Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 02:27

Madrid prinsipləri niyə yenidən gündəmə gəldi?


«Qafqaz» Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı
«Qafqaz» Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı

«Niyə nazir «Rusiya bizə təklif edir, ancaq əvvəlcə ermənilər çıxmalıdırlar» deyir? Deyərdi ki, “Rusiya bizə təklif edib, plana görə, əvvəlcə, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar”»

Aprelin 29-da Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Rusiya Bakıya Dağlıq Qarabağ probleminin mərhələli həllini təklif edir. Təklifin nədən ibarət olduğu haqqında nazir deyib ki, bu, yenilənmiş «Madrid prinsipləri»dir. 10 il əvvəl gündəlikdən çıxarılmış mərhələli həldən çoxdan danışılmırdı. Niyə indi buna qayıdılır?

«Qafqaz» Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı AzadlıqRadiosu-na Madrid prinsiplərinin yenidən gündəmə gəlməsi haqqında danışır.

– Klassik mənada, mərhələli həlldən danışanda, adətən, həmsədrlərin 1997-ci ilin sonunda təklif etdiyi variant nəzərdə tutulur. Həmin variantda əvvəlcə işğal olunmuş Azərbaycanın rayonlarının, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonların azad olunması, daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Bilirik ki, o variantı Azərbaycan qəbul eləmişdi. Hətta Ermənistan da müəyyən gərginliklərə və problemlərə baxmayaraq, bunu qəbul eləyirdi. Levon Ter-Petrosyan bu variantı qəbul edirdi. Ancaq 1997-ci ilin sonunda Robert Koçaryan baş nazir təyin olundu, 1999-cu ilin əvvəlində də Levon Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra proses dayandırıldı. Bundan sonrakı dövrlərdə, xüsusilə, Rusiyanın fəallıq göstərdiyi, onun təşəbbüsü ilə ortaya çıxan planlar, əslində, Azərbaycanın əleyhinə olub. Bizə ən ağır forması ortaq dövlət variantı idi. O vaxtdan bu günə qədər, istər, Madrid prinsipləri olsun, istər yenilənmiş Madrid prinsipləri olsun, – hətta vaxtilə 2000-ci illərdə «Praqa prosesi» və yaxud «Paris prinsipləri» deyilən bir məsələ var idi, – hamısında Azərbaycanla Ermənistanın açıqlamaları üst-üstə düşmür. Bu danışıqların qapalı getməsi bir qədər anlaşılandır. Ancaq təklif edilən variantların tam açıq olmaması ona gətirir ki, bir çox halda təsdiqlənən layihəylə, planla, ya da ideyayla bağlı tərəflər öz maraqlarına uyğun açıqlama verir.

– Moskvanın təklifi barədə nazir deyib ki, bu, yenilənmiş "Madrid prinsipləri"dir. Bəs, yeniliklər nədən ibarətdir?

– Son dövrlərdə həm Azərbaycan rəsmilərinin açıqlamalarına, həm həmsədr dövlətlərin rəsmilərinin açıqlamalarına baxanda, təxminən belə aydın olur ki, doğrudan da yenilənmiş Madrid prinsiplərində mərhələli həll məsələsi var idi. İndi bizim xarici işlər naziri deyir ki, Rusiya bizə mərhələli həll təklif edir. Amma xatırlayırıq ki, bir neçə il əvvəl, hətta cəbhədəki son gərginliyə qədər onsuz da belə bir fikir var idi. Yəni, əvvəlcə,

...vaxtilə 2000-ci illərdə «Praqa prosesi» və yaxud «Paris prinsipləri» deyilən bir məsələ var idi...

Ermənistan beş rayonu azad edir. Amma Lavrov dedi ki, belə bir variant yoxdur. Son toqquşmalardan sonra Rusiya rəsmilərinin Azərbaycana səfərləri ilə bir arada bu mərhələli həllə bağlı ideyalar ortaya atılıb. Rusiya Azərbaycana təklif edə bilər ki, 5 rayon boşaldılır, ona paralel olaraq, «sülhməramlı» deyilən xarici ordu gəlir. Yəni, növbəti mərhələdə yox, paralel. Əslində, təklif olunan Madrid prinsipləri istiqamətində, faktiki, addımlar atılıb. Rəsmi səfərlər olub, Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri, millət vəkilləri bu prosesdə iştirak elədi. Yaxud hər iki tərəfin icmasının iştirakı məsələsini götürək. Baxmayaraq ki, bunların arasında tam rəsmi bir əlaqə qurulmayıb, ardıcılığa baxanda, görürük ki, Madrid prinsiplərilə bağlı müəyyən addımlar atılıb. Sadəcə, ordakı o geniş çərçivə yerinə yetirilmədi. Amma yenilənmiş Madrid prinsipləri ilə bağlı açıqlama Madrid prinsipləri qədər geniş deyil, sadəcə, maddələr açıqlandı. O da mərhələli plana uyğun gəlirdi. Əvvəlcə, 5 rayon boşaldılmalıdır, məcburi köçkünlər evlərinə qayıtmalıdır, müvəqqəti status, sonra gələcək statusun tam müəyyənləşdirilməsi ilə bağlı addımlar atılmalıdır. Qarşılıqlı inamın yaradılması, Ermənistanın blokadasının aradan qaldırılması Qərb dövlətlərinin də əhəmiyyət verdiyi bir şeydir. Yenilənmiş Madrid prinsipləri ilə Madrid prinsiplərinin fərqini tam ortaya qoya bilmirik. Çünki yenilənmiş prinsiplərlə bağlı daha az məlumat var. Bizim xarici işlər naziri deyir ki, «Rusiya bizə mərhələli həll təklif edib. Amma, ilk növbədə, ermənilər işğal olunmuş ərazilərdən çıxmalıdırlar». Aydın olmur ki, bu mərhələli həlldirsə, onsuz da ilk mərhələsində ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar. Niyə nazir «Rusiya bizə təklif edir, ancaq əvvəlcə ermənilər çıxmalıdırlar» deyir? Deyərdi ki, «Rusiya bizə təklif edib, plana görə, əvvəlcə, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar». Niyə Rusiyanın təklifi ilə «ermənilər çıxmalıdırlar»ın arasında «amma» var, bunun səbəbini bilmirəm.

– Rusiyanın rolu haqqında danışanda Elmar Məmmədyarov Moskvanın fəallaşmasını aysberqlə müqayisə edib. Deyib ki, «yalnız zirvə görünür, suyun altında nə olduğunu heç kim bilmir»...

– Burda Azərbaycan üçün prinsipial məqam ərazisinə başqa bir ölkənin ordusunun yerləşdirilməsi məsələsidir. Uzun müddət sülhməramlılar məsələsi ortadan qalxdı, aktual olmadı. Amma son dövrlərdə yenidən aktuallaşıb.

Niyə Rusiyanın təklifi ilə «ermənilər çıxmalıdırlar»ın arasında «amma» var, bunun səbəbini bilmirəm.

Məncə Rusiya belə bir görüntü ortaya qoymağa çalışır ki, «problemi yaradan Rusiya» imici tədricən «problemi həll edən Rusiya» imicinə doğru dəyişir. Rusiyanın belə bir təşəbbüsü var. Bununla Moskva həm də Azərbaycana rus ordusunun qayıtmasına nail olmaq istəyir. Mənim təsəvvürümə görə, Azərbaycanın «görünməyən» dediyi məsələlər, əslində, görünən, amma rəsmi şəkildə bəzən tam ifadə olunmayan məsələlərdir. «Aysberq» ifadəsi çox diplomatik ifadədir.

– Araz bəy, mərhələli həll Azərbaycanın maraqlarına uyğun sayılır. Bəs, sonrakı mərhələ necə olacaq? Azərbaycan referenduma razılıq versə, bu referendumun 10 il sonrakı nəticəsi necə ola bilər?

– Bu günkü şərtlərlə yanaşanda, belə düşünürük ki, bütün qaçqınlar geri qayıdacaqsa, bu referendum keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində keçiriləcəksə, orda erməni əhali ilə azərbaycanlı əhali arasında üçün birə nisbəti var. Referendum sırf o ərazidə olacaqsa, bu günkü məntiqlə yanaşanda, ermənilər ayrılmaq istəyə bilərlər. Bəs 10 il, 15 il sonra nə ola bilər? Bunu birmənalı demək olmur. Çünki insanlar bir yerdə yaşayandan, müəyyən tarixi proses keçdikdən sonra, ola bilsin ki, orda yaşayan erməni əhalinin 30-40 faizi fikrini dəyişə, Azərbaycan dövlətinin parçası olaraq qalmaq istəsin. Ölümləri müqayisə etmək doğru deyil. Dünyanın başqa yerlərində də xeyli insanın öldüyü, vəhşiliklərin törədildiyi münaqişələr olub. Amma müəyyən müddət sonra birgəyaşayışla bağlı qərarlar qəbul ediblər. İnanıram ki, əgər 10 il normal yaşayış olsa, normal proses getsə, oradakı ermənilərin xeyli hissəsi birgə yaşayışla bağlı fikirlərini də dəyişə bilər.

XS
SM
MD
LG