Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:57

Rus dili son 20 ildə digər dillərdən daha çox nüfuzunu itirib. Səbəb keçmiş sovet respublikalarının linqvistik suverenliklərini təsdiqləməyə çalışmasıdır. Bu haqda «The Baltic Times» portalı yeni açıqlanmış hesabata əsasən yazır.

Sayt yazır ki, rus dilinin nüfuzunun sarsılması Moskvanın təsirinin zəiflədiyini göstərir. Rusiya prezidenti Vladimir Putin-in Ukrayna və Suriyaya hərbi müdaxilə hesabına əvvəlki supergüc mövqeyini bərpa cəhdləri bu nüfuza zərbə vurmaqdadır.

ƏKSƏR ÖLKƏLƏRDƏ AZALMA VAR

Hesabatda rus dilinin Qazaxıstanda getdikcə daha az işlədildiyi vurğulanır. 2016-cı ildə əhalinin 20.7 faizi evdə rusca danışdıqlarını deyiblər. 1994-cü ildə bu göstərici 33.7 faiz idi. Bu məlumatları «Euromonitor International» araşdırma qrupu BMT və yerli statistikalara əsasən toplayır.

Qeyd edək ki, bu həftə Qazaxıstan prezidenti Nursultan Nazarbaev ölkədə latın əlifbasına keçidlə bağlı qərar verib.

Estoniya və Latviyada ruscanı birinci dil sayanlar 10 faiz azalıb. 1994-cü ildə Latviyada 40.5 faiz, ötən il isə 29.8 faiz belə düşündüyünü söyləyib. Estoniyada durum 33.3 vs. 23.4 faizdir.

Ukraynada da rusdillilər azalır, 1994-cü ildə 33.9 faizdən ötən il 24.4 faizə düşüb. Azərbaycan, Litva, Türkmənistan və Özbəkistanda da oxşar durum yarandığı qeyd olunur.

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN

Qeyd edək ki, tarixçi alim Altay Göyüşov Facebook səhifəsində rus dilində yazıb oxuyan azərbaycanlıların azalması fikrini belə şərh edib: «Bunu bilmirəm, amma məncə, bizdə SSRİ-nin dağılmasından sonra bu sahədə əsas yenilik heç bir dildə yazıb, oxuya bilməyənlər kütləsinin yaranmasıdır».

Azərbaycanın Birinci xanımı və birinci vitse-prezident Mehriban Əliyeva isə bu ilin fevralında Rusiyanın «Rossiya 1» telekanalına müsahibəsində Azərbaycanda rus dilinə ehtiramdan da danışıb. O, hətta evdə həm azərbaycanca, həm də rusca danışdıqlarını etiraf edib: «Bu, bizim xalqımızın sərvətlərindən biridir. Rus dilini çıxdaş etmək olmaz. Təəssüf ki, bəzi keçmiş Sovet ölkələrində durum fərqlidir. Bu, çox pis tendensiyadır və mən həmin ölkə rəhbərlərinin bunu anlamamasına təəccüblənirəm».

Bəs qonşu Gürcüstanda durum necədir? «The Baltic Times» yazır ki, 2008-ci ildə Rusiyayla müharibə yaşamış Gürcüstanda ötən il əhalinin yalnız 1.1 faizi rusca danışdığını deyir. 1994-cü ildə 6.4 faiz belə söyləyib. Axı, həmin münaqişədən sonra prezident Mikheil Saakashvili ingiliscənin ikinci dil kimi ruscanı əvəzləməsi barədə göstəriş verdi.

Qazaxıstanda rus dili dərsi.

Qazaxıstanda rus dili dərsi.

SƏBƏBLƏR

Rus dilinin populyarlığı SSRİ dağılandan sonra ortaya çıxan siyasi qüvvələrin fəaliyyəti nəticəsində azalıb. Moskvada mənzillənən, keçmiş sovet ölkələri üzrə ixtisaslaşmış «Macro-Advisory» konsultasiya şirkətindən Chris Weafer belə düşünür: «Ölkələr sovet idarəçiliyinin əsiri olmuşdular. Azadlığa çıxandan sonra əsarətin bütün izlərini, o cümlədən də dildən qurtulmaq cəhdləri başlandı. Onlar həm də mədəni və siyasi baxımdan Rusiya təsirindən uzaqlaşmağa çalışırdılar. Qorxurdular ki, Moskva rus dili, rus təbliğatı vasitəsilə onların siyasətinə daha asanlıqla təsir göstərir», – Weafer deyir və bəzi ölkələrin Qərblə, Asiyayla siyasi alyanslar yaratmaqla, investisiya cəlbiylə Rusiyadan uzaqlaşmasını müsbət tendensiya sayır.

Moskvadakı «Renaissance Capital» investisiya bankının baş iqtisadçısı Charles Robertson da bu fikirlə razılaşır. «1991-ci ildə Sovet İttifaqı dağılandan rus dili hamının işlətdiyi bir ünsiyyət vasitəsiydi. Yeni milli liderlər ölkələrinin sabitliyindən ötrü millətçiliyi inkişaf etdirməyə can atırdılar. Baltik ölkələri məcbur edildikləri ruslaşdırılmaya nifrətlə yanaşırdılar», – deyən Robertson etnik rusların 1990-2000-ci illərdə, özəlliklə də Asiyadan Rusiyaya axın etdiyini vurğulayır. Onun fikrincə, bunun da rus dilinin populyarlığının azalmasında rolu az olmayıb.

Bircə Belarus əks istiqaməti seçib. 1994-cü ildə əhalisinin yarısı ruscanı əsas dili sayırdısa, ötən il bu rəqəm 71 faiz olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG