Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:37

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) nüfuzu yüksəlməkdədir. Regionun həssas təhlükəsizlik mühiti və Avropada gedən parçalanma blok üzvlərini Moskvayla daha sıx əməkdaşlığa sövq edəcək.

Amma bu iki qurumun üzvləri yaxın gələcəkdə çoxalmayacaq və bu da Rusiyanın öz periferiyasında nüfuzunun artırılmasında həmin qurumlardan istifadəsini məhdudlaşdırır. Bu haqda «Stratfor» araşdırmalar mərkəzi yazır.

İMİC MÖHKƏMLƏNMƏDİ...

Sovet İttifaqı dağılandan sonra Rusiya ilk olaraq Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdı, ancaq bu qrup getdikcə simvolikləşdi, üzvləri yerli və xarici siyasətlərini özləri inkişaf etdirməyə meylləndilər. Bundan sonra KTMT və AİB Rusiyanın əsas inteqrasiya bloklarına çevrildilər. Rusiya AİB vasitəsilə regional iqtisadi inteqrasiyasını dərinləşdirə bildi. KTMT isə NATO-ya alternativ kimi təqdim olunurdu, Rusiyanın güclü qlobal dövlət imici yaradılırdı.

«Yeganə problem Rusiyanın imic məsələsinin özünü doğrultmaması idi. 2015-ci ildə AİB-ə Ermənistan və Qırğızıstan qoşuldu. KTMT isə 2012-ci ildə Özbəkistanı itirdi… Baltik ölkələri Qərb qurumlarında mövqelərini möhkəmlətdikcə, Ukrayna, Gürcüstan və Moldova da nə vaxtsa onların yoluyla gedəcəklərinə ümid bəsləməyə başladılar. Azərbaycan, Özbəkistan və Türkmənistan isə beynəlxalq bloklarla bağlı neytrallığa meyllənir, nə Şərq, nə də Qərbə yan alırdılar», – təhlildə vurğulanır.

KTMT-nın hərbi təlimləri
KTMT-nın hərbi təlimləri

Məqalədə bu iki blok daxilində yaranmış fikir ayrılıqları xatırladılır. Məsələn, KTMT ötən il Dağlıq Qarabağ münaqişəsiylə bağlı neytral mövqe tutmağa çalışdı. Baxmayaraq ki, Ermənistan hökuməti qurumdan siyasi dəstək istəyirdi.

Bundan başqa, KTMT-nin baş katibi postuna Ermənistandan namizədin təsdiqlənməsi bir neçə dəfə ertələndi. Çünki Azərbaycanla güclü münasibətləri olan Belarus və Qazaxıstan buna qarşı çıxırdı. Hətta belə spekulyasiyalar dolaşırdı ki, onlar Ermənistanın bu hərbi blokun başına keçməsinin əleyhinədirlər.

MÜSBƏT DƏYİŞİKLİKLƏR

Amma «Stratfor» son aylar hər iki qurumda müsbət dəyişikliklərin də baş verdiyini yazır. Ermənistan ordusunun baş qərargah rəisi olmuş Yuri Khachaturov aprelin 14-də KTMT-nin rəhbəri postuna təsdiqləndi. Digər tərəfdən, Avrasiya məkanında yaraqlıların hücumlarının çoxalması KTMT üzvlərini Rusiyayla daha sıx əməkdaşlığa məcbur edir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, KTMT Əfqanıstanla həmsərhəd Orta Asiya ölkələrinə çevik qüvvə yerləşdirməyi nəzərdən keçirir.

Bu arada Belarusla Rusiya apreldə təbii qaz və borc mübahisələrini yoluna qoya biliblər. Uzun müddət Qərbə meyllənən Moldova blokda müşahidə statusuna təsdiqlənib. Moldova prezidenti Igor Dodon Rusiyayla daha sıx iqtisadi və siyasi münasibətləri genişləndirməyə çoxdan can atırdı.

«Stratfor» yazır ki, regiondakı təhlükəsizlik mühiti, üstəgəl Qərbdə davamlı parçalanmalar keçmiş sovet ölkələrinin seçimini azaldır, onlar həmin bloklara üz tutaraq ziddiyyətlərini həll etməyə çalışırlar. «Bu qurumlar ancaq üzvlərinin sayı artarsa, daha çox iş görə bilərlər. Di gəl, bu yaxınlarda heç birinin böyüyəcəyi gözlənilmir. Əvəzində, həmin bloklar Rusiyanın periferiyasından kənara əl uzatmaq cəhdlərinin bir hissəsinə çevrilə bilər. Axı, Moskva Avrasiya sərhədləri boyunca açıq Qərblə rəqabət halındadır», – təhlildə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG