Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

‘Qızıl Məryəm’in qətlinə görə qızına 18 il həbs verildi


Məryəm Nametzadə
Məryəm Nametzadə

Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi, "Qızıl Məryəm" ləqəbi ilə tanınmış Məryəm Nametzadənin qətlilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu qətldə suçlanan üç nəfərə hökm oxunub və onlara birlikdə 47 il həbs cəzası verilib.

Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyasının verdiyi hökmlə bu qətldə suçlu bilinənlərdən Məryəm Nametzadənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova 18 il, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov 10 il, 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov isə 19 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Biznesmen qadının qətli ilə bağlı tutulan var

Hadisə baş verərkən Nicat Eyvazov yetkinlik yaşına çatmayıb. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxsə verilən cəza 10 ildən çox ola bilməz.

Günel Hüseynova Məryəm Nametzadənin yeganə övladı olub. Onun da bir azyaşlı qızı var. Nənəsinin qətli və anasının həbsindən sonra o, uşaq evinə verilib. Amma Məryəm Nametzadənin hüquqi varisi kimi həmin uşaq tanınıb.

Günel Hüseynova ittihamı qəbul etmir və özünü təqsirli bilmir. O, məhkəmədə ifadə verərkən anasının qətlinə görə vaxtilə sevdiyi şəxsi ittiham edib. Deyib ki, sevgilisi Asim Məmmədov anasını borca görə öldürüb. Onun sözlərinə görə, Asim anasından xeyli qızıl alıb, amma pulunu verməyib. Bu zəmində aralarında tez-tez mübahisə olub: "O, pulu ödəməmək üçün anamı öldürdü".

Buna da bax:​ 'Qızıl Məryəm'in qızı: 'Anamı sevgilim öldürüb'

Amma Asim Məmmədov Günelin yalan danışdığını deyib. O, Məryəm Nametzadədən qızıl aldığını təsdiqləsə də, onun pulunu ödədiyini vurğulayıb: "Bu hadisənin mənə heç bir aidiyyəti yoxdur".

Günel Hüseynova hökmdən apelyasiya şikayəti verəcək.

Məryəm Nametzadə 2016-cı il yanvarın 5-də qətlə yetirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG