Ötən həftə internetdə rusiyalı istifadəçilər məmurların ən çox nəzərə çarpan ifadələrini müzakirə ediblər. Krasnoyarsk diyarının qanunverici məclisinin mədəniyyət komitəsinin sədri həmkarına «bazara nəzarət etməyi» tapşırıb. Kalininqrad vilayətinin qubernatoru isə jurnalist qadının uşaq bağçaları üçün ödənişlərin kompensasiya olunmaması ilə bağlı sualına kobud tərzdə «sizə nə?» cavabını verib.
Rusiyada dövlət qulluqçularının ən çox da jurnalistlərə kəskin, kobud cavablar verməsi adi hala çevrilib.
«AĞLIMA BU İFADƏ GƏLDİ»
Krasnoyarsk diyarının qanunverici məclisinin mədəniyyət, təhsil və idman komitəsinin sədri Liudmila Magomedova həmkarı, deputat Ivan Serebriakov-un tənqidinə belə cavab verib:
«Bəzən mən sizin dediklərinizi «sayıqlama» adlandırmaq istəyirəm, ancaq heç vaxt bunu özümə yaraşdırmamışam. Ona görə bazarına nəzarət elə! Lap bezdirib, vallah».
Sonradan Magomedova həmkarını «təxribatçı» adlandırıb və dediklərini danıb.
«Mən heç o sözü bilmirəm. ...Mən ona dedim ki, «burda açdığınız bazara fikir verin» və mikrofonu söndürdüm. Mən kollektivin qarşısında üzr istədim, çünki həyatımda heç vaxt belə emosional partlayışı özümə yaraşdırmamışam və ucuz təxribatlara uymamışam. Mən onu «bazar arvadı» adlandıra bilərdim, ancaq bunu etmədim. ...Ağlıma bu ifadə gəldi», – o deyib.
GUYA ZARAFATLAŞIRMIŞ
«Novıy Kalininqrad» nəşrinin jurnalisti Oksana Maitakova Kalininqrad vilayətinin qubernatoru Anton Alikhanov-a bəzi ailələrə uşaq bağçasına görə kompensasiya ödənilməməsi ilə bağlı sual verib. Jurnalistin «niyə» sualına qubernator təxminən «sizə nə?!» mənasını verən «po koçanu» cavabını verib. Jurnalist ciddi cavab tələb edəndə qubernator soruşub: «İndi mən adamlara «po koçanu» yazım?».
«Sizdən xahiş edirəm, bir də mənə bu sosial ödənişin bərpası ilə bağlı sual verməyin», – deyə qubernator jurnalistin sözünü kəsib.
Sonradan Alikhanov RBK-ya həmin jurnalistlə çoxdan tanış olduğunu, onunla «sadəcə zarafatlaşdıqlarını» deyib.
Orlov vilayətinin keçmiş qubernatoru Vadim Potomsky də bir neçə parlaq ifadələrlə yadda qalıb. 2016-cı ilin sonunda keçirilən şura iclasında Potomsky vilayətdəki vəziyyəti tənqid edənlər haqda belə deyib:
«Əlində qələm və kağız olan hər uğursuz gicbəsər Orlov vilayətində durumun nə qədər pis olmağından danışır. Əlində çap maşınından başqa heç nə yoxdur, bu həyatda heç nə etməyib. Bircə dənə də iş yeri yaratmayıb, ancaq elə dimdikləməyi bilir. Hansı investor vəziyyətin daim gərginləşdirildiyi regiona gəlmək istəyər?».
Sonradan Potomsky jurnalistləri yox, bloqqerləri və sosial şəbəkələrdəki şərhçiləri nəzərdə tutduğunu deyib.
«ALLAH DA HƏRİF DEYİL...»
Bir dəfə isə keçmiş qubernator iddia edib ki, Ivan Grozny-nın oğlu Peterburqa gedən zaman yolda soyuqdəymədən ölüb. Qeyd edək ki, Peterburqun əsası Ivan Grozny-nın hakimiyyətə gəlməsindən 170 il sonra, 1703-cü ildə qoyulub. O, daha sonra deyib ki, Ivan Grozny-nın oğlu bahalı avtomobil almaqda ittiham olunan (XVI əsrdə-tərc.) canişin Nektarini müdafiə edib.
«Biz məbədə gedə, dua edə, Allahdan rəhm diləyə bilərik. Ancaq biz Allahın nümayəndələrinin yanına gedib onları ...tənqid ediriksə... Allah da hərif deyil, o hər şeyi görür», – bu da Potomsky-nin parlaq ifadələrindən biridir.
2017-ci ilin sentyabrında Vladimir vilayətinin qubernatoru Svetlana Orlova regiondakı müstəqil KİV-ləri «Bander tulaları» və «xarici agentlər» adlandırıb. Vilayətin ictimai əlaqələr və KİV komitəsinin rəhbəri Rita Shliakhova isə öz işləri ilə region rəhbərliyini «psixoloji sıradan çıxarmağa çalışan» «informasiya skunslarından» şikayətlənib. (skuns ətrafa xoşagəlməz qoxu yayan heyvan növüdür - tərc.).
«İt hürər, karvan keçər», – o deyib.