Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Türklər Tillerson-dan Gülen-i istədilər


R.Tillerson və R.T.Erdoğan

ABŞ Türkiyədə ötən ilin iyulundakı çevriliş cəhdinin təşkilində suçlanan Fethullah Gülen-in ekstradisiyasından ötrü «konkret addımlar» atmalıdır. Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu martın 30-da Ankarada mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, amerikalılar, gərəkirsə, ilahiyyatçını müvəqqəti saxlaya bilərlər. Çavuşoğlu ABŞ dövlət katibi Rex Tillerson-un bu ölkədə keçirdiyi görüşlərdən sonra danışıb.

DƏYİŞMƏYƏN SİYASƏT

«The Times» yazır ki, görüşlərdə əsasən «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədən danışıldığı bildirilsə də, türklərin prioritetləri fərqli olub. Türkiyə Gülen-in ekstradisiyasını tələb edir. Gülen ittihamları rədd edir. ABŞ isə ekstradisiyadan ötrü yetərincə dəlil təqdim olunmadığını bildirir. Bu ilin əvvəlində Avropa Birliyindən sızdırılmış kəşfiyyat hesabatında iddia olunurdu ki, çevriliş cəhdinə Gülen ardıclıları qoşulub, amma onun təşkilatçı olmasına dəlil azdır.

Gülen məsələsi və ABŞ-ın Suriyada kürd döyüşçülərinə dəstəyi NATO müttəfiqləriylə gərginliyi artırıb. Ovaxtkı prezident Barack Obama Ankaranın tələblərinə boyun əyməyib, kürdlərin YPG qruplaşmasına dəstəyi kəsməyib.

«Türkiyə ümid edirdi ki, prezident Trump-ın Ağ evə gəlişi münasibətləri yeniləyər, irəli aparar. Amma Amerikanın siyasətində çox az şey dəyişib. ABŞ hələ də israr edir ki, kürdlər İŞİD-in Suriyadakı dayaq nöqtəsi - Raqqa uğrunda döyüşlərə qatılmalı, türk əsgərləri isə kənar durmalıdır», – məqalədə vurğulanır.

«Türkiyə prezident Donald Trump ilə bal ayı keçirəcəyini gözləyirdi. Amma deyəsən, Ankarayla Vaşinqton dartışmaya doğru gedirlər, hələ boşanmanı demirik». Bunu isə «The Wall Street Journal» qəzetinin Avropa nəşri yazır.

Suriyada kürd döyüşçülər.
Suriyada kürd döyüşçülər.

İKİ TƏHLÜKƏLİ MƏSƏLƏ

Məqalədə qeyd olunur ki, prezident Recep Tayyip Erdoğan, hələlik, dilini saxlayır, Trump administrasiyasına hücum çəkmir. Dövlət katibi Tillerson da Ankarada ABŞ rəsmilərinin vacib saydığı əlaqələri saxlamaq niyyətilə danışıqlar apardı.

Amma tərəflər arasında istənilən məqamda alışa biləcək məsələlər məhz Gülen-in ekstradisiyası və Vaşinqtonun kürdlərə dəstəyidir.

«Ankara ümid edirdi ki, Vaşinqtonla münasibətlər yenidən başlaya bilər... Amma indi anlayırlar ki, Trump administrasiyası ilə əlaqələr istədikləri kimi getməyə bilər», – keçmiş diplomat, İstanbuldakı EDAM beyin mərkəzinin rəhbəri Sinan Ülgen belə deyir.

Qəzet yazır ki, münasibətlərin pozulması hansı həddə ola bilər, bax, bu aydın deyil – məsələn, ABŞ Türkiyənin İncirlik hava bazasına çıxışı itirə bilərmi? Erdoğan bu yaxınlarda Moskvanın alternativ müttəfiq ola biləcəyini söyləyib, Rusiyadan S-400 havadan müdafiə sisteminin alışına hazırlıq gedir.

V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

«Amma Vaşinqtonla fikir ayrılıqlarından asılı olmayaraq, Erdoğan Rusiyadan daha çox asılı duruma düşmək istəməz», – məqalədə vurğulanır.

DAHA BÖYÜK RAZILAŞMA ÜMİDİ

Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürd və ərəb döyüşçülər «quruda xeyli səmərəli qüvvədirlər və biz onlara dəstəyi davam etdirəcəyik. Amma əlbəttə ki, Türkiyənin narahatlığını da diqqətə alırıq», – Dövlət Departamentinin yüksəkçinli rəsmisi Tillerson-un səfəri öncəsi deyib.

Amma qəzet yazır ki, Ankaranın eşitmək istədiyi bu deyil. Hakim AKP rəsmiləri Trump administrasiyasının Suriyadakı addımlarından narazılıqlarını gizlətməyiblər. Amma indilik Türkiyə kəskin addım atmır, daha böyük razılaşmanın əldə olunacağına ümid bəsləyir.

Axı, hər iki ölkənin Suriyanın hüdudlarını aşan maraqları var. Bir türk rəsmisinin sözlərincə, Trump administrasiyası, Ankaranın dəstəyi olmasa, İranın regional gücünü məhdudlaşdıracağına ümid etməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG