Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 22:14

Rohaninin vise-prezidenti çadra örtməyə məcbur olub


Vise-prezident Laya Coneydi

AzadlıqRadiosunun müxbiri Qolnaz Esfandiyari yazır ki,İranın hüquq məsələləri üzrə yeni vise-prezidenti, professor Laya Coneydi rəsmi vəzifəsinin icrasına başlamazdan əvvəl həmişə saçlarını baş örtüyü ilə örtər, şalvar və plaş geyinərdi. Bu, İslam geyim qaydalarına minimum riayət sayılır.

Lakin indi xanım Coneydinin İran hökumətinin internet saytındakı fotosundan onun çadraya büründüyü görünür.

Bu dramatik dəyişiklik sosial media istifadəçilərinin gözündən qaçmayıb. Çoxları onun bir gecədə necə “çadori” – yəni çadralanan olduğunu sual edirlər. Çadra İranda mühafizəkarlar tərəfindən “hicabın ən mükəmməli” kimi qiymətləndirilir.

Bir çox istifadəçilər xanım Coneydinin vise-prezident olmazdan əvvəl və sonrakı şəkillərini yanaşı yerləşdirir və onu riyakar adlandırırlar.

Coneydi onun ətrafında cərəyan edən bu müzakirələrin ardınca islahatyönlü Şərq qəzetinə deyib ki, çadra örtməyi ondan prezident Hassan Rohani xahiş edib, çünki protokol belə tələb edir.

Laya Joneydi qəzetə müsahibəsində deyib: “24 milyon insanın səs verdiyi hörmətli prezidentimiz məni hökumətə dəvət edib. O mənə deyib ki, hökumətin mənim xidmətimə ehtiyacı var və hökumət protokolu isə kabinet üzvü olan qadınların çadralanmasını tələb edir”.

Vise-prezident əlavə edib ki, o “hamımızın səs verdiyi” Rohaninin tələbinə hörmət edir.

Bu müsahibədən sonra tənqidin atəşi Rohaniyə tərəf çevrilib. Sosial media istifadəçiləri Coneydi də daxil üç qadını hökumətə daxil etmiş prezidenti geriyə addım atmaqda günahlandırıblar.

Bir çoxları xanım Coneydini çadra məcburiyyətini rədd etmədiyinə görə qınayırlar.

Laya Coneydi (solda) vise-prezidentlikdən əvvəl
Laya Coneydi (solda) vise-prezidentlikdən əvvəl

Tanınmış müxalifətçi ruhani Mehdi Kərrubinin oğlu Tağı Kərrubi sual edir ki, kabinetdə ixtisaslı hüquqşünas kimi çalışacaq şəxs üçün çadranın protokol tələbi olması riyakarlıq deyilmi?

Jurnalist Sepehr Xürrəmi isə Tvitterdə yazıb: “Rohani vətəndaş haqlarından danışır, amma qadınların təməl hüquqlarına hörmətsizlik edir. İnsanın necə geyinməsi onun şəxsi işi deyilmi?”

Bəzi şərhçilər isə bildirirlər ki, çadranın protokol tələbi olması barədə söhbətlər cəfəngiyyatdır. Sadəcə olaraq yazılmamış qanunlara görə İslam Respublikasının dövlət vəzifələrində yalnız son dərəcə mühafizəkar geyimli qadınlar işləyə bilərlər.

Prezidentin köməkçisi Şahindoxt Molaverdi və vise-prezident Məsumə Ebtekar da işə çadrada gəlirlər.

1979-cu ildə ABŞ diplomatlarını girov götürmüş radikal tələbələrin sözçüsü olmuş xanım Ebtekar da ilk dəfə keçmiş prezident Məhəmməd Xatəmi tərəfindən İran ekologiya naziri təyin edildikdən sonra çadra örtməyə başlayıb.

O həmin vaxta qədər çadralanmırdı və buna görə də nüfuzlu ayətüllahların xəbərdarlıqları ilə üzləşmişdi.

Xatəminin kabinetində müşavir işləmiş Zəhra Şocayi isə bu yaxınlarda verdiyi müsahibədə prezident üzərindəki təzyiqdən danışıb.

O deyib ki, xanım Ebtekar vəzifəyə təyin olunandan sonra bəzi ruhani xadimlər prezidenti açıq şəkildə hədələmişdilər.

Xanım Ebtekarla bağlı iradlardan biri də onun çadra örtməməsi idi. O nəhayət bu tələbə əməl etməli olmuşdu.

Prezident Rohaninin də xanım Coneydi ilə bağlı hər hansı təzyiqlə üzləşib-üzləşmədiyi bilnmir, amma nəticə göz qabağındadır.

Rohaninin özü bu məsələ ilə bağlı heç bir şərh verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG