Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:50

Eyforiya ilə dolu 2016-cı il


İlham Əliyev səs verərkən.
İlham Əliyev səs verərkən.

Son günləri sayılan 2016-cı ilin ölkəiçi siyasi yekununu vurmaq asan olmadı. Bu barədə söhbətlərin bir ucu mütləq Dağlıq Qarabağ münaqişəsinə, o bir ucu da iqtisadi böhrana toxundu. Konstitusiyaya edilən 30-dək dəyişiklik də xatırlandı. Amma daha çox iqtisadi böhran, aprel hadisələrinin yaratdığı eyforiya, amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda uyğun nəticənin əldə olunmaması təəssüflə vurğulandı.

Əlbəttə, başa çatmaqda olan 2016-cı ilə hərənin öz baxışı var. Onu uğurlu sayan da var, uğursuz sayan da.

Buna da bax:​ 2016: Ordunun uğuru danışıqlarda 'əridi'

“İlin mesajı ‘Uşaqlar, dəyişməlisiniz’ oldu”

Mehman Əliyev
Mehman Əliyev

“Bu ili uğurlu hesab etmək olar, çünki bu il dəyişikliklərə aparan bir başlanğıcdır”. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə düşünür: “İlin siyasi mesajı bu oldu ki, ‘uşaqlar, dəyişməlisiniz’”.

Mehman Əliyevin qənaətincə, siyasi baxımdan il onunla yadda qalır ki, hakimiyyətin apardığı və “neft pullarıyla pərdələdiyi siyasətin uğursuzluğu üzə çıxdı”, hakimiyyətin “səriştəsizliyi”, ölkənin böhrana düşdüyü bəlli oldu.

“Artıq hakimiyyət də dəyişməyin vacib olduğunu anlayır. İqtisadiyyat üçün, cəmiyyət üçün nə qədər ağır il olsa belə, mən bu ili uğurlu sayıram. Məhz bu ağır durum hakimiyyəti islahatlara getməyə məcbur edir, başqa yolu, çarəsi yoxdur. Artıq prezident iqtisadi yol xəritəsini təsdiqlədi və sənədin açıqlanacağı gözlənilir. Söhbət ondan gedir ki, bu il islahatlarla bağlı qərarverici ildir və bu baxımdan vacibdir. Onu başqa illərdən də fərqləndirən budur”, M. Əliyev belə düşünür.

Buna da bax: '2016-cı il işgəncənin leqallaşdırılması ili də adlana bilər'

“Əliyevlərin hakimiyyətdə olduğu bütün illər kimi...”

Müxalifət isə Əliyevlərin hakimiyyətdə olduğu bütün illər kimi, bunu da “itirilmiş fürsətlər ili” adlandırır. Müsavat Partiyası başqanı Arif Hacılı da bu cür düşünənlər sırasındadır və o, 2016-cı ilin “uğurlu il olmadığını, siyasi böhranın davam etdiyini” söyləyir. Bundan başqa, nə siyasi, demokratik islahatların aparıldığını, nə də Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu bildirir.

“Azərbaycanın beynəlxalq aləmdən təcrid prosesi 2016-cı ildə də davam etdi. Ölkə büdcəsi son 15 ildə ilk dəfə əsaslı şəkildə azaldı, əhalinin yoxsul təbəqəsi bir az da yoxsullaşdı. Ölkədə ən yaddaqalan hadisə, şübhəsiz, Qarabağda gedən hərbi əməliyyatlar oldu. Azərbaycan əsgəri öz şücaətini göstərdi, təəssüf ki, bu nəticə diplomatik danışıqlarda əhəmiyyətini itirdi. Əsgərimizin qazandığı uğurlar danışıqlar masasında davam etmədi”, – partiya başqanı ilə bu cür siyasi yekun vurur.

Buna da bax:​ 2016: İl boyu cəzasız qalan işgəncələr [araşdırma]

“Təzadlı ildir... Azərbaycanda sabitik qorundu”

Tahir Rzayev
Tahir Rzayev

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Tahir Rzayev başa çatmaqda olan ili “təzadlı” adlandırır, istər siyasi, istər iqtisadi kontekstdə. Dünyada gedən “müharibələri, dolaşıq gedişləri, terroru, dərinləşən böhranlar” sadalayan deputat Azərbaycanı da ayırmır, “o da dünyanın bir parçasıdır” deyir. Ancaq altını cızaraq bildirir ki, Azərbaycan hər şeyə rəğmən siyasi və iqtisadi sabitliyi qoruya bilib: “Şükür olsun ki, Azərbaycanda sabitlik ən yaxşı göstəricidir. Düzdür, dünyada gedən proseslər burda da çətinliklər yaradıb. Dolların bahalaşması, neftin ucuzlaşması və başqa amillər bizim iqtisadiyyata təsirini göstərdi. Ən yaxşı hadisə iqtisadi-siyasi sabitliyin qorunmasıdır. Mən elə bilirəm, bu sabitliyin olması bizim gələn il müəyyən problemlərdən çıxmağımıza kömək edəcək”.

Buna da bax:​ 'Cəmiyyətimizin inkişaf səviyyəsini referendum bir daha bariz şəkildə göstərdi'

Ölkənin yaşadığı böhranlı dönəmdə sabitlikdən danışmaq nə qədər yerinə düşər? Hakim komandanın üzvləri kimi Tahir Rzayev də “Azərbaycanda böhran yaşanması” fikrini rədd edir: “Bizim Qarabağ kimi problemimiz var. Torpaqların 20 faizi işğal altındadır, o torpaqlar əkilsəydi-biçilsəydi, bu qaçqınlar öz torpaqlarında yaşasaydı, bəlkə də bu böhran bizə o qədər təsir etməzdi. Ancaq biz dünyanın bir parçasıyıq, neyləyə bilərik? Neft ölkəsiyik, başqa ölkələrlə əməkdaşlığımız var, bu da bizə təsirini göstərir”.

“REFERENDUM İLİN HADİSƏSİDİR”

Deputat Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumu isə “ilin hadisəsi” sayır.

Arif Hacılı
Arif Hacılı

Amma referenduma münasibətdə fikirlər haçalanır. Arif Hacılı deyir ki, referendum nəticəsində ölkədə dəyişiklik baş versəydi, onu ilin hadisəsi saymaq olardı, ancaq indiyədək onun niyə keçirilməsinin səbəbi bəlli deyil. Mehman Əliyev başqa cür yanaşır, bu fikirdədir ki, referendum gələcək islahatların tərkib hissəsidir: “Konstitusiyaya dəyişiklik struktur dəyişikliyinə imkan yaradır. Bu da islahatları çevik aparmağa şərait yaradacaq. Yeni kadrlar gələcək. Bu referendum mesajdır. Referenduma böyük yol xəritəsinin, böyük planın tərkib hissəsi kimi baxmalıyıq”.

Buna da bax:​ 'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır' [video]

Mehman Əliyev 2017-ci ilin intensiv keçəcəyini, islahatlarla yadda qalacağını düşünür. O, başqa yol görmür. Tahir Rzayevsə Qarabağ münaqişəsinin həllini gözləyir. Deputat büdcədən silahların alınmasına, ordunun güclənməsinə böyük vəsait ayrıldığını deyir və bu məsələ həll olunarsa, ölkədə başqa siyasi, iqtisadi problemlərin də çözüləcəyinə inanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG