Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Britaniya Rusiya ilə müharibəyə hazırdırmı?


Britaniya hərbçiləri
Britaniya hərbçiləri

Rusiyanın Avropa sərhədlərindəki əsgərlərinin sayını artırmasına cavab olaraq NATO Baltikyanı ölkələrə əlavə qüvvə göndərir. Rusiya isə təkcə hərbçilərini deyil, Avropadakı hərbi avadanlığını da artırmaqdadır. Britaniyanın «The Mirror» qəzeti Rusiyanın yeganə təyyarədaşıyan gəmisinin Pa-de-Kale boğazından keçməsindən 10 gün sonra, nəhayət, Britaniya nazirinin müharibəyə hazırlıqdan danışdığını yazır.

Britaniyanın müdafiə naziri Michael Fallon parlamentdə çıxışı zamanı deyib ki, NATO Kremldən gələn təcavüz təhlükəsinin mahiyyətini anlayır və Putin-in qüvvələrinə qarşı dayana bilər.

Amma M.Fallon 2017-ci ildə Britaniyanın Rusiyayla savaşa başlayacağı barədə deyilənlərin «həddən artıq fövqəladə» olduğunu bildirib. O, Rusiyanın aqressiyasının 2015-ci ildə də artdığını, amma hələ müharibəylə sonuclanmadığını vurğulayır.

«ÇOX BÖYÜK AQRESSİYANIN ŞAHİDİ OLMUŞUQ»

«The Independent» qəzeti Rusiyadakı «Levada» sorğu mərkəzinin əldə etdiyi nəticələri – rus xalqının, az qala, yarısının III Dünya müharibəsinin başlanacağından qorxduğunu xatırladır.

Britaniyanın müdafiə naziri bu cür proqnozları şərh edərkən deyib: «Biz həm bu il, həm də ötən il Rusiya tərəfdən çox böyük aqressiyanın şahidi olmuşuq. Uzaq məsafəli aviasiya, sualtı qayıqların fəaliyyəti, sularımızdan keçən təyyarə gəmisi, Rusiyanın Suriyada və başqa yerlərdə rolu və s. Mən bunun açıq münaqişənin gələn il baş verəcəyinə işarə olduğunu düşünmürəm».

Michael Fallon
Michael Fallon

«The Independent» beləliklə diqqəti M.Fallon-un gələcək münaqişəni istisna etməməsinə çəkir.

Britaniya ordusunun 2018, yaxud 2019-cu ildə Rusiyayla müharibəyə hazır olub-olmamasıyla bağlı sualları cavablandırarkən nazir bildirib ki, onlar bu cür situasiyada tempi artırmağa hazır olarlar. M.Fallon Rusiyayla savaş baş verərsə, Britaniyanın təkbaşına deyil, NATO-nun fəal üzvü kimi davranacaqlarını, NATO-nun ssenarisi üzrə hərəkət edəcəyini vurğulayıb.

ESTONİYAYA 800 ƏSGƏR GÖNDƏRİLƏCƏK

Bu günlərdə NATO-nun baş katibi Jens Stoltenberg üzv ölkələrin müdafiəyə gərəkən diqqət ayırmamasından narahatlığını da dilə gətirib.

Britaniyanın müdafiə naziri parlamentdə çıxışı zamanı ölkəsinin gələn il Estoniyaya 800 əsgər göndərəcəyini, bunun da Baltikyanı ölkələrdə təcavüzün qarşısını almağa xidmət etdiyini, NATO-nun potensial təcavüzkara cavab vermək qabiliyyətini vurğuladığını bildirib.

«The Mirror» qəzeti maliyyə naziri Philip Hammond-un xəbərdarlıqlarından yazır. O, Rusiyanın adını çəkməsə də, bəzi «yaramaz ölkələr»in Britaniyanın elektrik şəbəkəsi və hava məkanına nəzarət sistemini hədəfə almağa çalışdığını deyib. Nazir Fransanın «TV5 Monde» saytına hücumu, Ukraynanın bütün elektrik şəbəkəsinin hakerlər tərəfindən söndürüldüyünü xatırladıb. Təhlükəsizlik məsələləri üzrə ekspertlər hər iki hücumun arxasında rus hakerlərin durduğunu deyirlər. Ph.Hammond ölkəsinin təkcə kiber-müdafiəyə deyil, lazım olarsa, kiber-hücuma keçəcəyini bildirib.

XS
SM
MD
LG