Rusiya Birləşmiş Ştatlara xəbədarlıq edərək bildirib ki, Suriyanın hökumət qoşunlarına şərqi Suriyada ABŞ-ın dəstəklədiyi kürd silahlıların mövqeyindən atəş açılarsa, Rusiya buna dərhal cavab verəcək.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bu bəyanatı sentyabrın 21-də verib. Bundan beş gün əvvəl ABŞ koalisiyası bildirmişdi ki, Rusiya təyyarələri ölkənin şərqindəki Deyr ez-Zor əyalətində Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçülərinə atəş açaraq onlardan bir neçəsini yaralayıb.
AzadlıqRadiosu bildirir ki, Konaşenkovun bəyanatı Suriyada ABŞ-ın İŞİD-ə qarşı döyüşdə dəstəklədiyi qüvvələrlə Rusiyanın dəstəklədiyi Suriya hökumtət qoşunları arasında toqquşmalar baş verə biləcəyindən narahatlığı ifadə edir.
Konaşenkov deyib ki, SDQ ABŞ xüsusi əməliyyat qüvvələri ilə birlikdə Fərat çayının şərq sahilində mövqe tutub. O bildirib ki, Rusiyanın xüsusi qüvvələri ilə birlikdə Deyr ez-Zor yaxınlığında yerləşmiş Suriya hökumət qoşunları iki dəfə SDQ mövqelərindən atəş altına düşüblər.
Rusiya MN-nin sözçüsü deyib ki, Qətərdə mənzillənmiş ABŞ regional komandanlığına “ən kəskin formada bildirilib ki, SDQ qüvvələri yerləşən ərazilərdən hücumlar qətiyyətlə dəf ediləcək”.
Konaşankev deyib ki, bu halda “əldə olan bütün silah növlərindən istifadə olunacaq”.
Deyr ez-Zor əyalətində əməliyyatlar aparan SDQ komandanı Ahmed Abu Khawla Rusiyanın ittihamlarını rədd edib və bildirib ki, Moskva sadəcə olaraq ABŞ-ın dəstəklədiyi hücumu əngəlləməyə çalışır.
Birləşmiş Ştatlar və Rusiya Suriyada iki ayrı hücumu dəstəkləyirlər və hər iki tərəf İŞİD-in İraq sərhədi yaxınlığındakı mövqelərinə doğru irəliləyir.
Rusiya və İran silahlıları tərəfindən dəstəklənən Suriya qoşunları Deyr ez-Zor şəhərinin əksər rayonlarına nəzarət edir.
Öz növbəsində ABŞ-ın dəstəklədiyi SDQ bildirir ki, İŞİD-in Suriyadakı son istehkamı olan Raqqa şəhəri üzərinə hücumun yekun mərhələsinə daxil olub. SDQ Raqqanın 80 faizini nəzarətdə saxlayır.
Konaşenkov isə Rusiya kəşfiyyatına istinadən bildirib ki, koalisiyanın Raqqadakı əməliyyatı dayanıb və SDQ qüvvələri oradan Deyr ez-Zora dislokasiya edilir. O bu barədə dəlillərin nədən ibarət olduğunu bildirməyib.
O həmçinin deyib ki, Suriya qoşunları ötən gecə ərzində Fərat çayının qərb sahilindəki iki kəndi və 16 kvadrat kilometrlik ərazini İŞİD-dən geri alıb.