Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 09:59

'Faberge' yüz il sonra da heyrətləndirir


Pasxa yumurtası, Rusiya (1891)11 yanvar 1967

Yüz il öncə bu ay Sankt-Peterburqun zərgərlik məmulatları hazırlayan əfsanəvi “Peter Carl Faberge” firması sonuncu imperiya Pasxa yumurtalarının işləmini bitirirdi.

Ancaq “Karelian toz ağacı yumurtaları” saraya göndərilən ərəfədə çar II Nikolayı (Nicholas) taxt-tacdan salan və 1917-ci il martın 15-də hakimiyyətdən əl çəkməyə vadar edən Fevral İnqilabı başlamışdı.

İndi bu yumurtalar Almaniyanın Baden Baden şəhərində qurulan və tamamlanmamış “Şahzadənin bürcləri” yumurtası ilə birgə “Faberge” Muzeyindədir.

“’Faberge’, kütləvi istehsalla yanaşı, bahalı əl işləri də hazırlayırdı”, – şəxsi “Faberge” kolleksiyası əsasında muzey yaradan rusiyalı milyarder Aleksandr İvanov deyir: “Hər kəs imperiya Pasxa Yumurtalarından danışır. Onlar niyə o qədər bahadır? Birincisi, burda onlardan çox azdır. İkincisi, üstündən azı 100 il keçib, ona tay və ya üstün gələn bir şey yoxdur”.

Firma çar ailəsinə 54 dəyərli Pasxa yumurtası hazırlayıb

Firma 1885-1917-ci illər arasında Rusiya imperiya ailəsi üçün 54 yumurta hazırlayıb, onlardan 43-ü bəllidir. Bu ənənə çar III Alexander tərəfindən qoyulmuşdu. İkinci Nikolay isə hər il iki yumurta sifariş edirdi: birini arvadı Alexandra, digərini anası Maria Fyodorovna üçün.

Çar II Nikolay ailəsi ilə, 1914
Çar II Nikolay ailəsi ilə, 1914

Hər yumurta Romanovlar ailəsində maraqla qarşılanırdı. “Faberge” azad və yaradıcı çalışırdı.

54 yaşlı Aleksandr İvanov “Faberge” muzeyini 1990-cı illərin sonlarında yaradıb. Baxmayaraq ki, Pasxa yumurtaları Rusiyada muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən, digər yerlərdədi, İvanov Faberge kolleksiyasını toplamağa nail olub. Onun muzeyində “Faberge” firmasına məxsus 700 əşya var.

Rəqiblər də var

Ancaq İvanovun rəqibi də var, neft milyarderi Viktor Vekselberq Rusiyada, Sankt-Peterburqda öz “Faberge” muzeyini qurub. O, 2004-cü ildə amerikalı nəşriyyat maqnatı Malcolm Forbes-un, arasında 9 imperiya yumurtası olan kolleksiyasını alıb.

Baden Badendəki muzeydə cəmi bir tamamlanmış yumurta var, ancaq o, “Faberge” əfsanəsinin özünəməxsus nadir incisidir.

“Faberge Muzeyi yalnız sərgi deyil”, – İvanov AzadlıqRadiosunun rus xidmətinə bildirir: “Bu, həm də “Faberge” şrkətinin və Faberge ailəsinin tarixinə həsr olunub. Əlimizdə heç vaxt dərc olunmayan çoxlu sənədlər də var”.

İvanov deyir ki, “Faberge” şirkəti sənət əsərləri yaratmağa çalışıb:

“Carl Faberge zərgər olmayıb. Biz onun əlindən çıxan bircə iş də bilmirik. O, istedadlı rəhbər idi, firma yaratmışdı və ora böyük ustaları toplamışdı, onlara yaradıcılıq azadlığı vermişdi”.

Rusiyalı milyonçu Viktor Vekselberg (sağ) Faberge Muzeyindəki sərgidə, St. Petersburq, 13 fevral 2015
Rusiyalı milyonçu Viktor Vekselberg (sağ) Faberge Muzeyindəki sərgidə, St. Petersburq, 13 fevral 2015

“İdeal kapitalist müəssisə”

İvanov firmanı “ideal kapitalist müəssisə” adlandırır: “Carl Faberge ustaların işinə qarışmırdı, firmanın işləri ilə məşğul olurdu, çox böyük təşkilatçı idi. Əlbəttə ki, ustaların heç biri də o birisinə bənzəmirdi”, – o əlavə edir.

17 oktyabr inqilabından sonra bolşeviklər firmanı milliləşdirirlər və dağıdırlar. Carl Faberge ölkəni tərk edərək xaricə köçür, ömrünün son illərini İsveçdə keçirir. O, 1920-ci ildə 74 yaşında elə burda da vəfat edir. Onun oğlu Agafon Rusiyada yeni rejimdə yaşamağa çalışır, ancaq dəfələrlə həbs olunur. 1927-ci ildə Agafon Qərbdə onun yeni həyatını təmin edəcək tamamlanmamış “Şahzadənin bürcləri” yumurtası və poçt markası kolleksiyasını da özü ilə götürərək donmuş Fin Körfəzini keçir. Agafon 1951-ci ildə Helsinkidə vəfat edib.

İvanov bildirir ki, müştərilərə saxta “Faberge” məhsulları da təklif edilir. “Hər kəsə fərdi məsləhət verə bilmərik. Burda saxta “Faberge” məhsullarının çox böyük bazarı var”, – o deyir.

120 minin cəmi 20 minindən xəbər var

Ancaq həm də əsl “Faberge” məhsullarının çoxundan xəbər yoxdur. Kolleksiyaçı İvanov deyir ki, onlar firmanın 120 mindən çox yüksək keyfiyyətli məhsulu olduğunu müəyyənləşdiriblər, ancaq onların 20 mini haqqında bilgi var.

Faberge muzeyinin Kostromada sərgisi, 2011
Faberge muzeyinin Kostromada sərgisi, 2011

Moskvadakı bazarla bağlı İvanov söyləyir ki, hətta onun belə, Moskvada“Faberge” məhsulunu almağa gücü yetməz: “Orda bürokratlar, gəlirlərini gizlədən adamlar belə malların müştərisidir. Az maaş, amma milyonlarla dollar bank hesabları olanlar... Onlar üçün fərqi yoxdur, 5 min dollar verirlər, ya 50 min, ya 100 min, yoxsa 1 milyon dollar”, – İvanov deyir. Onun sözlərinə görə, belə alıcılar London auksionlarına da təsir edir.

Moskva meri muzey təşəbbüsünü dəstəkləməyib

Kolleksiyaçı milyarder xatırladır ki, o, muzeyi Moskvada yaratmaq istəyib, ancaq o vaxtkı mer Yury Luzhkov bu təşəbbüsü dəstəkləməyib. İvanov deyir ki, gərəkən bağlantılar olmadan, muzeyə bina, yaxud rəsmi muzey statusu almaq mümkün olmayıb.

Baden Baden rəhbərliyi isə milyarderin təşəbbüsünü göydə tutub və dərhal muzeyə federal status verilib.

İvanov özünü “Faberge” irsinin müdafiəçisi kimi təqdim edir. Onu da əlavə edir ki, 100 illər sonra da adamlar “Faberge” haqqında danışacaqlar və artıq “Faberge” sənəti təkcə Rusiyanın deyil, qlobal sənətin bir parçasına çevrilib, “çünki bu firmanın məhsulları Rusiyadan çox Qərbə səpələnib”, – milyarder deyir.

Muzeyə giriş pulludur. Böyüklər üçün biletin dəyəri 18 avrodur. Jurnalistlərə, tələbələrə, uşaqlara, təqaüdçülərə güzəştli bilet təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG