Rusiyada "xarici agent" qanununu pozmaqda, Rusiya ordusu barədə "feyk" yaymaqda ittiham olunur. Həmkarları onun peşəkar fəaliyyətinə görə təqib olunduğuna inanır. "Memorial" insan haqları təşkilatı Kurmaşevanı siyasi məhbus kimi tanıyıb.

Kurmaşeva həyat yoldaşı və övladları ilə Praqada yaşayırdı. O, ötən il mayın ortasında ailəsində yaranmış durumla bağlı bir neçə günlüyə doğma Kazan şəhərinə gedib.

İyunda geri qayıdarkən Kazan aeroportunda saxlanılıb, pasportları alınıb. Əvvəlcə ona ikili vətəndaşlıq barədə xəbər verməmək ittihamı ilə cinayət işi açılıb və cərimələnib. Ancaq jurnalist yenidən saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

ABŞ Nümayəndələr Palatası TikTok-u qadağan edən layihəni təsdiqləyir

Kapitolidə TikTok ilə bağlı qanunlara qarşı etiraz
Kapitolidə TikTok ilə bağlı qanunlara qarşı etiraz

Martın 13-də ABŞ Nümayəndələr Palatası TikTok sosial şəbəkəsinin Çindəki təsisçi şirkətlə əlaqələrini kəsməsini, yaxud Birləşmiş Ştatlar ərazisində yasaqlanmasını tələb edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Bu qanun layihəsi bütün dünyada populyarlaşan videopaylaşım tətbiqi üçün böyük geriləmə sayılır. Sözügedən tətbiqin Çin şirkətinə məxsusluğu, onun Pekindəki Kommunist Partiyasının mümkün nəzarətində olması sarıdan narahatlıq var.

"France-Presse" yazır ki, Nümayəndələr Palatasının 352 üzvü qanunun lehinə, 65-i əleyhinə səs verib. Bu, siyasi baxımdan parçalanmış Vaşinqtonda misilsiz həmrəylik nümayişi sayılır.

Agentlik onu da qeyd edir ki, respublikaçılar və demokratlar bununla gənclərin səsinin həlledici olduğu seçki ilində TikTok-u sevən gənclərin qəzəbinə tuş gəlmək riski ilə üzləşiblər.

Senatorlar daha ehtiyatlıdırlar

"Bu gün hər iki partiyanın verdiyi səs Konqresin kommunist Çinin amerikalılar üzərində casusluq və manipulyasiya cəhdlərinə dirənişini göstərir, düşmənlərimizin qarşısını almaq qətiyyətimizi müjdələyir", - Palatanın respublikaçı spikeri Mayk Conson (Mike Johnson) səsvermədən sonra deyib.

Ancaq qanun layihəsinin daha ehtiyatlı Senatda taleyinin necə olacağı bilinmir. Bəzi senatorlar ABŞ-da 170 milyon istifadəçisi olan bu tətbiqə qarşı radikal addıma ehtiyatla yanaşırlar.

Senatda demokratik çoxluğun lideri Çak Şumer (Chuck Schumer) qəti bir söz deməyib, ancaq onu bildirib ki, Senat Palatadan gələn qanunvericiliyi nəzərdən keçirəcək.

Ağ ev isə bildirib ki, prezident Co Bayden (Joe Biden) qanun onun masasına gəlincə, ona imza atacaq.

TikTok rəhbərinin çağırışı

Səsvermədən sonra TikTok-un icraçı direktoru Şou Zi Çyu tətbiqin ABŞ-dakı istifadəçilərini mövqe bildirməyə, öz hekayələrini senatorlar ilə paylaşmağa çağırıb.

"Sizinlə qurduğumuz bu heyrətamiz platformanı qorumaq üçün leqal hüquqlarımızdan istifadə daxil olmaqla əlimizdən gələni etməyə davam edəcəyik", - o X sosial media platformasında yerləşdirdiyi videoda deyir.

Qanun layihəsinə görə, sosial şəbəkənin çinli sahibi - "ByteDance" 165 gün ərzində Amerika aktivlərini satmalıdır, əks halda TikTok ABŞ-da bloklanacaq.

Bayden özü ötən ay ikinci müddətə prezident kampaniyası çərçivəsində TikTok-a qoşulub.

AFP Çyunun Vaşinqtonda olduğunu, qanun layihəsinin irəliləməsini dayandırmağa çalışdığını yazır.

Çin isə martın 13-də xəbərdarlıq edib ki, bu addım "şübhəsiz, Birləşmiş Ştatlarda mənfi reaksiya doğuracaq".

Avropa Parlamenti süni intellektlə bağlı qanun qəbul edib

"Sora" adlı yeni intellekt süni aləti tərəfindən yaradılan video.
"Sora" adlı yeni intellekt süni aləti tərəfindən yaradılan video.

Avropa Parlamenti dünyada ilk dəfə olaraq süni intellektdən istifadəni tənzimləyən qanunu təsdiqləyib. Qanun süni intellektə əsaslanan sistemləri risk səviyyəsinə görə təsnif edir - aşağı, orta, yüksək və qəbuledilməz. Bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Yeni qanunla ictimai yerlərdə real rejimdə üztanıma və digər identifikasiya sistemləri qadağan olunur. Hüquq-mühafizə orqanlarının belə texnologiyadan istifadə edə biləcəyi ayrı-ayrı hallar isə istisna sayılır. Məsələn, itkin düşən şəxsləri axtarılması, yaxud teraktların önlənməsi bu sıraya aiddir. Belə hallarda süni intellekt sistemlərindən istifadə üçün öncədən məhkəmə, yaxud administrativ icazə lazımdır.

Yaxud polis qanun pozuntularının profilaktikası üçün proqnoz analitikası sistemlərindən istifadə edə bilməyəcək. Qanun iş yerlərində və məktəblərdə emosiyaların oxunmasını, eləcə də insan davranışını manipulyasiya edən texnologiyadan istifadəni yasaqlayır.

Süni intellekt sistemlərinin köməyi ilə hazırlanmış bütün foto və videoların üstündə müvafiq işarələnmə olmalıdır.

İndi qanunu Aİ Şurası təsdiqləməlidir. Onun mayın sonunda qüvvəyə minəcəyi gözlənilir.

update

Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyi ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamentinin martın 13-də keçirilən iclasında
Avropa Parlamentinin martın 13-də keçirilən iclasında

Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Avropa Parlamentində "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməyə münasibət bildirib.

XİN hesab edir ki, bu qətnamə, "sülhün təşviq edilməsi kimi təqdim olunmasına" və "Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına" baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir: "Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər".

+++

Avropa Parlamentinin Ermənistana Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.

Qətnamənin lehinə 504, əleyhinə dörd səs verilib. 31 millət vəkili bitərəf qalıb.

***

Avropa Parlamentinin martın 13-də keçirilən iclasında Ermənistan və Avropa İttifaqı arasında daha sıx əlaqələrin, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının zəruriliyinə dair qətnamə səsverməyə çıxarılmalıdır.

Sənədi Avropa Parlamentindəki Xalq Partiyası fraksiyası hazırlayıb, amma qətnamə bütün fraksiyaların təşəbbüsü kimi səsverməyə çıxarılır.

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, qətnamə layihəsində Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin mümkünlüyü məsələsinə baxılması təklif olunur: "Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və ölkə onun demokratiyasını möhkəmləndirən stabil islahatları həyata keçirmək yolunu davam etdirərsə, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiya mərhələsi üçün baza ola bilər".

Qətnamədə Avropa İttifaqına, Avropa Komissiyasına və Avropa İttifaqı Şurasına Ermənistanın Aİ ilə əməkdaşlığının genişləndirilməsinə dəstək verilməsi üçün çağırış edilir.

Bu da vurğulanır ki, burada söhbət təkcə iqtisadi partnyorluqdan deyil, həm də siyasi dialoq, təhlükəsizlik, adamlar və başqa ölkələr arasında ünsiyyət sferalarından gedir.

Xəbərdə deyilir ki, sözügedən qətnamə, Avropa Parlamentinin başqa qətnamələri kimi, icra üçün icbari olmasa da, bu hadisə Yerevanın Avropa ailəsinə daha yaxın olmaq niyyətinə Avropadan ilk reaksiyadır.

Krasnodarda iki qızı öpüşmə videosuna görə cərimələyiblər

Lezbiyan cütlük (Foto illüstrasiya)
Lezbiyan cütlük (Foto illüstrasiya)

Krasnodarın iki sakini öpüşmə videosuna görə "LGBT təbliğatı" maddəsi üzrə cərimələnib.

19 və 24 yaşlarında iki qızın kafedə öpüşməsinin əks olunduğu video yayılandan sonra onlar inzibati məcəllənin müvafiq maddəsi, "LGBT təbliğatı" işi üzrə cərimə olunublar. Məlumatı Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti yayıb.

Qızların hər birinə 50 min rubl (547 dollar) cərimə kəsilib. Rolik sosial şəbəkədə 2024-cü ilin fevralında yayılıb. Hakimlər qızların özlərini "ədəbsiz" aparması qənaətinə gəlib.

Polis əməkdaşları qızları saxlayandan sonra onları kamera qarşısında üzr istəməyə məcbur edib.

"Bizi LGBT tərəfdarı hesab edənlərin qarşısında üzr istəyirəm. Biz bu mövzuya qarşıyıq. Biz hansı qanunlarımızın olduğunu bilirik, belə bir şeyin baş verəcəyini gözləmirdik. Ona görə də üzr istəyirik", - qızlardan biri deyib. O, videonun bir zarafat olduğunu da sözlərinə əlavə edib.

2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında "beynəlxalq LGBT hərəkatı"nı "ekstremist təşkilat" kimi tanıyıb. Məhkəmənin qərarı 2024-cü il yanvarın 10-dan qüvvəyə minib.

Rusiya hüquq-müdafiə təşkilatları Ali Məhkəmədən Ədliyyə Nazirliyinin iddiasını rədd etməyə çağırıb. Onların fikrincə, mövcud olmayan LGBT hərəkatının ekstremist siyahısına salınması hüquq müdafiəsi və fəalların fəaliyyətinin kriminallaşdırılması ilə sonuclanar, "öz baxışlarını açıq ifadə edən LGBT fərdlərə risk yaradar".

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG