Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:21

Rusiya qəzeti biznesmenin işgəncə ilə öldürülməsindən yazıb


Rusiyada çıxan “Novaya qazeta” müstəqil qəzeti sualtı qayıqların tikilməsinə ayrılmış vəsaiti mənimsəməkdə şübhəli bilinən biznesmenin məhkəməyə qədər həbsdəykən zorlandığını, işgəncələrə məruz qoyularaq öldürüldüyünü yazıb.

Aprelin 16-da qəzet Sankt Peterburq məhkəmə-tibb ekspertlərinə istinadən yazıb ki, Valeri Pşeniçnını həbs edənlər “ona işgəncələr verərək öldürmüş” və hətta “sübutları gizlətməyə belə cəhd göstərməmişlər”.

Məqalədə deyilir ki, tibb ekspertləri, həbsindən üç həftə sonra fevralın 5-də kamerada asılmış vəziyyətdə tapılmış biznesmeninin “intiharını istisna ediblər” və onun ölümündən əvvəl zorlandığını bildiriblər.

“Novaya qazeta” qəzetinin tibb ekspertlərinə istinadən verdiyi xəbərdə deyilir ki, biznesmeninin autopsiyası ötən həftə başa çatıb və onun ağzında suqaynadan cihazın məftilləri ilə ötürülən elektrikin yanıqları qalıb. Bundan başqa mərhumun bədənində açıq çapıqlar və bıçaq yaraları aşkar edilib. Onun onurğa sütunun sındırıldığı bildirilir.

Həbsxana rəhbərliyi hələlik qəzetin məlumatını birbaşa təkzib etməyib.

Rusiyanın Cəzaların Tətbiqi Federal Xidməti aprelin 17-də verdiyi bəyanatda bildirir ki, Pşeniçnının zorakılıqla öldürüldüyünə dair “qeyri-müəyyən informasiya qeyri-rəsmi mənbələrdən” alınıb.

Bəyanatda bu da qeyd olunur ki, Pşeniçnının ölümündən sonra qoyulmuş diaqnoz onun boğulmadan öldüyünü göstərib.

Biznesmenin məhkəməyə qədər saxlandığı təcridxananın rəhbərliyi də müttəhimin intihar etdiyini bildirib.

“Novaya qazeta” yazır ki, dostları və həmkarları 56 yaşlı Pşeniçnını bəzən “Rusiyanın Elon Mask-ı” adlandırırdılar, çünki o sualtı qayıqların tikintisi və təmiri üçün unikal modelləmə texnologiyası işləyib hazırlamışdı.

O Rusiya Müdafiə Nazirliyi üçün hərbi sualtı qayıqların tikintisinə ayrılmış vəsaitin 2015-ci ildən bəri 100 milyon rublunu (1, 6 milyon dollar) mənimsəməkdə şübhəli bilinirdi.

“Novaya qazeta” yazır ki, Pşeniçnı biznes şəriki Andrey Petrovun mənimsəməyə yol verdiyindən şübhələndikdən və bu barədə orqanlara məlumat verdikdən sonra həbs olunmuşdu.

Petrov həbs edilmiş, lakin Pşeniçnının özünün bir yoldaşı ilə birlikdə Müdafiə Nazirliyinin müqavilə qiymətlərini şişirtdikləri barədə ifadə verdikdən sonra azad olunmuşdu.

Məqalədə bu da qeyd olunur ki, Pşeniçnı ölümündən əvvəl arvadına üç SMS göndərə bilib. O bu mesajlarda xanımına “heç kimə heç nə ödəməməyi” tapşırırdı.

Biznesmenin dul xanımı və dostları buna görə də düşünürlər ki, görünür Pşeniçnıdan pul qoparmağa çalışırmışlar.

XS
SM
MD
LG