Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Rusiyanın FSB təhlükəsizlik xidməti deyir ki, apreldə Sankt-Peterburqda 15 nəfərin ölümünə səbəb olmuş intiharçı «Telegram» mobil mesajlaşma əlavəsindən istifadə edib.

BBC yazır ki, hakimiyyət daha öncə də bu əlavəni bağlamaqla hədələyib. Rusiyalı biznesmen Pavel Durov-un əsasını qoyduğu bu şəbəkə yeni qanunları imzalamaqdan imtina edib. Cənab Durov əlavədəki kodlaşdırılmış mesajlara tənzimləyicilərin çıxışına imkan vermək istəmir.

CİHADÇILAR

«Telegram»ın 100 milyon istifadəçisi var. «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması və tərəfdarları da bu əlavədən yararlanır.

İŞİD ötən ay Böyük Britaniyadakı «London Bridge» deyilən ərazidəki cihadçı hücumunda əli olmasını «Telegram» vasitəsilə elan edib.

Fransada və Yaxın Şərqdəki cihadçılar da bu mobil əlavədən faydalanıblar və şirkət İŞİD-pərəst kanalları bağlamağa cəhd göstərib. «Telegram» 5 minədək üzvü olan qruplara mesaj, sənəd, video və fotolar göndərmək imkanı verir, bunun üçün heç bir ödəniş tələb olunmur, həm də informasiyanın tam kodlaşdırılması imkanı var.

İndi FSB Sankt-Peterburq hücumuyla bağlı təhqiqat çərçivəsində açıqlayıb ki, intiharçının «Telegram»dan istifadə etməsinə dair etibarlı informasiyaya malikdir. Aprelin 3-də Akbarzhon Jalilov adlı rusiyalı iki metro stansiyası arasında özünü partlatmışdı.

Pavel Durov
Pavel Durov

BİLGİLƏRİ TƏHLÜKƏSİZLİK XİDMƏTLƏRİNƏ VERMƏK

Ötən cümə günü Rusiyanın «Roskomnadzor» kommunikasiya tənzimləyicisi «Telegram»ı bağlamaqla hədələyib, səbəb kimi onun Rusiyada informasiya yayımçısı kimi qeydiyyatdan keçməməsi göstərilib. Qeydə alınarsa, şirkət istifadəçilərə dair son 6 ayın informasiyasını Rusiyada saxlamalı olacaq.

Cənab Durov həm də Rusiyadakı məşhur «VKontakte» sosial şəbəkəsinin yaradıcısı və rəhbəridir. Ancaq 2014-cü ildə şirkətdən çıxmağa məcbur olub, çünki istifadəçilər haqqında bilgiləri təhlükəsizlik xidmətlərinə verməkdən imtina edib. O, daha sonra Rusiyadan gedib.

«Telegram» Rusiyanın sərt idarə olunan media mühitində xəbər paylaşma platforması kimi populyarlıq qazanmaqdadır. Bəziləri onun bağlanmasıyla ifadə azadlığının daha da məhdudlaşdırılacağından narahatdırlar.

«FİZİKA VƏ KİMYANI DA YASAQLASINLAR»

Sosial media istifadəçilərinin fikrincə, kriminallar tərəfindən istifadə olunur deyə, nəyisə qadağan etməyə çalışmaq absurddur.

«Terrorçular fizika və kimyadan da yararlanırlar. Onda fizika və kimyanı da yasaqlasınlar», – bir tvitdə yazılıb.

Cənab Durov şikayətlənib ki, tənzimləyici «Telegram»dan kodlaşdırma açarlarını da istəyib. Onlar məqsədin cihadçıları tutmaqdan ötrü onların yazışmalarını oxumaq olduğunu deyiblər.

Elə Rusiyadan kənarda da bəzi internet şirkətləri cihadçılara bomba hazırlamaq barədə, eləcə də digər qızışdırıcı materialları yaymağa imkan verdiklərinə görə tənqid olunurlar.

Ötən həftə Avropa Birliyinin 28 lideri «Google», «Twitter» və «Facebook» kimi internet nəhənglərinə qanuni təzyiq göstərməyə razılaşıblar. Onlardan cihadçı kontenti dərhal yığışdırmaq və qızışdırıcılığı aşkarlamaq alətləri hazırlamaq tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG