Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 16:49

Rıbka ‘Rusiyanın sirlərini faş etmək üçün’ ABŞ-dan sığınacaq istəyir


Nastya Rıbka Rusiya elitası barədə ifşaedici materialları sosial mediada paylaşıb

Rusiyalı milyarder Oleq Deripaska və baş nazirin müavini Sergey Prixodko arasında yaxtada yer almış söhbətlər barədə məlumatı özünün sosial media səhifələrində paylaşmış qadın Taylanddakı ABŞ səfirliyindən siyasi sığınacaq istəyib.

Daha çox Nastya Rıbka kimi tanınan Anastasiya Vaşukeviç Taylandda həyat yoldaşı ilə “seks məşqələsindən” sonra saxlanıb. Rusiyanın antikorrupsiya fəalı Aleksey Navalnı məhz Rıbkanın sosial media səhifəsindən götürülmüş foto və videolardan istifadə edərək Rusiyanın siyasi elitası barədə ifşaedici material hazırlamışdı.

Nastya Rıbka və onun yoldaşı, Alex Lesley kimi tanınan Aleksandr Kirillov fevralın 25-də Taylandın Pattaya şəhərində daha 8 Rusiya vətəndaşı ilə birlikdə yerli polis tərəfindən saxlanıb. Onların nümayəndəsi İvan Yunko fevralın 28-də AzadlıqRadiosuna deyib ki, Nastya və başqalarının növbəti 48 saat ərzində Rusiyaya deportasiya ediləcəyi gözlənilir.

Milyarder Oleq Deripaska (solda) və Rusiya baş nazirinin müavini Sergey Prixodko yaxtada
Milyarder Oleq Deripaska (solda) və Rusiya baş nazirinin müavini Sergey Prixodko yaxtada

Yunko AzadlıqRadiosunu Vaşukeviç, Kirillov və başqaları tərəfindən Taylanddakı ABŞ səfirliyinə göndərilmiş məktubla tanış edib.

İngilis dilində yazılmış və “ABŞ konsuluna” ünvanlanmış məktubda Kirillov “Rusiya tərəfindən repressiya olunduğunu” yazır. O iddia edir ki, buna səbəb onun Deripaska ilə Prixodko arasında baş vermiş yaxta görüşü haqqında materialı Navalnıya ötürməsidir. Prixodko uzun müddət prezident Putinin siyasi məsələlər üzrə müşaviri olub.

Məktubda deyilir: "Biz sizdən siyasi sığınacaq istəyirik və bizə mümkün qədər tez kömək edin və bizi qoruyun, çünki bizim ABŞ üçün çox mühüm informasiyamız var və bizim həyatımız çox böyük riskdədir”.

Alex Lesley-nin məktubu
Alex Lesley-nin məktubu

Kirillov iddia edir ki, o “Rusiya hökumətinin cinayətlərini fotoya alıb və səslərini yazıb” və indi ABŞ onu xilas edərsə, bu informasiyanı verməyə hazırdır.

ABŞ səfirliyi bu məktubla bağlı hələlik heç bir şərh verməyib.

Belarus doğumlu Vaşukeviç Deripaska ilə intim əlaqədə olduğunu iddia edir. Onun materialları Navalnının Antikorrupsiya Fondunun fevralın 8-də dərc etdiyi hesabatın əsas informasiya mənbəyidir. O bu foto və videoları öz sosial media saytında hələ 2016-cı ildə paylaşmışdı.

Navalnının reportajında Deripaska və Prixodkonun yaxtadakı gəzinti zamanı ABŞ-Rusiya münasibətlərini müzalkirə etdikləri bildirilir.

Vaşukeviçin sosial mediada fevralın 27-də yayılmış postu Taylandda polis maşınında çəkilib və bu postda Nastya Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair təfərrüatlı məlumata malik olduğunu bildirir.

O həmin postda deyir: “Mən Rusiya və ABŞ seçkisi barədə məlumata malik şahidəm və başqa sözlərlə Oleq Deripaska, Prixodko, Putin və Trump arasındakı zəncirin çatışmayan həlqəsiyəm”.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov fevralın 28-də bildirib ki, Putinin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşeviçin Taylanda səfəri ilə Vaşukeviçin orada saxlanması arasında heç bir əlaqə yoxdur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinə 1999-2008-ci illərdə rəhbərlik etmiş Patruşeviç Banqkoka fevralın 27-də gəlib.

Peskov deyib ki, bu iki hadisə arasında əlaqəyə dair istənilən mülahizə “absurddur”.

XS
SM
MD
LG