Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Pentaqon Rusiya bazasına hücumda ABŞ-ın əli olduğuna dair Moskvanın 'eyhamını' rədd edir


Rusiya MN-nin Facebook saytında bu dronun yerə endirildiyi iddia olunur

Pentaqon Moskvanın Rusiyanın Suriyadakı hərbi hava və dəniz bazalarına bu yaxınlarda edilmiş dron hücumunda ABŞ qüvvələrinin əli olduğuna dair eyhamlarını rədd edib.

Dəniz piyadalarının sözçüsü mayor Adrian Rankine-Galloway yanvarın 9-da deyib ki, “Rusiyanın bazaları üzərinə hücumda ABŞ və ya koalisiya qüvvələrinin rolu olduğuna dair hər hansı mülahizələr əsassızdır və əslində son dərəcə məsuliyyətsizdir”.

Bundan əvvəl Rusiya bu yaxınlarda onun Suriyadakı hərbi bazalarına hücumda ABŞ-ın əli olduğuna işarə etmişdi.

Yanvarın 9-da verdiyi bəyanatda Rusiya Müdafiə Nazirliyi diqqəti Hmeymim hərbi hava və Tartus dəniz bazalarının üzərinə dron hücumu ilə, ABŞ-ın hərbi kəşfiyyat təyyarəsinin Aralıq dənizi üzərində və bu bazaların yaxınlığında uçması arasındakı “qəribə təsadüfə” çəkib.

Bəyanatda deyilir ki, kosmik peyk kəşfiyyatı olmadan hücum üçün dəqiq koordinatların olması başqa cür izah edilə bilmir.

Bu bəyanatdan bir gün əvvəl verilmiş bəyanatda nazirlik bildirirdi kİ, yanvarın 5-dən 6-na keçən gecə Rusiyanın Hmeymim və Tartus bazaları üzərinə hücum 13 döyüş dronu ilə həyata keçirilib.

Bəyanatda bu da deyilirdi ki, pilotsuz uçuş aparatlarından 7-si vurulub, daha altısı isə idarəetməsi ələ keçirilərək heç bir itki və dağıntı törətmədən yerə enməyə məcbur edilib.

Rusiya Müdafiə Nazirliyinin həmin bəyanatında bildirilirdi ki, “terrorçuların istifadə etdikləri dronlar onlara yalnız peyk naviqasiyası və uzaqdan idarə də daxil yüksək texniki imkanları olan dövlət tərəfindən verilə bilərdi”.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu bildirmişdi ki, bazalar üzərinə hücum Hmeymim bazasının yerləşdiyi Latakiya əyalətindəki islamçı qruplaşma tərəfindən həyata keçirilib.

Rusiya Suriya prezidenti Bashar al-Assad-ın qiyamçılara qarşı müharibəsində ona həlledici dəstək verib və eyni zamanda vətəndaş münaqişəsində ABŞ-dan dəstək alan müəyyən qruplaşmalarla qarşıdurmadadır.

Moskva 2015-ci ildə Suriya münaqişəsinə qoşulandan bəri bu ölkədə 40-dək hərbçisini itirib.

Dekabrın 11-də Hmeymim hərbi hava bazasına baş çəkərkən Rusiya prezidenti Vladimir Putin özünü İslam Dövləti adlandıran ekstremist təşkilatı nəzərdə tutaraq demişdi ki, “ən döyüş qabiliyyətli beynəlxalq terrorçu qrup” üzərində “tam qələbə” qazanılıb.

Putin dekabrın 28-də bəyan etmişdi ki, indiyədək Suriya münaqişəsində 48 min Rusiya hərbçisi iştirak edib və Hmeymim və Tartus “daimi” əsasda Rusiyanın hərbi bazaları olaraq qalacaq.

Putin bunu da demişdi ki, Rusiya qoşunları Suriyadan qismən çıxarılacaq.

Qoşunların qismən Suriyadan çıxarılmasının erkən olub-olmadığı barədə suala cavab verərkən Putinin sözçüsü Dmitri Peskov yanvarın 9-da deyib ki, Suriyadakı Rusiya qüvvələri istənilən çətinliyin aradan qaldırılması üçün “bütün lazımi vasitələrə malikdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG