Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

'Böyük müharibə'yə ciddi hazırlıq


Rusiya-Belarus və NATO təlimləri keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Rusiya-Belarus və NATO təlimləri keçirilir

Sentyabrın 14-dən 20-dək Belarus və Rusiyada keçirilən «Zapad-2017» hərbi təlimləri Avropa və ABŞ-da ciddi narahatlığa səbəb olub. NATO təlimlərin indiyədək görünməmiş iri miqyasından və cəlb edilən qoşun növlərinin müxtəlifliyindən də narahatdır. Bu, Soyuq müharibənin bitməsindən sonra keçirilən ən böyük təlimlərdir. Təlimin rəsmi legendası isə belədir: «Belarusun qərbində separatçılarla mübarizə taktikasının məşqi».

GƏRGİNLİYİN ESKALASİYASI

Ancaq hətta hazırkı manevrlərlə bağlı qorxunc proqnozlar təsdiqlənməsə belə, Qərb Rusiya prezidenti Vladimir Putin-lə belaruslu Lukashenka-nın münasibətlərindəki qeyri-müəyyənlikdən ehtiyatlanacaq. Rusiya formal olaraq NATO nümayəndələrini təlimə buraxsa da, onların təlimlərin sadəcə az hissəsini müşahidə etməsinə imkan verib. Avropadakı Amerika quru qoşunlarının komandanı general-leytenant Ben Hodges narahatlığını açıq ifadə edib. O deyib ki, «Zapad-2017» fənd, «Troya atı» ola bilər və Rusiya təlimlərin sonunda öz qoşunlarını Belarusdan çıxarmaqdan imtina edə və beləliklə, NATO ilə sərhəddə qüvvələr nisbətini öz xeyrinə dəyişdirə bilər. Şimali Atlantika İttifaqının Hərbi Komitəsinin sədri, çex generalı Petr Pavel də ciddi narahatlıq bildirib:

«Baş verənlərə kompleks baxanda, belə bir nəticə çıxır ki, biz böyük müharibəyə ciddi hazırlığı müşahidə edirik».

İki həftə öncə general Pavel Rusiyanın baş qərargah rəisi Valery Gerasimov-la görüşüb. Onlar təsadüfi toqquşma riskinin azaldılması haqda danışıblar.

«Baltik regionunda və Qara dənizdə bizim böyük qoşunlarımız var. Bu baxımdan, insan faktoru və ya texniki nasazlığın arzuolunmaz insidentə yol açması ehtimalı böyükdür. Bu isə gərginliyin daha böyük eskalasiyasına yol aça bilər», – general deyib.

V.Putin hərbi təlimləri izləyir
V.Putin hərbi təlimləri izləyir

«QƏRB XATIRLAYIR Kİ...»

«Zapad-2017»nin başlanmasından öncə Ukrayna öz sərhəd qoşunlarının hazırlıq səviyyəsini yüksəldib, İsveç öz təlimlərini keçirib, ABŞ-sa Litva, Latviya və Estoniyaya əlavə 600 desantçı və 7 patrul gəmisi göndərib.

«Moskvanın niyyətlərində şəffaflığın olmaması - xüsusən də ümumilikdə Rusiya ilə münasibətlərin korlanması fonunda - Qərbi narahat olmağa vadar edir», – Kanadanın Albert Universitetinin professoru David Marples deyir.

«Təlimlərin keçirildiyi ərazi çox böyükdür və Belarusun qərb rayonları bu ərazinin kiçik bir hissəsidir. Bunun özü narahatlıq doğurur. Rusiya ilə Belarusun münasibətlərindəki qeyri-müəyyənliksə başqa bir narahatlıq mənbəyidir. Minskin Avropa İttifaqı ilə yaxınlaşması, fevralda AB vətəndaşları üçün viza rejimini ləğv etməsi Putin-i narahat etməyə bilməz. ...Lukashenka-nın müstəqilliyə yönəlmiş istənilən addımları Kreml tərəfindən mənfi qarşılanmalıdır. Onun bu viza yeniliklərinə cavab olaraq, dərhal Rusiya ilə Belarus arasında sərhəd rejimi sərtləşdirilib. Təbii ki, Qərb bu şəraitdə narahatlıq keçirir. Qərb həmçinin xatırlayır ki, Gürcüstanla müharibə və Krımın ilhaqı ərəfəsində də Rusiya ordusunun irimiqyaslı hərbi təlimləri keçirilmişdi», – professor deyir.

Alyaksandr Lukashenka və Vladimir Putin
Alyaksandr Lukashenka və Vladimir Putin

«LUKASHENKA SONUNCU DEYİLMİŞ»

Lukashenka Kremlin arzuolunmaz saydığı şəxslərlə, Mikheil Saakashvili və Kurmanbek Bakiev-lə görüşüb, Kiyevdəki «faşist xuntası» ilə mübarizə aparanları dəstəkləməyib, Cənubi Osetiya və Dnestryanının ayrılmasını və Krımın ilhaqını tanımayıb. Bütün bunlarsa Kremlə xoş gələ bilməz.

«Belarus BMT-də Krım məsələsində Rusiyaya qarşı səs verməyib, ancaq həm də yarımadanın statusunun dəyişməsini də açıq tanımır. Lukashenka hökumətə qarşı açıq aksiyalar keçirənlərlə Putin kimi sərt davranırdı, ancaq sonradan o yumşaldı. ...Minsk və Brüssel razılığa gəliblər: Lukashenka etirazçılarla nisbətən yumşaq davranır. Avropa Birliyi rejimin avtoritarlığını görməzdən gəlməsə də, buna göz yummağa çalışır...», – D.Marples deyir.

««Avropanın sonuncu diktatoru», sən demə, sonuncu deyilmiş. Üstəlik, o, bəlkə də, ümumiyyətlə, diktator deyilmiş. Ən azı, tam diktator deyil. Üstəlik, o, dövlətçilik hissinin zəif olduğu ölkəni idarə edir», – professor vurğulayır.

D.Marples güman edir ki, praqmatizm qalib gələcək:

«Çünki Rusiyanın müdaxiləsi baş verəcəksə, bu o qədər sürətli olacaq ki, hətta Belarus NATO üzvü olsaydı belə, NATO onu müdafiə edə bilməyəcək. Ümid edək ki, heç olmasa, NATO üzvü olan həmsərhəd dövlətlər Rusiyanın daha da irəliləməsinə imkan verməyəcək qədər güclənəcəklər. Belarus 9.5 milyon əhalisi olan balaca ölkədir. Avropa və Amerika anlayır ki, Lukashenka özü təkbaşına iqtisadiyyatda sıçrayış əldə edə bilməz. Onlar ölkəsini Rusiyadan ayrı dövlət kimi qoruyub saxlamış şəxs kimi onunla barışmağı öyrəniblər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG