Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

Kreml hesab edir ki, ABŞ Rusiyada 'rejimi dəyişməyə' çalışır


Rusiya xalqları yemək istəmir. Karikatura
Rusiya xalqları yemək istəmir. Karikatura

Kreml liderləri əmindirlər ki, ABŞ Rusiyada rejimin dəyişdirilməsinə çalışır. ABŞ Müdafiə Departamentinin Kəşfiyyat idarəsi belə bir nəticəyə gəlib. Bu qorxular «Soyuq müharibə» dövrünün keçmiş düşmənləri arasında gərginlik və hərbi rəqabətin güclənməsinə yol açır.

«DÜNYA DƏYƏRLƏRİNİN VAHİD KOMPLEKSİ»

İdarənin çərşənbə günü açıqlanmış, gizli xarakter daşımayan hesabatında deyilir ki, Rusiya ABŞ-a get-gedə daha ehtiyatla yanaşır.

Sənəddə Moskvanın ABŞ-ın dünyada demokratiyanın dəstəklənməsinə yönəlmiş cəhdlərinə «dərin və dəyişməz» inamsızlığından söz açılır. Qeyd edilir ki, ABŞ «dünya dəyərlərinin vahid kompleksi»nin yaradılmasına çalışır.

«Kreml əmindir ki, ABŞ Rusiyada rejimin dəyişdirilməsinə zəmin hazırlayır və bu inam Ukrayna hadisələrindən sonra daha da güclənib», – deyə sənəddə vurğulanır.

Hesabatda Rusiya prezidenti Vladimir Putin-in bəyanatına istinad edilir. Həmin bəyanatda deyilirdi ki, 2014-cü ildə ABŞ Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukovych-in hakimiyyətdən uzaqlaşdırılmasına yol açmış xalq üsyanını təşkil edib.

Rusiya buna Ukraynaya məxsus Krım yarımadasının ilhaqı və Ukraynanın şərqində rusiyayönümlü separatçıları dəstəkləməklə cavab verib.

NÖVBƏTİ 10 İL

«Moskva ABŞ-ın ...beynəlxalq normaları yeritmək cəhdlərinin Kreml hakimiyyətinin əsaslarını təhdid etməsindən narahatdır. Çünki bu cəhdlər Rusiyanın daxili işlərinə xarici müdaxiləyə imkan yaradır», – deyə hesabatda qeyd edilir.

Vincent Stewart
Vincent Stewart

«Rusiyanın hərbi gücü» hesabatı Pentaqonun Kəşfiyyat idarəsinin son 20 ildən artıq müddət ərzində dərc etdiyi ilk açıq hesabatdır.

«Növbəti 10 il ərzində özünə daha çox güvənən və daha bacarıqlı Rusiya meydana çıxa bilər», – idarənin direktoru general-leytenant Vincent Stewart-ın hesabata yazdığı giriş mətnində deyilir.

Hesabatda artıq «Soyuq müharibə» dövründən bəlli qlobal ideoloji qarşıdurma barədə xəbərdarlıq edilir. Ancaq müəlliflər həm də bildirirlər ki, indiki halda Moskva «öz şərtləri daxilində sabitliyin təminatından ötrü özünün silahlı qüvvələrindən istifadə etmək niyyətindədir».

DAHA YIĞCAM, MOBİL VƏ BALANSLI QÜVVƏLƏR

Pentaqonun Kəşfiyyat idarəsinin nümayəndəsi James Kudla dərc edilmiş hesabatın son zamanlar baş vermiş hadisələrlə qətiyyən bağlı olmadığını bildirib. Onun sözlərinə görə, sənəd Konqresin tələbiylə hazırlanmayıb.

Hesabatda Rusiyanın hərbi gücünün bütün aspektlərinin ətraflı dəyərləndirilməsi öz əksini tapıb.

Sənəddə Rusiya özünün Sovet İttifaqının dağılmasından sonra zəifləmiş ordusunu, donanma və aviasiyasını müntəzəm və uğurla yeniləyən ölkə kimi təqdim olunur. Hərçənd, hesabatda Rusiyanın hərbi potensialına dair hər hansı bir yeni məlumat gözə dəymir.

«Bu gün Rusiya Silahlı Qüvvələri yüksəliş dövrünü keçirir. Bu, artıq «Soyuq müharibə» zamanı Qərblə qarşı-qarşıya gələn, ağır texnikalı iri hissələrdən asılı olan sovet qoşunları deyil», – sənəddə deyilir.

Rusiya HHQ Suriyada
Rusiya HHQ Suriyada

Qeyd edilir ki, Rusiyanın yeni Silahlı Qüvvələri «tammiqyaslı hərbi əməliyyatların keçirilməsinə tez hazırlaşmağa qadir daha yığcam, daha mobil və balanslı qüvvələr» kimi xarakterizə oluna bilər.

RUSİYAYA TƏHDİD

Nümunə kimi 2015-ci ildə Rusiyanın Suriyaya hərbi müdaxiləsi göstərilir.

Kreml iddia edir ki, bu müdaxilə «İslam Dövləti» yaraqlıları ilə mübarizəyə yönəlib. Ancaq Vaşinqton hesab edir ki, Moskva Suriya ordusunun müxalifət qüvvələrinə hücumuna hava dəstəyini təmin etməklə Suriya prezidenti Bashar al-Assad-a yardım edir.

Hesabatda vurğulanır ki, bu müdaxilə həm də Suriyaya keçmiş Sovet İttifaqı ərazilərindən gəlmiş cihadçıların məhvinə yönəlib. Belə ki, onların vətənə dönüşü Rusiyaya təhlükə yarada bilər.

«Rusiyanın müdaxiləsi münaqişənin bütün dinamikasını dəyişdi, al-Assad rejimini gücləndirdi və elə bir vəziyyətə gətirib çıxardı ki, artıq Moskvanın razılığı olmadan münaqişənin həlli qeyri-mümkündür», – hesabat müəllifləri yazırlar.

«Ancaq eyni zamanda, bu addımlar Birləşmiş Ştatlarla bağlı dərin kök salmış zəiflik hissinə ziddir. Moskva hesab edir ki, ABŞ həm ölkə daxilində, həm də xaricdə Rusiyanın mövqelərini təhdid edir», – deyə hesabatda vurğulanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG