Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:13

'Rusiyanı dayandırmaq cəhdləri uğursuzdur'


Siyasi karikatura
Siyasi karikatura

«The Financial Times» qəzeti Rusiyanın artmaqda olan gücündən, Qərbin acizliyindən və qlobal güclərin qarşıdurmasının dünyanı yeni sınaqla üzləşdirməsindən yazır.

Müəllif Lilia Shevtsova deyir ki, Rusiya qlobal səhnəyə yalnız Qərbin rəqibi kimi deyil, həm də Qərbdəki cəmiyyətlərin daxili inkişafına təsir etmək niyyətində olan ölkə kimi qayıdıb, sonucda dünyaya yeni intellektual və geosiyasi sınaq yaradıb.

Qəzet yazır ki, Moskvanın ABŞ-da seçkilərə müdaxiləsi barədə ittihamlar Rusiyanın gücü qarşısında zəifliyi göstərir. Düzdür, Rusiya keçmiş kommunist imperiyası qədər güclü deyil, ancaq onun zərər vurmaq qabiliyyəti Sovet İttifaqınınkından böyükdür və Qərbin Rusiyanı önləmək haqda müzakirələri köməksizlik təsiri bağışlayır.

RİSK

Müəllif həm də bu durumun tarixi analoqu olmadığını qeyd edir. Kommunizmdən imtina edilsə də, Rusiyadakı sistemin dəyişmədiyini, ölkənin liberallaşacağını gözlədiyimiz halda, liberalların özlərinin yenilənmiş, amma yenə də bir şəxsin idarə etdiyi sistemin mövcudluğuna yardım etdiyini yazır. Nəticədə özünü liberal kimi göstərən, Qərblə guya müttəfiqlik edən, əslində isə onunla açıq-açığına deyil (hələ ki!), daxilinə müdaxilə edərək savaşan dövlətin yarandığını söyləyir.

Mikhail Gorbachev və Ronald Reagan
Mikhail Gorbachev və Ronald Reagan

Müəllifin fikrincə, Sovet İttifaqının süqutu Qərbi rəqibsiz qoydu və onda özünə hədsiz əminlik yaratdı. Bir-birinə zidd fundamental prinsiplər – qanunun hakimliyi və qanunsuzluq, suverenliyə sayqı və təcavüz, demokratiya və bir şəxsin hakimiyyəti arasında dolaşan qeyri-liberallar yeni mühitin onların xeyrinə olduğunu gördülər.

Qəzet yazır ki, hansısa ölkənin qarşısını almaq siyasəti ideoloji dəqiqlik tələb edir, amma Soyuq müharibə dövründən sonrakı dünyanın qeyri-müəyyənliyi belə siyasətə əngəl oldu. «Həm də sənin öz liberal şüarlarını özünə qarşı işlədən rəqibi necə saxlamaq olar? Qarşısındakını nüvə ilə hədələyəni sıxmaq olarmı?», – deyə müəllif sual verir. Cavabında isə dünya ticari və təhlükəsizlik sistemlərinə inteqrasiya etmiş dövləti dayandırmağın uğursuzluqla sonuclanacağını, nüvə ölkəsini sıxmağın daha riskli olduğunu vurğulayır.

GÜCLƏR BƏRABƏR DEYİLSƏ...

Lilia Shevtsova hesab edir ki, Rusiyaya Qərbi tabe etdirmək imkanını verən onun özünə inamı, inadkarlığıdır. Moskva özünümüdafiənin ən yaxşı yolunu aqressiv davranmaqda görür, ona görə də liberal dünyanı parçalamaq taktikasından yararlanır. Bəzi qərblilərin Rusiyaya yaxınlaşma barədə çağırışlarının da, D.Trump-ın yəqin ki, dəstəkləyəcəyi «işgüzar münasibətlər» siyasətinin də, müəllifin fikrincə, xeyri olmayacaq. Çünki Rusiya «böyük sövdələşmələr» niyyətindədir və niyyətini də açıq bildirir. Moskva qlobal qaydalar qoymaq haqqına yiyələnmək və bu haqqını Qərbə təsdiqlətmək istəyir.

«Topol-M» nüvə raketi
«Topol-M» nüvə raketi

Amma əgər güclər bərabər deyilsə? Müəllif Rusiyanın həm iqtisadi, həm də hərbi büdcəsinin Qərbinkiylə müqayisəyə gəlmədiyini vurğulayır. Düzdür, Kreml nüvə silahıyla şantajla çox şey istəyə bilər, bəs Qərbin Rusiyaya cavabı nə olar?

Qəzet yazır ki, Rusiya düşməninə güzəşt ideyasından uzaqdır. Onu bu mövqeyindən imtina etdirməyin tək yolu isə Qərbə baxışını dəyişdirməkdir. Yəni Qərb elə etməlidir ki, Rusiya ona düşmən gözlə baxmasın. Bu yerdə Qərbin bu siyasətə hazır olub-olmaması sual yaradır.

Müəllif dünyanın yeni eranın başlanğıcına gəlib çıxdığını, siyasətçilərin, həm Rusiya, həm də Qərbdəki liderlərin düşməncə münasibətləri yoluna qoymaqdan ötrü qərar verməli olduğunu yazır. Amma kiminsə belə qərar verməyə qadir olduğu, hələ ki, görünmür.

XS
SM
MD
LG