Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 13:52

Azərbaycanlı Ramil Quliyev Türkiyəyə ilk qızıl medalını qazandırdı


Azərbaycanlı Ramil Quliyev Londonda keçirilən Dünya Atletika Çempionatında 200 metrə qaçışın qalibi olaraq Türkiyəyə ilk qızıl medalını qazandırıb.

Bu qaçışda qələbəsi gözlənilən Wayde Van Niekerk gümüş medala sahiblənib.

Cənubi Afrikalı qaçışçı, beləliklə 1995-ci ildə həm 400, həm də 200 metrlik məsafəyə qaçışın qalibi olmuş Michael Johnson-un uğurunu təkrar edə bilməyib.

Quliyev 200 metrlik qaçışı 20, 09 saniyəyə başa vurub. Trinidad və Tabaqodan olan Jereem Richards 20, 11 saniyə ilə üçüncü yeri tutub.

Britaniyalı Nethaneel Mitchell-Blake yalnız 4-cü yeri tuta bilib. Ona xəstəliyi ilə əlaqədar çempionatın normativini yerinə yetirmək üçün çərşənbə günü tək qaçmaq imkanı yaradılmışdı.

Bu da qeyd olunmalıdır ki, qaçışı şərh edən Britaniya telekanalları Ramil Quliyevin Azərbaycandan olduğunu təkrar-təkrar vurğulayırdılar.

BBC Sport proqramının müxbiri isə qaçışdan sonra çoxlarını maraqlandıran sualı ona verib.

Müxbir ondan nə üçün Azərbaycanın adından çıxış etmədiyini soruşub.

Ramil Quliyev bu suala neytral cavab verib və deyib ki, onun üçün qızıl medalı qazanmaq ən böyük arzu idi.

Quliyev qələbəsini Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırmaqla qeyd edib.

O Türkiyə vətəndaşlığını 2011-ci ildə qəbul edib. Ramil Quliyev 200 metrlik məsafəyə qaçışın ikinci avropalı çempionudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG