Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:15

Erməni fəal: «Rusiya Ermənistanı məcbur edir ki, rus dilini dövlət dili elan etsin»


Armen Ovannisyan

«Rusiya Federasiyasının Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistan hökumətinə rus dilinə ölkədə rəsmi dil statusu vermək təklifi bundan öncə bu mövzuda edilən təkliflərdən fərqlənir».

«Biz xarici dil məktəblərinin açılmasına qarşıyıq» hərəkatının üzvü Armen Ovannisyan belə deyir.

«Bundan öncəki təkliflər elə idi ki, Ermənistan rus dilinə rəsmi dil statusu verir və əvəzində mükafatlandırılır, kreditlər alır. Amma indi məsələ dövlət, qanunvericilik səviyyəsində qoyulub, yəni əks halda Ermənistanı təzyiq, sanksiyalar gözləyir» – deyə AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Armen Ovannisyan bildirib.

Ovannisyan qeyd edir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil yeganə ölkədir ki, burada rus dili rəsmi dil deyil.

«KONSTİTUSİYAYA DƏYİŞİKLİK GÜNDƏMDƏ DEYİL»

Bundan öncə Volodinin açıqlamasına cavab olaraq Ermənistan Milli Assambleyasının daimi komitəsinin sədri Armen Aşoyan bildirib ki, hazırda rus dilinin statusu ilə bağlı konstitusiyaya hər hansı dəyişiklik etmək gündəmdə deyil.

Bu il iyunun 1-dən Rusiyada ölkə daxilində xarici sürücülük vəsiqəsi ilə çalışmağı qadağan edən qanun qüvvəyə minib. İyulun 14-də isə Dövlət Duması qərar çıxarıb ki, ölkəsində rus dili dövlət dili olan ölkələrin vətəndaşlarına icazə verilsin ki, yerli sürücülük vəsiqəsi ilə Rusiya ərazisində professional sürücü kimi fəaliyyət göstərə bilsinlər.

Rusiyanın TASS agentliyi yazır ki, bu günlərdə Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdə Ermənistan parlamentinin spikeri Ara Babloyan sözügedən məsələni qaldırıb və Volodinin cavabı belə olub: «Ancaq onu deyə bilərəm ki, rus dilini rəsmi dil elan edin və qəbul olunmuş qərar (iyulun 14-də qəbul olunmuş qərar – red.) avtomatik olaraq sizin üçün də keçərli olsun».

Günün bütün mövzuları

XS
SM
MD
LG