Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Korrupsiya əleyhinə aksiyalar nəticə verdi


Rumıniyada Çauşesku dövründən bəri ən böyük mitinqlər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Rumıniyada Çauşesku dövründən bəri ən böyük mitinqlər

Qərb mətbuatı Rumıniyada korrupsiya əleyhinə aksiyaların nəticəsindən yazır. Kütləvi aksiyalar ölkənin baş naziri Sorin Grindeanu-nu Amnistiya aktı və cinayət qanunvericiliyinə dəyişikliklər haqda sərəncamının ləğvinə vadar edib. «The Guardian» qəzeti yazır ki, bu qələbəylə Rumıniyadakı etirazçılar öz temperamentlərini ortaya qoydular.

YERLƏRİNDƏN TƏRPƏNMƏYƏCƏKLƏRİNİ DEYİRLƏR

Baş nazirin imzaladığı sənədə görə, Rumıniyada rəsmilərin cəzalandırılması şərtləri yüngülləşdirilirdi. Sərəncama etiraz edən 100 minlərlə adamın küçələrə axışması, ölkənin müxtəlif şəhərlərində günlərdir davam edən mitinqlər hökumətin geri çəkilməsinə səbəb oldu. Bu gün – fevralın 6-da Rumıniya Nazirlər Kabinetinin toplantısı keçiriləcək, hökumət qanunun ləğvi yollarını götür-qoy edəndən sonra məsələni parlamentə ötürəcək.

Amma etirazçılar dağılmaq niyyətində deyillər. Bazar günü Buxarestdə hökumət binasının qarşısına toplananlar istədiklərinə çatdıqlarına əmin olmadan – sərəncam qanuni qüvvəsini itirmədən yerlərindən tərpənməyəcəklərini bildiriblər. Bəziləri isə nazirin getməsini tələb edir, «İstefa!» deyə qışqırırlar. Ancaq Sorin Grindeanu seçiciləri qarşısında öhdəlik götürdüyünü, hakimiyyətdən getmək niyyətində olmadığını bildirib.

Baş nazir Sorin Grindeanu
Baş nazir Sorin Grindeanu

«The Guardian» qəzetinin yazdığına görə, yeni qanun vəzifədən sui-istifadədə günahlandırılan digər siyasətçilər kimi, hakim Sosial Demokrat Partiyasının lideri Liviu Dragnea-nin də ittihamlardan yaxa qurtarmasına, hətta baş nazir vəzifəsinə yiyələnməsinə yol açırdı. Ona görə də hakim partiya öncə etirazlara əhəmiyyət vermədi. Hökumətyönlü mətbuat isə Korrupsiyayla Mübarizə Mərkəzinin işinə şübhə oyatmağa çalışır, onu partiya əleyhdarlarının cəbhəsi kimi qələmə verirdi.

HƏR ŞEYİN BAŞLANĞICI

İndi hökumətin etirazlara reaksiyasından çox şey asılıdır. Qəzet hakim partiyanın rəqiblərinin də tam demokratik olmadığını, xalqın tərəfində dayanan prezident Klaus Iohannis-in də durumdan yararlanmağa çalışdığını vurğulayır. Korrupsiyayla Mübarizə Mərkəzinin kəşfiyyat orqanlarından aldığı məlumatların operativliyi də onun fəaliyyəti və məramıyla bağlı şübhələrə əsas verir.

«Demokratiyanın əsas himayədarı indi Rumıniya küçələridir», – «The Guardian» qəzeti belə yazır. Qəzet Rumıniya xalqının illərdir davam edən aksiyalarda bərkidiyini, yaxşı təşkilatlandığını, hələ ki, heç bir müxalifət təşkilatıyla «zərərli» əlaqəyə girmədən hərəkət etdiyini, polislə toqquşmalardan çəkinə bildiyini, şəbəkə halında fəaliyyət göstərən etirazçıların meydanlardakı insanlara vaxtında qida çatdırdığını da vurğulayır. «Bu keçən gərgin həftə Rumıniyada bəlkə də hər şeyin başlanğıcıdır», – məqalədə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG