Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Lenin və Stalin də Hökmdarlar Xiyabanına 'köçür'


Sovet liderlərinin büstləri Stalin, Lenin, Moskva 22 sentyabr 2017
Sovet liderlərinin büstləri Stalin, Lenin, Moskva 22 sentyabr 2017

Lenin və Stalinin heykəlləri Hökmdarlar Xiyabanına əlavə edilir

Moskvada Hərbi Forma Muzeyi yaxınlığındakı meydanda bu yaxınlarda açılmış Hökmdarlar Xiyabanında bolşevik inqilabından öncə Rusiyanı idarə etmiş 33 liderin heykəli var. İndi onlara daha yeddi heykəl – sovet dövrü liderlərinin heykəlləri əlavə ediləcək.

Abidələrin açılışı mərasimi bu gün – sentyabrın 22-də olacaq. Tədbirə Rusiyanın Mədəniyyət naziri Vladimir Medinsky və deputatlar, o cümlədən ultramillətçi Vladimir Zhirinovsky və Kommunist Partiyasının rəhbəri Gennady Zyuganov da qatılacaq.

Mayda açılmış Hökmdarlar Xiyabanında artıq Ryuruk sülaləsindən olan hökmdarlardan, 1917-ci ilin fevralında çar II Nikolayın devrilməsindən bolşevik inqilabınadək ölkəni idarə etmiş Aleksandr Kerensky-yədək 33 dövlət rəhbərinin büstləri var.

Stalin, Khrushchev və başqaları

Yeni büstlərsə SSRİ-ni idarə etmiş bütün başçıları əhatə edir. Onların arasında 100 il öncə bolşevik inqilabına rəhbərlik etmiş Lenin-in də büstü yer alıb. Xatırladaq ki, Leninin cənazəsi hələ də Moskvanın Qızıl Meydanındakı mavzoleydə saxlanılır. Kreml bu il inqilabın 100 illiyinə əhəmiyyət verməsə də, təşkilatçılar bildiriblər ki, bu, müasir Rusiyada Lenin-ə qoyulmuş ilk abidədir.

Ancaq əslində, bu heykəl post-sovet dövründə Leninə qoyulmuş ilk abidə deyil. Məsələn, 2011-ci ildə Başqırdıstanda Leninə heykəl qoyulub.

Putin dövründə ruslar arasında reytinqi yüksəlmiş Stalinə də heykəllər qoyulur. Tənqidçilər bunun sovet diktatorunun nüfuzunun bərpasına yönəlmiş rəsmi siyasət olduğunu deyirlər. Stalin dövrü amansız sistematik siyasi repressiyalar, süni yaradılmış aclıq və zorakı kollektivləşdirmə ilə yadda qalıb.

Rusiya, Vladimir Lenin heykəli , Krasnoyarski, 21 aprel 2017
Rusiya, Vladimir Lenin heykəli , Krasnoyarski, 21 aprel 2017

Stalinin ölümündən sonra baş vermiş daxili çəkişmə nəticəsində hakimiyyətə gəlmiş və "stalinsizləşdirmə" kampaniyası aparmış Nikita Khrushchev və xələfi, əsasən siyasi durğunluqla assosiasiya olunan 18 illik müddət ərzində ölkəni idarə etmiş Leonid Brezhnev də yeni xiyabanda təmsil olunacaq.

Xiyabanda hətta Brezhnev-dən sonra hakimiyyətə gəlmiş, SSRİ-yə çox qısa müddət rəhbərlik etmiş Yury Andropov və Konstantin Chernenkonun da büstləri olacaq. Qeyd edək ki, Andropov uzun müddət KQB-nin rəhbəri olub.

Gorbachev da yaddan çıxmayıb

Xiyabanda Sovet İttifaqının sonuncu lideri, hazırda Gorbachev Fondu adlı beyin mərkəzinin prezidenti olan Mikhail Gorbachev-un da büstü olacaq.

Gorbachev Qərbdə Soyuq Müharibəni bitirməyə çalışan lider kimi tanınır. Ancaq Rusiyanın özündə onun irsinə yanaşmalar qarışıqdır. Rusiyada onun liberallaşdırmaya yönəlmiş islahatlarının SSRİ-nin dağılmasına gətirib çıxardığını düşünürlər. SSRİ-nin dağılmasını isə Putin XX əsrin "ən böyük geosiyasi fəlakət"i adlandırıb.

Gorbachev bu yaxınlarda "Optimist olaraq qalıram" adlı memuar kitabını dərc edib. Kitabda o, SSRİ-ni dağılmaqdan qorumağa çalışmasından söz açır, ancaq həm də qeyd edir ki, Sovet İttifaqının islahatlara ciddi ehtiyacı vardı.

Rusiya Hərbi Tarix Cəmiyyəti Rusiyanın birinci prezidenti, mərhum Boris Yeltsin-in büstünü açmaq planını təxirə salıb. Yeltsin 1999-cu ildə hakimiyyəti o zamankı baş nazir Vladimir Putin-ə ötürüb. Cəmiyyətin mətbuat xidməti RFE/RL-ə bildirib ki, cəmiyyət büstün açılmasını Yeltsinin ailəsinin xahişinə görə təxirə salıb. Ailə büstün Yeltsinin ad günündə, fevralın 1-də açılmasını xahiş edib.

Qazaxıstan, Zurab Tsereteli, 8 oktyabr 2015
Qazaxıstan, Zurab Tsereteli, 8 oktyabr 2015

Bürünc büstlər gürcü əsilli ziddiyyətli rus heykəltəraşı Zurab Tsereteli-nin əl işidir. Moskva küçələrində Tseritelinin, xüsusən də keçmiş mer Yury Luzhkov dövründə düzəltdiyi heykəl və abidələrə çox rast gəlinir.

Uzun zamandan bəri Rusiya İncəsənət Akademiyasının prezidenti olan Tseretelinin də açılış mərasimində iştirak edəcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG