Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

Moskva Polşada Amerika ordusuna 'İsgəndər'lə cavab verir


«İsgəndər-M» operativ-taktiki raket kompleksi
«İsgəndər-M» operativ-taktiki raket kompleksi

Rusiya Birləşmiş Ştatların Baltiklərdə hərbi iştirakını artırmasına cavab olaraq Kalininqrada daha çox qabaqcıl raket göndərə bilər. Bu haqda Rusiya xəbər agentlikləri oktyabrın 12-də ölkənin tanınmış deputatına istinadla yazıblar.

VAŞİNQTON PAKTI POZUB?

Parlamentin aşağı palatasında müdafiə komitəsinin sədri Vladimir Shamanov deyib ki, Moskva ölkənin qərb ərazilərinə əlavə «İsgəndər» raket sistemləri yerləşdirə bilər. NATO üzvləri olan Polşa və Litvayla həmsərhəd Kalininqrad anklavı da burdadır.

Shamanov bunun ABŞ-ın Polşaya silahlı briqada yerləşdirməsinə cavab olaraq gerçəkləşdiriləcəyini söyləyib. «Interfax» və TASS-ın məlumatına görə, Birləşmiş Ştatların addımı «beynəlxalq razılaşmalar tərəfindən qəti qadağan olunur».

Yüksək dəqiqlikli «İsgəndər» 500 kilometr məsafəni əhatələyə bilir ki, bu da ona NATO üzvlərinin ərazisində obyektlərini hədəfə almaq imkanı verir. Bu raketə adi və nüvə başlığı yerləşdirilə bilər.

Oktyabrın 12-də Moskva Birləşmiş Ştatları Polşa və Baltik regionunda qüvvələrini qanunsuz yerləşdirməkdə suçlayıb, bildirib ki, Vaşinqton sakitcə bütöv bir silahlı diviziya yerləşdirməklə Rusiyanın NATO-yla münasibətlərini tənzimləyən əsas paktı pozub.

ABŞ və NATO sözçüləri ittihamları rədd edib.

Polşada NATO təlimləri
Polşada NATO təlimləri

BRİQADA POLŞAYA KEÇİB

Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor Igor Konashenkov bəyanatında deyib ki, ABŞ-ın 3-cü Silahlı Briqada Döyüş Komandası rotasiyayla regiondan çıxmalı, avadanlığı 2-ci briqadaya saxlamalıydı. Amma onun sözlərinə görə, Rusiyanın ötən ay Belarusda keçirdiyi «Zapad-2017» hərbi təlimləri zamanı 2-ci briqada öz zirehli maşınlarıyla sakitcə Polşaya yerləşib. 3-cü briqadanın tankları və zirehli maşınları isə yerində qalıb və iki saat ərzində ABŞ-ın Almaniyadakı Ramştayn bazasından gələcək hərbçilərin istifadəsinə keçə bilər.

Konashenkov deyir ki, Qərb «Zapad» təlimlərini «görünməmiş isteriyayla» qarşılayıb, faktiki, bu «isteriya» Pentaqonun əməliyyatını pərdələməyə yaradılıb.

NATO-nun sözçüsünün müavini Piers Cazalet isə oktyabrın 12-də ittihamları rədd edib, NATO-nun NATO-Rusiya Təsisedici Aktına tam əməl etdiyini bildirib.

«NATO-nun bu aktı pozmasıyla bağlı hər hansı ittiham doğru deyil», – Cazalet deyib.

Polşadakı ABŞ səfirliyi bildirib ki, razılaşma pozulmayıb, ölkədəki Amerika əsgərləri rotasiyayla xidmət edir, hər 9 aydan bir yerdəyişmə gedir.

XS
SM
MD
LG