Rusiyanın dövlət neft nəhəngi Rosneft bildirir ki, İraqın kürd muxtar ərazisi ilə, regionun əsas neft ixracı kəmərində nəzarət paketinin ona verilməsi barədə saziş imzalayıb.
Rosneft-in oktyabrın 20-də açıqladığı bəyanatda deyilir ki, şirkət neft kəmərində 60 faiz paya sahiblənəcək. Qalan 40 faiz İraqın özəl KAP qrupunun payına düşəcək.
Bəyanatda bu da qeyd olunur ki, şirkətin infrastruktur layihəsinə daxil olması, Rosneftin strateji məqsədlərinə xidmət edir. Rosneftin bəyanatına görə kürd muxtar regionundakı neft Rusiya şirkətinin Almaniyadakı neftayırma zavodlarına nəql olunacaq.
Sözü gedən sazişi Rosneft şirkətinin baş icraçı direktoru İqor Seçin və kürd regionunun neft naziri Aşti Havrami oktyabrın 19-da İtaliyada keçirilən sənaye konfransının əsnasında imzalayıblar.
Reuters təhlilçilərə istinadən bildirir ki, Rosneft-in bu layihəyə 1, 8 milyard dollar investisiya yatıracağı gözlənilir.
Oktyabrın 18-də tərəflər kürd regionundakı beş yeni blokun inkişaf etdirilməsi üçün hasilatın pay bölgüsü sazişini imzalamışdılar. Bu blokların geoloji inkişaf etdirilməsinə 2018-ci ildə başlanmalıdır.
Rosneft bildirib jki, tam inkişafetdirmə işlərinə 2021-ci ildə başlanacaq beş blokun neft ehtiyatı 670 milyon barrel civarında təxmin edilir.
Rusiya şirkəti ilə muxtar kürd regionu arasında bu sazişlər bölgədə sentyabrın 25-də keçirilmiş “kürd müstəqilliyi” referendumuna görə yaranmış gərginlik şəraitində imzalanıb.
Bu referendumdan sonra mərkəzi Bağdad hökumətinin qoşunları və şiə birləşmələri İraqın şimalında Kərkük də daxil bütün neft mədənlərini kürd peşmərgə qüvvələrindən geri alıblar.
İraq ordusu neft regionunu zəbt edəndən sonra kürd regionundan neft ixracı kəskin azalaraq günə 600 min barreldən 200 min barrelə düşüb.
Bu arada oktyabrın 20-də İraq hökumət qoşunları ilə kürd peşmərgə qüvvələri arasında muxtar regionun mərkəzi şəhəri sayılan Ərbilin 50 kilometrliyində toqquşmalar baş verib.
AzadlıqRadiosu yazır ki, Moskva kürdlərin müstəqilliyinə rəğbətlə yanaşır.
Seçin oktyabrın 19-da Bağdadı və Ərbili mübahisəni diplomatik yolla çözməyə çağırıb.
Bundan əvvəl Rosneft büdcə kəsirinin aradan qaldırılması üçün kürd regionuna 1, 2 milyard dollarlıq kredit verib.