Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:54

Rusiya kiber-əməliyyatlara kriminalları necə cəlb edir


Rus hakeri. Foto illüstrasiya

«Stratfor» araşdırmalar mərkəzi Rusiyanın xarici ölkələrdə seçki proseslərinə müdaxilə sxemini araşdırıb. Birləşmiş Ştatların kəşfiyyat orqanları hazırda Rusiyanın bu ölkədə ötən ilin noyabrında prezident seçkisinə mümkün müdaxiləsini təhqiq edir. Fransada prezident seçkisinin birinci raundundan sonra isə Yaponiyada mənzillənən kibertəhlükəsizlik firması rusiyalı hakerlərin namizəd Emmanuel Macron-un seçki kampaniyasına müdaxilə etdiyini bildirib. Macron-un özü də Kremli seçki kampaniyasını gözdən salma cəhdində ittiham edib, kampaniya əməkdaşları kampaniya boyunca təkmil «fişinq» (gizli yolla istifadəçi adlarının, parollarının oğurlanması) cəhdləriylə üzləşdiklərini deyiblər.

İKİ AGENTİ FSB QORUYURMUŞ

«Stratfor» yazır ki, son hadisələr Rusiya dövlət təhlükəsizlik aparatının dünyanın ən məharətli kiberkriminalları ilə əlaqələrinin mövcudluğunu göstərir.

Elə aprelin 12-də Rusiya mediası «Kaspersky Lab»ın keçmiş təhlükəsizlik eksperti Ruslan Stoyanov-un həbsxanadan məktubunu dərc edib. O, hazırda dövlətə xəyanət ittihamıyla cəza çəkir. Stoyanov məktubunda iddia edirdi ki, Kreml müxtəlif kiber-kampaniyalara hakerləri cəlb edib və əvəzində onlara xaricdə kriminal təqibdən toxunulmazlıq vəd edib. Bu iddiaları təsdiqlətmək çətin olsa da, məktubda yazılanlar Moskvanın kiber-strategiyasıyla bağlı əvvəlki şübhələri təsdiqləmiş olub.

Stoyanov-un məktubu yayılmamışdan bir ay öncə ABŞ Ədliyyə Departamenti dörd nəfərə 500 milyon «Yahoo» hesabından məlumatların oğurlanmasında iştirak ittihamı irəli sürüb. İttihamnaməyə görə, onlardan dördü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentləridir və FSB həmin «muzdlu hakerləri» öz ofislərində qoruyub. Həmin şəxslər Alexsey Belan və Karim Baratov-dur. Belan 2013-cü ildə Avropada həbsdən yayına bilib və bu da ona rəsmi yardım göstərilməsi ehtimalını ortaya çıxarır.

Moskvada FSB-nin binası.
Moskvada FSB-nin binası.

SOVET MİRASI

Təhlildə iddia olunur ki, Moskvanın qlobal kibercinayət aləminə bağlılığı təzə məsələ deyil. Rusiyada dövlət hələ internet erasından əvvəl kriminal aləmlə «qaynayıb qarışıb».

«Sovet dövründə Rusiya rəsmiləri bahalı kontrabanda malları satan qaçaqmalçılara göz yumurdu. Sovetlərdə «qara bazar» azad bazara ekvivalent idi və Kremlin sovet xalqı və iqtisadiyyatına təsirini yüngülləşdirmiş olurdu», – məqalədə deyilir.

1990-cı illərdə isə xeyli kriminallar dağılmaqda olan sovet sisteminin bir hissəsinə çevrildilər. Dünyanın müxtəlif yerlərinə səpələnmiş hərbçilər və KGB agentləri özlərinin qiymətini qaldırmaqdan ötrü dəyərli silahlara və kəşfiyyata çıxışları olduğunu deyirdi. Bu şəxslər bəzi hallarda mövqe qazanmaq məqsədilə dövlət əmlakını satmaqdan belə çəkinmirdilər. Məsələn, bir sualtı qayığın bu yolla satıldığı bəllidir. «Stratfor» yazır ki, Rusiya indi 1990-cı illərdəki xaotik dövrdən daha güclüdür. Amma yenə də kartlar və cinayətkar aləmin seçimi dəyişə bilər. Elə Stoyanov da məktubunda xəbərdarlıq edirdi ki, hazırda Kremlə işləyən hakerlər nə vaxtsa ona qarşı çevrilə bilərlər.

PULSUZLUQ

Məqalədə kriminallarla əməkdaşlığa pulu azalan hökumətlərin əl atdığı vurğulanır. Məsələn, heç ABŞ Daxili Təhlükəsizlik Departamenti belə özəl sektorun kiber mütəxəssislərə verdiyi maaşla ayaqlaşa bilmir. Bu ayın əvvəlində saxlanmış rusiyalı spammer Peter Levashov göndərdiyi hər 1 milyon mesaja görə 500 dollar istəyirmiş və bu halda günə 750 min dollar qazana bilərmiş. Rusiya hökuməti isə bu pulu verə bilmədiyindən Levashov kimi ekspertləri başqa yollarla cəlb etməyə çalışır, məsələn, hüquqi toxunulmazlıq vəd edir.

Təhlildə o da vurğulanır ki, Rusiya qeyri-rəsmi agentlərlə işləyən yeganə ölkə deyil. Çinin kəşfiyyat orqanları da xaricdə yaşayan, strateji sektorlarda çalışan çinliləri əməliyyatlara cəlb edir. Ötən ilin yanvarında ABŞ-da sənaye miqyasında casusluq sxeminin üstü açılmışdı. Çinli agentlər rəqib kampaniya yaratmaq üçün «GlaxoSmithKline PLC» şirkətindən çinli-amerikalı alimləri öz tərəflərinə çəkməyə çalışıblarmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG