Başa çatmaqda olan həftə medianın diqqətini çəkən mövzulardan biri də Rusiyada “informasiya əməliyyatları ordusunun” yaradılması haqda müdafiə naziri Sergei Shoigu-nun açıqlaması oldu. Nazirin bunu açıqlamasına təəccüblənənlər də vardı, bunu “məlumun elanı” kimi qəbul edənlər də. CurrenttimeTV-nin hazırladığı yazı da bu haqdadır.
Nazir: “Təbliğat ağıllı, savadlı və effektiv olmalıdır”
Beləliklə, Rusiyanın müdafiə naziri Sergei Shoigu fevralın 18-də Dövlət Dumasında çıxış edərkən Silahlı Qüvvələrdə informasiya əməliyyatları ordusu yaradıldığını rəsmən təsdiqləyib.
Nazirin sözlərinə görə, “təbliğat ağıllı, savadlı və effektiv olmalıdırvə buna görə də informasiya əməliyyatları ordusu yaradılıb”. Sergei Shoigu sözügedən “ordunun” sovet dönəmində mövcud olan və əkstəbliğat adlandırılan qurumdan “daha effektiv, güclü idarə” olduğunu söyləyib. Bununla da müdafiə naziri Rusiyanın maraqlarına xidmət edəcək əkstəbliğat idarəsinin yaradılmasının zərurəti haqqındasualı cavablandırmış olub.
Dövlət Dumasındakı qaynağı təəccübləndirən odur ki...
RBK-nın Dövlət Dumasındakı qaynağı “Müdafiə Nazirliyindəki struktur bölməsinin haker hücumlarının dəf edilməsi ilə məşğul olduğunu” öyrənə bilib. “Eyni zamanda, o, həm ölkə içində, həm də ölkə xaricində, həm İnternetdə, həm də kütləvi informasiya vasitələrində əkstəbliğatla məşğuldur”. Bununla yanaşı, qaynaq Sergei Shoigu-nun bu məlumatı açıqlamasınada təəccübünləndiyini ifadə edib,onun sözlərinə görə, bu, “məxfi məlumat”dır.
Dövlət Dumasında Müdafiə komitəsinin rəhbəri Vladimir Shamanov bəyan edib ki, yeni “ordu” kiber hücumlarla bağlı yaranan problemləri dəf edə biləcək: “Bu gün bir sıra çağırışlar kibersfera adlandırılan məkana daşınıb və mahiyyət baxımından bu gün ümumi qarşıdurmanın tərkib hissəsi olaraq informasiya qarşıdurması gedir”.
Bu xəbər əvvəllər həm təkzib edilib, həm də...
Baş nazirin müavini Dmitry Rogozin hələ 2012-ci ilin martında Rusiya Silahı Qüvvələrində kiber ordunun yaradılması zərurəti haqqında danışmışdı.
Bir il sonra 2013-cü ildə Silahı Qüvvələrdə bu cür komandanlığın yaradılacağı haqda “İnterfax” İnformasiya Agentliyinin qaynağı məlumat versə də, xəbər rəsmi təsdiqini tapmamışdı.
Dövlət Dumasında müdafiə komitəsinin sədr müavini Alexandr Sherin isə bu ilin yanvarında bəyan etmişdi ki, Rusiyada kiber qoşun yoxdur.
Rəsmi təbliğatı aparan trollar və telekanallar
Rusiya dövlət telekanalları dəfələrlə informasiya təqdimatı ilə deyil, rəsmi təbliğat ilə məşğul olmaqda, bundan başqa, siyasi məqsədlər güdən saxta məlumatlar yaymaqda ittiham ediliblər. Bu cür saxta məlumatların yayılması ilə bağlı Almaniya, Fransa və ABŞ-da araşdırmalar aparıldığı da bildirilir.
Birləşmiş Ştatların xüsusi xidmət orqanları isə hesab edirlər ki, sonuncu dəfə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərən Rusiya hakerlərinin fəaliyyətini məhz Rusiyanın rəsmi xüsusi xidmətləri olan Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi kurasiya edib.
Bundan başqa,Rusiyada, eləcə də ondan kənarda sosial şəbəkələrdə və forumlarda kremlyönlü təbliğat aparan “trollar fabriki”nin əməkdaşları da ifşa ediliblər.